Baş səhifə
Ismət (peyğəmbərin günahsızlığı) haqqındadır | Baxış: 915 | Tarix: 2013.06.17

 

Peyğəmbərlik (nübüvvət) günahsızlıq (ismət) tələb edir. Bəzi adamlar risalət (peyğəmbərlik) vaxtından başqa, bəziləri isə dəvət (dini təbliğat) zamanından başqa peyğəmbərin kiçik günahlar etməyini cayiz (yolveriləsi bir iş) hesab edirlər. Bəziləri peyğəmbərin peyğəmbərliyə çatmazdan əvvəl böyük günahlar, bəziləri isə, istər peyğəmbərlikdən əvvəl, istərsə də peyğəmbərlik dövründə kiçik günahlar etməsini cayiz bilirlər. Peyğəmbərin günahsız olmasını rədd edənlər bir neçə səbəbə əsaslanırlar. Birincisi, Quranda açıqcasına qeyd edilən sözlərə. Məsələn; “Adəm günah etdi” Tanrı gördü ki, sən (Məhəmməd) azmısan və səni yola gətirdi” sözləri və Quranın açıqcasına göstərdiyi bu kimi ayələri. İkincisi, İsmət (məsumluq, günahsızlıq) elə bir xüsusiyyətdir ki, ona malik olan şəxsi günah etməkdən çəkindirir. Əgər belə bir xüsusiyyət peyğəmbərdə olarsa və buna görə o, günah etməzsə (günah edə bilməzsə) deməli, o, səvaba (Tanrı tərəfindən verilən mükafata) layiq olmaz. Üçüncüsü, Allah özü demişdir: “De ki, mən sizin kimi adamam”. Bu o deməkdir ki, insan günahsız ola bilməz. Belə olmasaydı, onunla mələklərin fərqi olmazdı. Lakin birinci dəlilə iki yolla cavab vermişlər (rədd etmişlər). Birincisi. Quran təfsir edilə bilər (təfsir ilə aydınlaşar) və onu təfsir etməkdən heç bir zərər gəlməz. İkincisi müarizə (bir yerə sığa bilməyən fikirlərin ziddiyyəti) vasitəsilə aydın olar, çünki əgər müəyyən bir ayə yalan ola bilən bir günaha dəlalət edərsə, eyni zamanda həmin günahın düzgünlüyü ehtimalının olmamasını da doğurmuş olur. İkinci dəlilə isə iki yolla cavab vermişlər. Birincisi. Məsumluq, aid olduğu şəxsin günah etməsinə mane olsa belə, həmin şəxsin ixtiyarını (azadlığını) əlindən almır. Necə ola bilər ki, bir şəxs ibadətə aid işin kəmiyyəti, növü və gecikməsi barədə faili-muxtar (sərbəst fəaliyyətdə) olsun, lakin ibadət ilə günahı bir-birindən seçib ayırmaq işində faili-muxtar olmasın?! İkincisi. Günah etmə elə bir işdir ki, cəza ilə nəticələnir. Günah etməmək isə sabit bir şey (fəaliyyət) deyildir. Günah etməmək insanın öz vəziyyətində qalmasından (fəaliyyətsizliyindən) ibarətdir. Halbuki ancaq əməllər (fəaliyyətlər) səvaba layiqdir. Üçüncü dəlilə isə üç yolla cavab vermişlər. Birincisi, insanda günahsızlıq (ismət) əsasdır. Günah isə sonradan baş verən bir işdir və əməlin şüurlu olaraq yerinə yetirildiyi zaman baş verir. Nə üçün bəzi şəxslərdə əsas vəziyyətin davamı və bu vəziyyətin təsadüfi olaraq baş verən bir iş vasitəsilə dəyişilməməsi mümkün olmasın? İkincisi. İnsanlarda adət fitri bir xüsusiyyətdir. Nə üçün bəzi şəxslərin, ibadətə çox məşğul olduğuna görə, günaha heç də etina etməməsi mümkün olmasın? Üçüncüsü. Günah elə bir tərkib hissəsi deyildir ki, onsuz insan mükəmməl olmasın. Bəzi şəxslərin öz tanrısına qətiyyən müxalifət etməməyə müvəffəq olması nə üçün qəbul edilməsin?