
Qurani-kərimdə tövhidi bəyan edən ayələr bəzən birbaşa, bəzən peyğəmbərlərin dilindən nəql olunur. Öncə tövhid göstəricisi olan üç ayə qeyd edirik. Sonra həzrət İbrahimin (ə) dilindən nəql olan və tövhidə dəlalət edən ayələri oxucuların nəzərindən keçirəcəyik.
1. "Əgər (yerdə və göydə) Allahdan başqa tanrı olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!"(1)
2. "Allah (Özünə) heç bir övlad götürməmişdir (nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır!"(2)
3. (Ya Rəsulum!) De: “Əgər Allahla yanaşı, (müşriklərin) dedikləri kimi, tanrılar olsa idi, onlar ərş sahibinə (yaxın düşmək, yaxud onunla vuruşmaq üçün) bir yol axtarardılar”.(3)
Bu məqalədə həzrət İbrahim (ə) peyğəmbərin dilindən nəql olan tövhid ayələrini bir neçə bölmədə araşdıracağıq.
Birinci bölmə:
Tövhid məsələsini açıqlayan ayələrdən biri də Məryəm surəsinin 42-ci ayəsidir; bu ayədə həzrət İbrahimin (ə) Azərlə etdiyi mübahisə nəql olunur:
"O, bir zaman atasına belə demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?"
Bu ayədən nəticə çıxarmaq olar ki, həzrət İbrahimin (ə) məqsədi, məhz həqiqi məbuda, insanın bütün əməllərinə nəzarət edən və onun ehtiyaclarını təmin etməyə qüdrəti olan Rəbbə itaət etməkdir. Belə bir varlıq məhz Allahdır. "... O, (hər şeyi) eşidəndir, biləndir."(4) İbadət və sitayiş olunan bütlər isə həqiqi rəbb üçün qeyd etdiyimiz xüsusiyyətlərin heç birinə malik deyillər. Belə olduqda insan necə bütlər önündə başını torpağa qoyub onlara ibadət edir!?
İkinci bölmə:
Tövhid məsələsinə işarə edən başqa ayələr Şüəra sürəsinin 70-74-cü ayələridir. Bu ayələr həzrət İbrahimin atası və tayfası ilə etdiyi mübahisələrdən danışır:
"O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər. (İbrahim) Demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?” Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” – deyə cavab vermişdilər".
Bu ayələr və həzrət İbrahimin verdiyi suallardan məlum olur ki, Quranda həqiqi rəbb, öz bəndələrinə fayda vermək və hər hansı bir ziyanı onlardan dəf etməyi bacarandır. Bunların heç birini bütlər bacarmır. Məhz Allah belə işlərin öhdəsindən gəlməyə qadirdir. "... Həqiqətən, Allah hər şeyə qadirdir."(5)
Üçüncü bölmə:
Qurani-kərim bu ayələrdə Həzrət İbrahimin (ə) qövmü ilə etdiyi mübahisələrə və Həzrəti İbrahimin (ə) bütləri sındırmağına işarə edir:
“Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər.”
(İbrahim onlara: ) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmışsınız!” – demişdi. Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda (İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm! Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam! (Başlarına bir oyun açacağam!)” (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır). (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) Dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!” (Müşriklərin bəziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər. (Qalanları: ) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” – dedilər. (Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular. (İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz-özünüzə zülm edirsiniz)”, - dedilər. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski etiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər. (İbrahim) Dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Uff sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?”(6)
Eləcə də Bəqərə surəsinin 258-cı ayəsində həzrət İbrahimin Nəmrudla həmin mövzu (tövhid) barəsində etdiyi mübahisələrə işarə olunur:
"(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!"
Dördüncü bölmə:
Ənam surəsinin 76-80-cı ayələri də tövhidə dəlil olan ayələrdəndir. Bu ayələrdə həzrət İbrahimin (ə) günəşpərəst, ulduzpərəst və aypərəst insanlarla etdiyi mübahisələr bəyan olunur:
"Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi. (Daha sonra) Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) Batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzaqam! Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) Dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram (onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?"
Qeyd etdiyimiz ayələrdən bir neçə nəticə alırıq ki, onlara işarə etmək zəruridir.
1.Şiənin əqidəsinə əsasən peyğəmbərlər əqli və nəqli (Quran və hədislər) əsaslara görə məsumdurlar. Belə olduqda Həzrət İbrahim (ə) səmada olan (günəş, ay və ulduzlar) kimi cismləri rəbb bilmirdi. Onlara bu cismlərin rəbb olmadığını başa salmaq üçün bu üsuldan istifadə etdi.
2.Ayələrdən əldə olan ikinci məsələ həzrət İbrahimin sözüdür: “...Mən batanları sevmirəm.” Bu ayədən iki nəticə almaq olar:
a) Həqiqi rəbb həmişə öz bəndələri ilədir. Heç vaxt onlardan uzaqlaşmaz. Qurani- kərim bu barədə buyurur: "...Siz harada olsanız, O sizinlədir..."(7) "...Biz ona şah damarından da yaxınıq!(8)
b) Həqiqi rəbb həm də ibadət üçün ən layiqli varlıqdır.
3.Həqiqi rəbb hidayət etmək xüsusiyyətinə malik olmalıdır. Həzrət İbrahim səma cismlərinin batdığını gördükdə buyurdu: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım.”
Bu barədə Quranda buyurulur: "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq...."(9)
“Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüz doğru yolu tapa bilməzdik..."(10)
"Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir!"(11)
4. Həzrət İbrahimin (ə) mübahisə metodu, qeyd etdiyimiz ayələrdən əldə olan sonuncu nəticədir. Belə ki, o, kafirlər və müşrikləri özünə cəzb etmək və onlara nüfuz etmək üçün öncə onların bu əqidə və əməllərini məzəmmət etmir. Sadəcə mülayim şəkildə "mən batanları sevmirəm" dedi. Növbəti mərhələdə onların vicdanını oyatmaq məqsədilə buyudu: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım.” Nəhayət sonuncu mərhələdə şiddətli və sərt şəkildə “ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzaqam!- dedi.
Əlavələr:
1- Ənbiya surəsi, 22-ci ayə.
2- Muminun surəsi, 91-ci ayə.
3- İsra surəsi, 42-ci ayə.
4- Ənkəbut surəsi, 60- cı ayə.
5- Bəqərə surəsi, 20-ci ayə.
6- Ənbiya surəsi, 53-67-ci ayələr.
7- Hədid surəsi, 4-cü ayə.
8- Qaf surəsi, 16-cı ayə.
9- Ənkəbut surəsi, 69-cu ayə.
10- Əraf surəsi, 42-ci ayə.
11- Ləyl surəsi, 12-ci ayə.