Baş səhifə
Həzrət Məhəmmədin (s) siması Nəhcül-bəlağədə | Baxış: 478 | Tarix: 2013.06.10

 

Allahın rəhmət və mehribanlıq elçisi, vəhyinin əmanətçisi, peyğəmbərlərin sonuncusu, cənnət müjdəçisi, əzabdan qorxudan, doğru yol bələdçisi, bəndələrin başçısı həzrət Muhəmməd (s) Quranla bütün peyğəmbərlərdən sonra göndərilərək vəhyə xitam verdi. Allah onu elm və peyğəmbərlik nuru ilə göndərərək bütün yaranmışlardan üstün etdi. O həzrət məmur olduğu əmri bəyan edib Rəbbinin göstərişlərini bəşəriyyətə çatdırdı. Həzrət Muhəmməd (s) nəsihət, doğru yol, hikmət, bilik və gözəl öyüdlərlə camaatı Allaha itaət etməyə, Ona tabe olmağa dəvət etdi. Xalq arasında əmanətdarlıq və səxavətlə tanındı. Ömrünün sonunadək bəşəriyyətin ondan gördüyü təkcə yaxşılıq oldu. Allahın dini uğrunda cihad edib onun düşmənlərinə qalib oldu. Həzrətin (s) camaat arasıında olması ən böyük nemət idi. Əmirəlmöminin (ə) buyurub: “Yer üzündə Allah əzabından pənah aparılacaq iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin aranızdadır. Ona görə də ondan yapışın (onu qoruyub əməl edin). Əldən çıxmış sığınacaq Allahın peyğəmbəri idi. Qalan sığınacaq isə istiğfardır (günahlar üçün əfv diləməkdir).(1) Allah-taala Ənfal surəsinin 33-cü ayəsində buyurur: “Nə qədər ki, sən onların arasındasan Allah onlara əzab verən deyildir.(Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!” Yoxarıda o həzrətin (s) haqqında yazılan gözəl xüsusiyyətlər hikmətlə dolu “Nəhcül-bəlağə”-də görmək olar . Bu kiçik yazıda həmin xüsusiyyətlərin bir qisminə işarə edirik: 1. “Allah-taala (yaxşı və pis əməl sahiblərinə) şahid və sübut olmaq, (yaxşı insanlara əməllərinin mükafatına görə) müjdə vermək, (günahkarları ilahi əzabdan) qorxutmaq üçün Muhəmmədi (s) peyğəmbərliyə seçdi. Uşaqlıqda və kiçik yaşlarında yaradılmışların ən yaxşısı, ixtiyar çağında (qırx yaşında) onların ən səxavətlisi və seçilmişi, təbiəti və xilqəti bütün paklardan daha pak (Adəmdən (ə) Abdullaha qədər həmişə peyğəmbərlərin və onların vəsilərinin belində olmuşdur) və bəxşişi rəhmət yağışını istəyənlərin təvəqqisində daha çox idi.”(2) 2. “Böyük Allah həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.”(3) 3. “Böyük Yaradan həzrət Mustafanı məxluqları Allahın yoluna dəvət etmək və (qiyamətdə) onların ibadətlərinə və günahlarına şahid, sübut olmaq üçün göndərdi. (O, vəzifənin icrasında) heç bir süstlük, təqsir və səhlənkarlıq olmadan Allahının hökmlərini təbliğ etdi, Allah yolunda onun düşmənləri ilə üzr, bəhanə gətirmədən və zəifliyi, gücsüzlüyü yaxına qoymadan döyüşdü. Odur pərhizkarların rəhbəri və hidayət olanların (doğru yolu taparaq xilas olmaq istəyənlərin) gözü.”(4) 4. “Allah-təala Həzrət Mustafanı (dünya əhlinin qəlblərini) işıqlandıran (peyğəmbərliyin) nur, aşkar dəlil və sübutu ilə (möcüzələrlə), aydın yolla (İslam dini) və yol göstərən kitabla (Qurani-Kərim) seçdi. Onun əhli-beyti ən yaxşı əhli-beyt, şəcərəsi (o Həzrətin ata-babası) ən gözəl şəcərədir. Bu şəcərənin budaqları birbaşa və düz, (o böyük şəxsin əhli-beyti haqq işdə ifrat və azlıqdan-yəni, həddi aşmaq və təqsirdən uca və təmizdir) meyvələri yerə dağılmışdır. (Elmlərinə və maarifinə hamının əli çatandır). Dünyaya gəlməyi Məkkədə, hicrəti Mədinəyə olmuşdur. Orada onun adı ucalmış, dəvətinin səs-sədası yayılmışdır. (Oranın «ənsarlar» adlanan sakinləri kafirlərlə döyüşlərdə və düşmənləri məğlub etməkdə həzrətə kömək etmişdir). Allah-taala onu kifayət edən dəlil (o həzrətin digər möcüzələrindən əlavə Qurani-Kərim də peyğəmbərliyini sübut etmək üçün kifayətdir) və şəfa verən nəsihətlə, (qəlblərin xəstəliklərinə şəfa bəxş edən o Həzrətin sünnəsi və ehkamları ilə) və (İslama doğru) tədarük görən dəvətlə göndərdi. (Cahiliyyət dövründə aradan getmiş din və dünya işlərini bərpa etdi.) O həzrətin vasitəsilə məlum olmayan şəriət hökmlərini aşkarladı, (cahiliyyət dövrünün) nadürüst bidətlərini məhv etdi və (Quran və sünnədə) bəyan etdiyi hökmləri üzə çıxardı...”(5) 5. Həzrət Əli (ə) buyurur: “Şəhadət verirəm ki, Muhəmməd (s) onun bəndəsi, seçilmiş elçisi və saleh əməlli sevimlisidir…Allah onu (insanların qəbul etmələri labüd olan və dəlil gətirmək məqamında kifayət edən) vacib və lazımi dəlillər, aşkar qələbələr və açıq-aydın yol ilə göndərdi. Buna görə o həzrət…insanları, nümayəndəsi olduğu doğru yola apardı, həmçinin İslamın kəndirlərini möhkəmləndirdi, iman və yəqinin dəstəklərini bərkitdi”(6) 6. O həzrət başqa bir xütbədə buyurub: “Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu, o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər.”(7) 7. İmam Əli (ə) Allahın Peyğəmbərini (s) qüsl verib kəfənləyərkən buyurduğu kəlamlarındandır: “Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Həqiqətən sənin ölümünlə başqalarının (digər peyğəmbərlərin) ölümü ilə kəsilməyən şey (peyğəmbərlik), ilahi hökmlər və səma xəbərləri kəsildi. (Sən öz müsibətində) tək və yeganəsən. Belə ki, digər müsibətlərə təsəlli verənsən. (Çünki sənin müsibətin bütün müsibətlərdən böyükdür.) (Öz vəfatınla dünyadan köçməyinlə isə) ümumisən. Belə ki, insanlar səndə (sənin matəmində) yeksandırlar. (Bu müsibətdə heç kəs kədərsiz deyil.) Əgər səbrliliyə əmr edib nalə, fəryad və fəğan qoparmaqdan çəkindirməsəydin, (sənin ayrılığına görə çox ağlamaqla) həmişə göz yaşlarımın bulaqlarını qurudardım və dərd-qəm daimi və hüzn və kədər həmişə bərqərar olardı. Sənin müsibətində göz yaşının quruması, hüzn və kədərin daimi olması azdır. Amma ölüm elə şeydir ki, onu aradan qaldırmaq mümkün deyil və onu dəf etmək imkansızdır. Atam-anam sənə fəda olsun, bizi Rəbbinin yanında yada sal və öz yadında saxla (bizi unutma və Allah-taaladan günahlarımızın bağışlanmasını istə).”(8) İmam Əli )ə( Allahın Peyğəmbərini (s) dəfn edən zaman o həzrətin qəbrinin üstündə (onun vəfatının böyük itki olması barəsində) buyurmuşdur: “Səbr gözəldir, amma səndən (ayrılmaqdan) başqa şey üçün, dözümsüzlük pisdir, lakin sənin (ölümün) üçün yox! Sənə görə (sənin vəfatın səbəbindən) yaranmış qəm-kədər böyükdür; səndən qabaqkı və səndən sonrakı kədər (sən həzrətin qəminə nisbətdə) asan və kiçikdir. Allah Onun və həzrət Əlinin şəfatini biz müsəlmanlardan əsirgəməsin! Amin!