Quranın möcüzəsi nədədir?
Quranın möcüzə olduğunu müxtəlif yollarla sübuta yetirmək olar: Fəsahət və bəlağət; fəsahət (sözlərin gözəlliyi) iki qisimdir: Fəsih kəlmə (gözəl söz) və fəsih kəlam (gözəl cümlə). Allah-taala buyurur: “Dedilər ki, and olsun Allaha! Sən Yusifi o qədər yada salırsan ki, ya ölüm astanasındasan, ya da həlak olacaqsan.”[1] Ayədəki “təftəu” və “hərəzən” sözləri olduqca ağır əda edilir. Amma cümlənin gedişində uyğun sözlər heç bir çətinlik yaratmadan tələffüz olunur. Ayələrdə oxuyuruq: “Adəmin iki övladının əhvalatını onlara danış: Allaha yaxınlaşmaq üçün onların hər biri bir iş gördü. Amma birindən qəbul olundu, o birindən yox. (Qardaşlardan biri) Dedi: “Hökmən səni öldürəcəyəm.” (Digər qardaş) Dedi: “(Mənim günahım nədir ki?) Allah yalnız təqvalılardan qəbul edir.” Ağır hərflərdən sayılan “qaf” hərfi bu ayədə 11 dəfə təkrarlanır. Bu ayə olduqca mütənasibdir. Bəlağət dedikdə isə sözün gözəlliyi ilə yanaşı onun hala uyğun olması nəzərdə tutulur. “Ənam” və “İsra” surələrində vahid bir məzmun iki təbirlə ifadə olunur: “Övladlarınızı fəqirliyə görə öldürməyin, biz sizə və onlara ruzi verərik.”[2] “Övladlarınızı fəqirlik qorxusundan öldürməyin, biz onlara və sizə ruzi verərik.”[3] Birinci ayədə öncə atalar, ikinci ayədə öncə övladlar yada salınır. “Min imlaqin” və “xəşyətə imlaqin” təbirlərindən aydın olur ki, birinci ayədə hazırda yoxsulluq içində yaşayanlar, ikinci ayədə övladlar doğulacaq təqdirdə yoxsulluqdan qorxanlar nəzərdə tutulur. Quranda üslub və bəyan möcüzəsi; Qurani-kərim cəmi 23 il ərzində nazil olsa da, onun bütün surə və ayələrində eyni bir üslub izlənilir. Əgər Quran insan sözü olsaydı, bu ehtimal özünü üslublarda göstərməli idi. Axı insan dəyişkən ruhiyyəyə malik varlıqdır. O bəzən şad, bəzən qəmgindir. Əgər Quran insan sənəti olsaydı onun ruhiyyəsindəki təbəddülatlar Qurana sirayət edərdi. Qurandakı məzmun həmahəngliyi; Quranın digər möcüzəsi Quran ayələri məcmusunun məzmun, mahiyyət və məqsəd baxımından həmahəngliyidir. Quran çeşidli mövzularda danışır. Bu vaxtadək uyğun mövzuları sadalayıb qurtaran olmamışdır. Hansı ki, istənilən bir mövzudakı ayələr arasında zərrəcə ziddiyyət nəzərə çarpmır. Tarixi baxımdan Quranın möcüzə olması; Peyğəmbərlərin və səmavi kitabların Quran baxımından yetərincə uca məqamı var. Bununla belə, Quran qeyd edir ki, uyğun səmavi kitablar dəyişdirilmiş, insanlar öz mənafelərinə uyğun müdaxilələr etmişlər. Allah-taala buyurur: “Bəzi yəhudilər sözlərin yerini təhrif edir.”[4] Quran isə təhrifdən amanda qalmış yeganə İlahi kitabdır. Qanunçuluq baxımından Quranın möcüzə olması; İslam qanunlarındakı İlahiliyi dərk etmək üçün onun səciyyələrindən agah olmaq lazımdır. a) İslam qanunları bəşər mədəniyyətinin bütün yönümlərinə uyğundur; b) Quranın bütün göstərişləri insan fitrəti və mənəviyyatının tələblərinə əsaslanır; c) Quran insanın bütün varlığını, həm cismini, həm də ruhunu nəzərə almışdır; d) Quran qanunları bütün prizmalardan tənzimlənmişdir. İnsan xoşbəxtliyinə faydalı şeylər zəruri, zərərli şeylər isə haram sayılmışdır; q) Quran qanunlarının icrası üçün zəmanət var; e) İslam qanunları kompleks və əhatəlidir. Zaman ötdükcə bəşəriyyətin rastlaşdığı yeni problemlər İslam qanunlarının fövqünə qalxa bilmir. İslam qanunlarına əsasən istənilən bir mövzu ilə bağlı hökm çıxarmaq mümkündür. 6. Qeybi xəbərlər baxımından Quranın möcüzə olması; Ərəb dilində “qeyb” dedikdə örtülü və gizli mənası anlaşılır. İnsan hissiyyatından yuxarı nə varsa qeybdir. Quranın qeybi xəbərləri bir neçə sahəni əhatə edir: “Təbiət üstü aləm”; “yaranış sirləri”; “keçmiş insanların vəziyyəti”; “gələcək hadisələrlə bağlı xəbərlər”; “Quran misilsiz və əvəzolunmazdır”;[5] “Rum məğlub olduqdan az sonra qalib gələcək.”[6] “Quran Allah tərəfindən qorunur.”[7] “İnsan öz ilkinə qayıdacaq.”[8] “Müsəlmanlar məscidul-hərama daxil olacaq”[9] “Bəşəriyyət İslamı qəbul edəcək.”[10] “Bu qarşıdurmada öldürülənlər və qaçanlar olacaq.”[11] “Əbu Ləhəbin ölüm xəbəri”[12] “Vəlid küfr halında ölər”[13] “Quran təhrif olunmayacaq.”[14] 7. Əqli maarif baxımından Quranın möcüzə olması; Quranın əqli maarifi geniş mübahisə pridmetidir. Bu məzhəbi ideoloji və dini fundamental mövzulardan bəzilərini nəzərdən keçirək: a) Allahşünaslıq və fitrət məsələsi; Allah-taala buyurur: “Hənif (mötədil və haqq) dinə üz tut, fitrət ayinlərinə diqqət yetir. Həmin pak ayinlər ki, Allah bütün bəşəriyyəti bu fitrət ayinlərində yaratmışdır. Allahın xilqəti dəyişməzdir. Budur möhkəm, dəyişməz İlahi ayin, amma çoxları bilməz.”[15] b) Təslisin (üç üqnumun) puça çıxarılması; Allah-taala buyurur: “Allah üçdən biridir deyənlər şübhəsiz kafir oldu.”[16] Başqa bir ayədə oxuyuruq: “Allaha və Onun peyğəmbərinə iman gətirin, Allah üçdür deməyin.”[17] Növbəti ayədə buyurulur: “Biz səndən öncə elə bir peyğəmbər göndərmədik ki, ona məndən başqa məbud yoxdur deyə vəhy etməyək. Yalnız Mənə pərəstiş edin.”[18] v) Quran baxımından təkallahlıq; Allah-taala buyurur: “Ondan savay məbud yoxdur; əgər olsaydı hər məbud öz məxluqunu idarə edərdi, onlardan bəzisi bəzilərindən üstün olardılar.”[19] Başqa bir ayədə oxuyuruq: “Əgər göylərdə və yerdə Allahdan savay məbud olsaydı (varlıq nizamı) məhv olardı. Ərşin Rəbbi onların aid etdiyi sifətlərdən pakdır.”[20] q) Allahın nəhayətsiz əhatəsi; Quranda buyurulur: “Əvvəl və son, aşkar və gizlin Ona məxsusdur.”[21] Başqa bir ayədə oxuyuruq: “Harada olsanız o sizinlədir.”[22] Növbəti ayədə oxuyuruq: “Biz ona boyun damarından da yaxınıq.”[23] Başqa bir ayə: “Haraya üz tutsanız Allah oradadır.”[24] Həzrət Əli (ə) buyurur: “Nəyi görürəmsə ondan öncə, ondan sonra və onunla yanaşı Allahı görürəm.” ğ) Quranda Allahın sifətləri; Allah-taala buyurur: “Allahdan savay məbud yoxdur, aşkarı və gizlini bilir. O rəhman və rəhimdir.”[25] Növbəti ayədə buyurulur: “O yeganə məbuddur. Əsl hökm və mülk sahibidir. İstənilən bir eybdən pakdır. Kimsəyə sitəm qılmaz. Əmin-amanlıq verər. Hər şeydən muğayatdır. Qüdrətli və yenilməzdir. Onun icazəsi ilə hər iş islah olar və əzəmətə layiqdir. Allah ona şərik qoşulması sifətindən pakdır.”[26] Digər bir ayədə oxuyuruq: “O xəlq edən Allahdır. O misilsiz, oxşarsız yaradandır. Onun gözəl adları var. Göylərdə və yerdə olanlar ona təsbih deyir. O yenilməz və hikmət sahibidir.”[27] d) Allahın elmi əhatəsi; Allah-taala buyurur: “Mövcudları yaradan onların halından xəbərdar deyilmi?! O xəbərdar və agahdır.”[28] Digər bir ayədə oxuyuruq: “Biz insanı yaratdıq və onun nəfsinin vəsvəsələrini bilirik. Biz ona boyun damarından daha yaxınıq.”[29] Növbəti ayədə oxuyuruq: “Yerə nazil olanı və yerdən xaric olanı, səmadan enəni və səmaya qalxanı bilir. Harada olsanız sizinlədir. Allah etdiyiniz əməlləri görür.”[30] Növbəti ayədə oxuyuruq: “De ki, əgər dəryalar Rəbbimin sözləri üçün mürəkkəb olsa, sözlər tükənməmiş dəryalar tükənər.”[31] e) Allahın qüdrət və əzəməti; Allah-taala buyurur: “Sizi hamılıqla yaratmaq və (qiyamətdə) ayağa qaldırmaq bir nəfər (şəxsi) yaratmaq və ayağa qaldırmaq kimidir.”[32] j) Allah cisim deyil, gözə görünmür. Qurani-kərimdə buyurulur: “Onun misli yoxdur.”[33] Başqa bir ayədə buyurulur: “Gözlər Onu görməz, amma O bütün gözləri görür.”[34] 8. Əsrin elm zirvəsindən Qurana baxış; Müsəlmanların Yunan elmi ilə tanışlığı, Quranın təcrübi elmlərlə tətbiqi yeni təfsirlərin ortaya çıxmasına səbəb olmuşdur. Bu təfsirlər sadəcə elmi təfsirlər adlanır. Son iki əsrdə qərbdə elmi-texniki tərəqqidən sonra uyğun təfsirlər daha çox yazılmışdır. Təcrübi elmlərlə izah edilən Quran ayələrini nəzərdən keçirək: 1) Yaranışın başlanğıcı; Dünyanın ilkin yaranışı həmişə bəşər düşüncəsini özünə məşğul etmişdir. Qurani-kərim bir çox ayələrində bu məsələyə işarə edir. Tarixçi və arxeoloqların da bu barədə maraqlı fikirləri var. Quranda buyurulur: “Sonra səmanın yaranışına başladı. Bir halda ki, (öncə) tüstü şəkilində idi.” Başqa bir ayədə oxuyuruq: “Yoxsa kafirlər görmürlər ki, göy və yer bitişikdi və biz onları bir-birindən ayırmışıq?!”[35] Bəli, ilkin yaranışda səmalar qatı tüstü şəkilində olmuşdur. Son elmi nailiyyətlər əsasında uyğun mülahizələr təsdiqlənir. Alimlər bildirir ki, 20 milyona yaxın mövcud olduqca kiçik bir nöqtədə sıxılmış vəziyyətdə imiş. Böyük enerji sayəsində partlayış vermiş və işıq sürəti ilə hər şey dağılmışdır. Sonradan maddə və enerji ayrılmışdır. Bu gün müşahidə etdiyimiz bütün göy cisimləri həmin partlayış nəticəsində yaranmışdır. Hələ hazırda da kainatın ucqar nöqtələrində sıxılmış vəziyyətdə ulduz toplumları var. 2) Cazibə qüvvəsi; ümumi cazibə qüvvəsi dedikdə böyüklü-kiçikli cisimlərin bir-birinə təsiri nəzərdə tutulur. Bu qüvvə cismin kütləsi və cisimlər arasındakı məsafədən asılıdır. Yəni cisim nə qədər ağırdırsa, onun cazibə qüvvəsi də çox olur. Məsələn, günəş yerdən 330 min dəfə ağırdır. Buna görə də onun cazibə qüvvəsi Yerdən böyükdür. Bu səbəbdən Yer Günəş tərəfindən cəzb olunur və müəyyən orbitdə hərəkət edir. Ayın çəkisi Yerin çəkisindən 81 dəfə kiçikdir. Buna görə də Ay Yer tərəfindən cəzb olunub, onun ətrafında hərəkət edir. Mərkəzdən qaçma qanununa əsasən bir mərkəz ətrafında fırlanan cisim təbii şəkildə həmin cisimə cəzb olunur. Ulduz sistemlərindəki, xüsusi ilə günəş sistemindəki nizamlı hərəkəti yaradan cazibə və mərkəzdənqaçma qüvvələridir. Quran bu barədə buyurur: “Allah göyləri görə biləcəyiniz sütunlarsız yaradan kəsdir. Sonra ərşi hökmü altına aldı, günəş və ayı ram etdi.”[36] Başqa bir ayədə oxuyuruq: “Allah göyü və yeri saxlayır ki, öz nizamından çıxmasın.”[37] Növbəti ayədə buyurulur: “Səmanı saxlayır ki, Onun əmri olmadan yerə çökməsin.”[38] Amma Nyuton əsrlərcə sonra ümumi cazibə qanununu kəşf etdi. Sonralar Qaliley cismin sərbəst düşməsi qanununu açıqladı. Amma bəzilərinin nəzərincə, Əbu Reyhan Biruni adı çəkilən şəxslərdən çox-çox əvvəl cazibə qanununu kəşf etmişdir. Sadəcə bu kəşf miladi XVII əsrdə Nyutonun adına yazılmışdır. 3) Günəşin hərəkət növləri; günəş Allah-taalanın Qurani-kərimdə and içdiyi ilahi nişanələrdəndir. Quranın bir sıra ayələrində günəşin hərəkətlərinə işarə olunur: a) Uzununa hərəkət; bu hərəkət günəşin kəhkəşan daxilindəki hərəkətidir. Allah-taala buyurur: “Günəş daim öz qərargahına doğru hərəkətdədir. Bu, qadir və bilən Allahın təqdiridir.”[39] Son dövrdə alimlər kəşf etmişlər ki, Günəşin uzununa hərəkəti günəş sistemi ilə birlikdə kəhkəşan arası ilə “Veqa” adlanan ulduza doğru istiqamətlənmişdir. Deyilənlər Quranın uyğun ayəsi üçün təsir ola bilər. b) Dairəvi hərəkət; bu hərəkət günəşin kəhkəşanla birlikdə hərəkətidir. Quran buyurur: “Nə günəş aya çatasıdır, nə gecə gündüzü ötəsidir. Hər biri öz yolunda üzməkdədir.”[40] Günəşin fəzada üzməsi dedikdə onun günəş sistemi ilə kəhkəşanla yanaşı aram hərəkəti nəzərdə tutulur. Artıq kəşf olunmuşdur ki, günəş sistemi əzəmətli kəhkəşanın bir hissəsi olaraq öz ətrafında hərəkətdədir. Ayədən də belə bir nəticə alınır. v) Günəşin öz oxu ətrafında hərəkəti; artıq sübuta yetirilmişdir ki, günəş öz oxu ətrafında hərəkətdədir. “Vəşşəmsu təcri li mustəqərrin ləha” təbirləri uyğun hərəkətə işarə ola bilər. q) Günəşin daxili hərəkəti; “Vəşşəmsu təcri li mustəqərrin ləha” təbiri günəşin daxili hərəkətinə də işarə ola bilər. Alimlər kəşf etmişlər ki, günəşdə daxili bir hərəkət də var. Yəni günəş planetində, onun nüvəsində enerji istehsal edən partlayışlar baş verir. Bəzən bu partlayış nəticəsində ayrılmış hissələr uzaq məsafələrə sıçrayır. d) Müəyyən zamanadək hərəkət; Quranda buyurulur ki, günəş və ay müəyyən zamanadək hərəkətini davam etdirər.”[41] Yəni elə bir gün gələsidir ki, o səmavi çıraqlar sönəsidir. Bəli, bu qiyamət gününə işarədir. 4) Yer kürəsinin hərəkəti; Allah-taala buyurur: “Dağları sakit və hərəkətsiz görürsən. Hansı ki, onlar da buludlar kimi hərəkətdədir.”[42] Yerin hərəkətini ilk dəfə Italiya alimi Qaliley kəşf etmişdir. O bu kəşfinə görə kilsə tərəfindən küfrdə suçlanmış, amma tövbə edərək canını qurtara bilmişdir. Bununla belə, uyğun kəşf Qalileyin adına yazılmışdır. Hələ Qalileydən öncə məşhur yunan alimi Pifaqor yerin hərəkətini qeyd etmişdi. Amma bunu sübuta yetirə bilməmişdi. Bəs nə üçün bu hərəkət buludların hərəkətinə bənzədilir? Iki nöqtəni nəzərdən keçirmək lazım gəlir. a) Buludlar da yerə yaxın bir sürətlə, dəqiqədə 30 km yol gedir. b) Buludlar da yer kimi aram hərəkət edir. Əlbəttə ki, yerə bitişik dağların ayrıca hərəkətindən danışmağa dəyməz. Demək, yer buludların sürəti ilə hərəkət edir. Bugünkü hesablamalara görə yer öz oxu ətrafında dəqiqədə 30 km hərəkət edir. Onun günəş ətrafında hərəkəti isə daha böyükdür. Hər halda hazırkı ayə Quranın möcüzələrindəndir. Bir daha qeyd edirik ki, yerin hərəkəti təqribən miladi XVII əsrdə Qaliley və Kopernik tərəfindən kəşf edilmişdir. Bəli, Quran min ildən də öncə bu barədə məlumat vermişdir. Quranda buyurulur: “Allah yeri sizin üçün aramlıq məhəlli qərar verdi.”[43] Quran yeri vəsf edərkən onu beşiyə bənzədir. Çünki yer eynən beşik kimi aram hərəkət edir. 5) Yerin kürə formasında olması; Allah-taala buyurur: “Yerin bərəkətli şərq və qərblərini zəifliyə düçar olunmuşlara həvalə etdik.”[44] Başqa bir ayədə oxuyuruq: “Göylərin və yerin, onlar arasında olanların Rəbbi və məşriqlərin Rəbbi.”[45] Başqa bir ayədə oxuyuruq: “And olsun məşriqlərin və məğriblərin Rəbbinə ki, biz qadirik.”[46] Seyyid Hibətullah Şəhristani deyir: “Şərq və qərb ifadələrinin cəm formada işlədilməsi yerin kürə şəklində olduğunu göstərir.”[47] Bəziləri qeyd edirlər ki, günəş hər gün yeni bir nöqtədən doğur və yeni bir nöqtədə qürub edir. Çünki ilin günləri sayda məğrib və məşriq var. Həzrət Əlidən (ə) nəql olunmuş rəvayətə əsasən, 360 şərq və qərb mövcuddur. Bu rəvayət də uyğun mənanı təsdiqləyir.[48] 6) Səmadakı canlı varlıqlar; səmada canlı varlıqların olub-olmaması bəşəriyyəti çoxdan düşündürən məsələdir. Quran səmada canlı varlıqların olduğunu bildirir: “Göylərin və yerin yaranışı və onlarda canlıların yayılması Allahın ayələrindəndir. O istədiyi vaxt hamısını bir yerə toplamağa qadirdir.”[49] “Dabbət” dedikdə ən kiçik canlılardan tutmuş ən nəhəng canlılaradək aləm nəzərdə tutulur. Bu ayə göylərdə canlı varlıqların olduğunu təsdiqləyir. İzak Amov yazır: “Dəqiq astronomik nəticələr əsasında ulduzlar tapılmalıdır. Biz yerə oxşar və üzərində canlılar gəzdirən planetləri kəşf etməliyik.”[50] Əksər astronomlar, o cümlədən Hersel bu əqidədədir ki, əksər planetlərdə əsrarəngiz bir həyat var. Əlbəttə ki, fərqli şəraitə görə canlılar da fərqlənir. 7) Dünyanın sonu; böyük qiyamət qopmamış varlıq aləmi dağılasıdır. Səmalar parçalanası, günəş tikə-tikə olası, yerdəki və göydəki canlılar öləsidir. . . Olsun ki, belə bir vəziyyət şiddətli bir zəlzələ və ya atom bombası nəticəsində yarana. Amma qiyamət günündən öncə varlıq aləmindəki parçalanma prinsipial bir məsələdir. Ayə və rəvayətlərdə deyilənlər təsdiqlənir: “Günəş və ay ram edildi ki, hər biri müəyyən vaxtadək hərəkət etsin.”[51] “O zaman ki, günəş parçalanar, o zaman ki, ulduzlar sönər.”[52] Həmin vaxt göylər də parçalanar və ulduzlar səpələnib tökülər.”[53] “Həqiqətən, qiyamət zəlzələsi dəhşətli bir işdir.”[54] “Dağlar yun kimi didilər.”[55] “O zaman ki, dəryalar kükrəyib coşar.”[56] Əliəsğər Rizvani [1] Yusuf surəsi, ayə 85. [2] Ənam surəsi, ayə 151. [3] İsra surəsi, ayə 31. [4] Nisa surəsi, ayə 46. [5] İsra surəsi, ayə 88. [6] Rum surəsi, ayə 1-3. [7] Hicr surəsi, ayə 94 və 95; Maidə surəsi, ayə 67. [8] Qəsəs surəsi, ayə 85. [9] Fəth surəsi, ayə 27. [10] Nəsr surəsi, ayə 1 və 2. [11] Ənfal surəsi, ayə 7 və 8. [12] Məsəd surəsi, ayə 1-5. [13] Müddəssir surəsi, ayə 27. [14] Hicr surəsi, ayə 9. [15] Rum surəsi, ayə 30. [16] Maidə surəsi, ayə 73. [17] Nisa surəsi, ayə 171. [18] Ənbiya surəsi, ayə 25. [19] Muminun surəsi, ayə 91. [20] Ənbiya surəsi, ayə 22. [21] Hədid surəsi, ayə 3. [22] Hədid surəsi, ayə 4. [23] Qaf surəsi, ayə 16. [24] Bəqərə surəsi, ayə 115. [25] Həşr surəsi, ayə 22. [26] Həşr surəsi, ayə 23. [27] Həşr surəsi, ayə 24. [28] Mulk surəsi, ayə 14. [29] Qaf surəsi, ayə 16. [30] Hədid surəsi, ayə 4. [31] Kəhf surəsi, ayə 109. [32] Loğman surəsi, ayə 28. [33] Şura surəsi, ayə 11. [34] Ənam surəsi, ayə 103. [35] Ənbiya surəsi, ayə 30. [36] Rəd surəsi, ayə 2. [37] Fatir surəsi, ayə 41. [38] Həcc surəsi, ayə 65. [39] Yasin surəsi, ayə 38. [40] Yasin surəsi, ayə 40. [41] Rəd surəsi, ayə 2. [42] Nəml surəsi, ayə 88. [43] Taha surəsi, ayə 53. [44] Əraf surəsi, ayə 137. [45] Saffat surəsi, ayə 5. [46] Məaric surəsi, ayə 40. [47] İslam və heyət, səh.34 və 35. [48] Təfsiri Safi, 5-ci cild, səh.229. [49] Şura surəsi, ayə 29. [50] İktişafati qərne bistom, səh.67 və 68. [51] Təkvir surəsi, ayə 1 və 2. [52] Təkvir surəsi, ayə 1 və 2. [53] İnfitar surəsi, ayə 1 və 2. [54] Həcc surəsi, ayə 1. [55] Qariə surəsi, ayə 5. [56] Təkvir surəsi, ayə 6.