
Həzrət Mehdi (ə) ilə bağlı ünvanlanmış suallardan biri də o həzrətin uşaq yaşlarında başlayan imamətidir; Belə ki, imamət kimi əhəmiyyətli bir məsələni az yaşlı bir insanın öhdəsinə qoymaq mümkündürmü? Məsum imamlar (ə) bu kimi suallar verənlərin müqabilində sərhəd keşikçiləri kimi məsələyə aydınlıq gətirərək cavab veriblər. Bu kiçik yazıda imamların nurani sözlərindən bəhrələnməzdən öncə müqəddimə olaraq imamətə etiqadın məqamını izah edirik ki, onların sözləri daha da aydınlaşsın.
İmamətə etiqad məqamı
Məsum imamlara (ə) və imamətə etiqad, şiə məzhəbində çox böyük və əhəmiyyətli məqama malikdir. Onlar imamətə olan inancı, Allaha və peyğəmbərə (s) olan inanca bərabər sayır və bu üçlüyə inancı şiəliyin əsası bilirlər. Şiənin nəzərincə Allah-taala imamət və vilayət məqamını xüsusi fərdlərə zati istedadları olduğuna görə verib və məhz Allah cəmiyyət üçün imam təyin edir. Şiə bu sarsılmaz etiqadını quran ayələri və hədislərdən əldə etmişdir ki, onların bəziləri belədir: 1) İmamət Allah tərəfindən təyin olunmalıdır: Əmr bin Əşəs deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyurur:"Siz güman edirsiniz ki, biz imamlar istədiyimiz hər bir kəsə vəsiyyət edirik? Xeyr, Allaha and olsun ki, belə deyil, İmamət Allah və peyğəmbər tərəfindən verilən bir məsuliyyət və rütbədir ki, (s) bir şəxsə digərindən sonra (bizim ailəmizdən) sahibinə çatanadək verilir". (“Usuli- kafi” c. 2, səh. 25; “Bəsairud dərəcat, səh. 480)2) İmama itaət etmək, Allaha və peyğəmbərə itaət etmək kimidir. Şiənin əqidəsinə əsasən (ulil- əmr) ayəsinin mənası məhz məsum imamlardır (ələyhimus səlam) və Allah quranda onlara itaət etməyə əmr edib:“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”1 Imama itaət etməyin vacib olduğu yerlərdən biri də canişinlikdir. Yəni bir imam məsum rəhbər kimi öz canişinini tanıtdırdıqda heç şəkk- şübhəyə yer verilməməlidir və başqalarına da vacibdir ki, onun imamətini uşaq yaşlarında olsa da belə qəbul etsinlər. 3) İmamət bir əhddir ki heç vaxt zalımlara verilməz. Allah təala həzrət İbrahimə (ə) imamət məqamını müjdə verərkən, onun, (İbrahimin) bu şərafət mənim nəslimə də nəsib olacaqmı? Sualına belə cavab verdi:“(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamət məqamına) nail olmazlar”2 4) İmamət Allahın bütün hökmlərinin canı, dinin kamilləşdiricisi və Allahın nemətlərinin tamamlayıcısıdır. Allah təala peyğəmbərliyin tamamlanmasını canişin təyin etməklə şərtləndirib buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyimiz elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan.”3 Bu əzəmətli iş həzrət Əlinin (ə) xilafət və imamətini elan etmək idi. Bizim xəyal quşumuz onun o ucalıqda olan mərifət damına necə uçub çatacaq? Bu ancaq pak nurların qüdsi nəfəs sahibinin nəvaziş əlini biz ehtiyaclıların əlini tutmaq üçün açacağı təqdirdə mümkündür. Bu nə sual və xırdaçılıqdır ki, deyək “Allah bu məqamı bir kiçik uşağa necə vermişdir?” Bu təkcə imamların aid olan bir misli görünməmiş iş deyil, ilahi peyğəmbərlərin taleyində də Allahın qüdrət əli belə bir yazını yazmışdır.
Kiçik yaşlarda nübüvvət
Allah təala bəzi peyğəmbərlərə uşaq yaşlarında peyğəmbərlik məqamı verib ki, onlardan ikisinə işarə edirik: 1- Həzrət İsanın (ə) doğulduqdan sonra peyğəmbərliyi. Allah Qurani-kərimdə həzrət İsanın (ə) hekayəsini nəql edərkən inkar edənlərin cavabında onun dilindən belə buyurur:(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.”4 2- Həzrət Yəhyaya (ə) peyğəmbərlik məqamı və kitab uşaq yaşlarında verilib.Allah bu barədə buyurur: “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.”5 Deməli qadir Allah peyğəmbərlik məqamını bir azyaşlı insana verdiyi kimi imamət məqamını da azyaşlı bir insana, bütün lazımlı xüsusiyyətlər olduqda verə bilər.Kiçik yaşlarda imamət həzrət Mehdidən (ə) öncə iki imama da (imam Cavad (ə) və imam Hadi (ə) həddi- büluğa çatmamış imamət məqamı verilib. Bu, camaatı həzrət Mehdinin (ə) uşaq yaşlarında ikən imamətini qəbul etməsinə zəmin hazırlamaqdır. İlk dəfə imamlar arasında uşaq yaşlarında imamətə, şiələrin doqquzuncu imamı çatmışdır. Bu məsələ imamət dövründə ilk dəfə olduğundan bəzilərində şəkk- şübhə və sual yaratdı. Həmin dövrdə imam Rıza (ə) məsələni aydınlaşdırdıqda və doqquzuncu imam özü izah etdikdə şiələrin ürəkləri sakitləşdi.Muəmmər bin Xəllad deyir: İmam Rızadan (ə) imamətə aid bir məsələnin izahını eşitdim ki, buyurdu:“Sizin bu mövzuya nə ehtiyacınız var? Bu əbu Cəfərdir. Onu öz yerimdə oturdub öz canişinim etmişəm” və buyurdu: “Biz bir ailəyik ki, azyaşlılarımız böyüklərimizdən varis olurlar.”6 Bu hədis imamət məqamının, yaşın azlığı və çoxluğu ilə əlaqəli olmadığını çatdırır. Səfvan bin Yəhya deyir: Imam Rızaya (ə) ərz etdim: Allah Əbu Cəfəri (ə) sizə verməzdən öncə canişininiz barədə sizdən soruşurduq, buyururdunuz: “Allah mənə bir oğul verəcək” hal hazırda onu sizə verib və bizim gözümüzü aydınlaşdırıb. Əgər sizin başınıza bir iş gəlsə kimə qoşulaq? Həzrət əli ilə qarşısında duran Əbu cəfərə (ə) işarə etdi. Ərz etdim: Sənə fəda olum! Övladının üç yaşı yoxdurmu!! Həzrət buyurdu: “Bir halda ki, İsa (ə) üç yaşında Allahın höccəti olub, bunun eybi yoxdur.”7 Əli bin Əsbat deyir: İmam Məhəmməd Təqinin (ə) mənə yaxınlaşdığını gördüm. Həzrəti şəhər əhlinə (şiələrə) təsvir etmək üçün onun boy-buxununu diqqətlə nəzərdən keçirdim. Həzrət oturub buyurdu: “Ey Əli! Allah peyğəmbərlik əmrində gətirdiyi dəlili imamət əmrində gətirib buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda)” “Qırx yaşa çatdıqda” Deməli bir şəxsə uşaq yaşlarında hikmət (peyğəmbərlik) verilə bilər. (necə ki, həzrət Yəhyaya (ə) verildi). Həmçinin qırx yaşında da verilə bilər. (həzrət Yusifə (ə) verildiyi kimi).”8 Əlbəttə imamın buyurduqları və Allahın istəyi müqabilində təzim edib onları tam razılıqla qəbul edən azad insanlar da az deyildirlər. Məhəmməd bin Həsən bin Əmmar deyir: “Mən iki il Əli bin Cəfər bin Məhəmmədin (imam Rızanın (ə) əmisi) yanında idim. O, qardaşı Musa bin Cəfərdan (ə) eşitdikləri bütün hədisləri yazırdı. Bir gün imam Rıza (ə) peyğəmbərin məscidinə daxil oldu. Əli bin Cəfər əbasız və yalınayaq tələsik onun yanına getib əlindən opdü və ehtiram etdi. Əbu Cəfər ona buyurdu: “Ey əmi! Otur! Allah sənə rəhm etsin. O, dedi: “Ey mənim ağam! Sən ayaq üstə olduğun bir halda mən necə oturum? Əli bin Cəfər öz yerinə qayıtdıqda dostları onu danlayayaq dedilər: Sən onun atasının əmisisən, onunla belə rəftar edirsən?! O, öz əlini saqqalının üzərinə qoyub dedi: “Allah bu ağ saqqalı imamətə layiq görmədi, lakin onu layiq görüb bu məqamı ona verdi. Mən onun üstünlüyünü inkarmı edim? Sizin sözlərinizdən Allaha pənah aparıram. Mən onun quluyam.”9
Sonuncu rəhbər
Şiə imamət məqamının xüsusi yaşla əlaqəli olmadığını bilərək imam Cavadın (ə) və imam Hadinin (ə) imamətində o qədər də tərəddüd etmədi. Xüsusilə də dövrün zalım hakimləri, böyük alimlərin saxta nəzərlərilə imamətə çatmış azyaşlı uşağın simasında imamət məsələsini kölgələməyə çalışsalar da, istədiklərinə nail olmadılar. Amma bu vəziyyət şiələrin sonuncu imamı barəsində dəyişdi. Çünki, o, sair imamlardan da az bir yaşda imamətə çatdı. O həzrətin təvəllüdü də (dini) məsləhətlərə görə gizli şəkildə oldu. Əvvəlki imamlar buna zəmin yaradıb şiəni bunu anlamağa hazırlaşdırmaqlarına baxmayaraq, bu bəzi şiələrin şəkk- şübhələrinə səbəb oldu və imam Həsən Əsgərinin (ə) işini çətinləşdirdi. Nomani özünün “Qeybət” kitabında imam Baqirdən (ə) nəql edir ki, o həzrət buyurdu:“Bu işin sahibi ən azyaşlımız və adı ən çox naməlum olanımızdır.”10 İsmayıl bin Bəzi deyir: Əbu Cəfərdən (ə) imamət barəsində soruşdum; - İmamın yeddi yaşdan az olması mümkündürmü? Buyurdu:“Bəli, beş yaşdan da az ola bilər."11 Həzrət Mehdini (ə) tanıtdırmaqla sair imamları tanıtdırmağın fərqi budur ki, Allah onun gizli yaşamasını istəmişdir. Ona görə də məhz xüsusi şəxslər onun doğulmasından agah oldular. Zu bin Əli, fars əhli olan bir kişidən nəql edir: Samirraya gəldim imam Həsən Əsgərinin (ə) qapısından keçirdim. Həzrət məni çağırdı. Mən evə daxil olub salam verdim. İmam buyurdu: nəyə görə gəlmisən? Ərz etdim: Sizə xidmət etmək istəyirəm. Buyurdu: Elə isə bizim qapıçımız ol! Mən xidmətçilərlə həzrətin evində idim. Bəzən bazara gedib onlara lazım olan bütün şeyləri alırdım, bəzən də kişilər evdə olduqda evə icazəsiz daxil olurdum. Bir gün həzrətin yanına getdim o, kişilərin otaqında idi. Birdən otaqda bir səs eşitdim. İmam mənə uca səslə buyurdu: Dayan tərpənmə! Mən otaqdan çıxmağa belə cürət etmədim. Sonra bir cavan kəniz qucağında uşaq qundağına oxşar bir şeylə mənim yanımdan keçdi. Bu zaman İmam (ə) məni çağırdı. Mən daxil olduqdan sonra isə kənizi çağırdı. Kəniz həzrətin yanına qayıtdı. Həzrət kənizə buyurdu: qucağındakının üzünü aç! Kəniz, parçanı qucağındakının üzərindən görtürərkən nurani və xoşüzlü bir uşağın üzünü gördüm..... Sonra İmam (ə) buyurdu: Bu sizin sahibinizdir! Daha sonra imam kənizə uşağı aparmağı əmr etdi.Bu hadisədən sonra imam Həsən Əsgəri (ə) vəfat edənə kimi mən bu uşağı görmədim".12 Əmr Əhvazi deyir: "İmam Həsən Əsgəri (ə) o həzrəti mənə göstərib buyurdu: “Bu sizin sahibinizdir”13 Sonda belə bir sual veririk: Bəzi imamların uşaq ikən imam təyin olunmasının səbəbi nədir, niyə imamət məqamı bütün imamlara həddi–büluğa çatdıqda verilmir? Nəzərimcə Allahın bütün əmrləri və müqəddəratının xeyiri bizə aydın deyil, lakin bunun bəzi ehtimal olunan səbəblərinə işarə edirik:1) Camaatı imtahan etmək: Şübhəsiz ki, qryri-adi vəziyyətdə imtahan və sınaq daha çox həqiqi şəkildə olur. Amma adi şəraitdə ilahi göstərişlərə camaatın təslim olması əhəmiyyətli sayılsa da, onun əhəmiyyəti qeyri-adi şəraitdə olduğu qədər deyil. Adi yaşlarda imamı qəbul etmək əhəmiyyətli olmasına baxmayaraq qeyri-adi vəziyyətdə (uşaq yaşlarında) imamı qəbul etmək Allahın istəyi müqabilində tam təslim olmağın əlamətidir. 2) Uşaq yaşlarında imamət bu məqamın məhz Allah tərəfindən təyin olmasına və imamın hər hansı bir yaşla əlaqəli olmamasına bir göstəricidir. Bütün imamlar yaşlı vaxtlarında imamət məqamına çatsaydılar bu məqam, imamın özünün əldə etdiyi fəzilətlərlə əlaqəli olduğu zənn edilərdi. 3) Uşaq yaşlarında imamət, bu məqamın fitri fəzilətlərə görə verildiyini və onun yüksək ruhlu xüsusi insanlara aid olduğunu aydınlaşdırır. Bunun da yaşla heç bir əlaqəsi yoxdur.
Qeydlər:
1) “Nisa surəsi, 59- cu ayə.
2) “Bəqərə surəsi, 124- cü ayə.
3) “Maidə surəsi, 67- ci ayə.
4) “Məryəm surəsi, 30- cu ayə.
5) “Məryəm surəsi, 12- ci ayə.
6) “Usuli- kafi” c. 2, səh. 104, “Əl-ixtisas” Şeyx Mufid, səh. 279, “Əl-irşad” c.2, səh. 276, “Kəşful- ğəmmə” c. 2, səh. 351.
7) “Usuli- kafi” c.1.
8) Həmin mənbə, c. 2, səh. 223, “Elamul vəri” səh. 349, “Kəşful- ğəmmə” c. 2, səh. 360, “Əl- mənaqib” c. 4, səh. 389.
9) “Usuli- kafi” c. 2, səh. 106.
10) Ən-nomani, kitabul- ğeybət, səh. 184, “Dəlailul- imamət” səh. 258.
11) “Usuli- kafi” c. 2, səh. 222, “Biharul ənvar” c. 25, səh. 103.
12) “Usuli- kafi” c. 2, səh. 119-120, hədis. 6, “Kitabul- ğeybət”, səh. 233, “Kəmalud- din” c. 2, səh. 435, hədis. 43.
13) “Usuli- kafi” c. 2, səh. 124, hədis.12, “Əl- irşad” c. 2, səh. 348, “Kitabul- ğeybət”, səh. 234, hədis. 2.