
Həzrət Mehdinin (əc) qiyamının intizarını çəkməyin lazımlığı bu gün heç kəsə gizli deyil. Həzrət Mehdi (əc) insanları insanlığın ən ali hədəfinə sövq etdirəcək, çaxnaşma ilə dolu cahanı tövhid və ədalət bayrağının altında toplayacaq birisidir. O, Quranın qanun və göstərişlərini həyatın bütün sahələrində gerçəkləşdirəcək, şərq və qərbdə olan hegemon və şeytani qüdrətləri məğlub edəcəkdir. Bu həqiqət təkcə Əhli-beyt (ə) məktəbinin davamçıları və şiələr tərəfindən qəbul olunmayıb, İslam alimlərinin hamısı həzrət Peyğəmbərdən (s) bizə çatan çoxsaylı hədislərdə bu məsələnin aydın şəkildə izah olunduğunu etiraf edirlər. İslam alimləri və rəvayətçilər aşkar şəkildə bildirirlər ki, həzrət Mehdinin (əc) zühurunu təsdiqləyən hədislər “həsən” və “səhih” hədislər hesab olunur. Bu hədislər “mütəvatidir”, onların düzgünlüyünə heç bir şübhə yoxdur.
O həzrətin zühuruna inanmaq hər bir müsəlmana vacibdir. Yalnız məlumatsız şəxslər onu inkar edirlər. İntizar, İmamın qeybdə olduğu dövrdə bizim vəzifəmizi müəyyən edən mühüm məsələdir.
Böyük rəhbərin zühurunun intizarında olmağın hazırkı əsrdə bizim ən böyük vəzifəmiz olması məlumatsız şəxslərdə təəccüb doğura bilər. “Axı intizar hansı çətinliyi həll edir?”; “İntizar işlərimizdə olan hansı düyünü aça bilər?”; “Uzun illər hansısa bir məşuqun intizarında olmağımız zehnimizi bu məsələyə məşğul etməkdən savayı intizarın yaxınlaşmasına təsir edə bilərmi?” kimi suallar bəzən təəccüb doğurur.
Amma intizar kəlməsinin əsl mənasına diqqət etsək, bilərik ki, bu kiçik kəlmədə hansı böyük sirlər gizlənib. Etiraf edək ki, intizar kəlməsi öz həqiqi mənasında dünyanı dəyişdirir və mühiti dünyəvi ədalətə hazırlayır. İntizar iki elementə ayrılır: inkar və isbat.
İnkar elementi
Bir şəxs mövcud şəraitdə məşuqa yetişmək üçün intizar çəkir, onun ayrılığına dözə bilmir. Mövcud olan şəraiti inkar etməyə çalışır.
İsbat elementi
Bir şəxs İmamın gəlməsinə bütün varlığı ilə kömək edir və çalışır ki, onun gəlişi üçün lazım olan şəraiti hazırlasın. Yəni özünü iman, etiqad və əxlaq baxımından hazırlayır, agahlıq toxumunu pak insanların qəlbində çiçəkləndirir və dünyada olan fitnə-fəsadı ifşa edir; İslam düşmənlərinə qarşı mübarizə aparır və möminləri vəhdətə çağırır; Həzrət Mehdinin(əc) dünyəvi hökumətinin sütunlarını öz gücü həddində möhkəmləndirir.
Xülasə, intizar təkcə zehni bir düşüncə yox, insanın bütün həyatını o böyük rəhbərin məktəbinə doğru yönəldən əməli bir prinsipdir.
İmam Baqir (ə) böyük zühurun intizarını çəkənlər barəsində belə buyurub: "Onlar imamətin həqiqətini dərk ediblər, böyük zühurun intizarını çəkirlər, qəlblərində xeyirli niyyətləri vardır. Onlar Allahın peyğəmbəri ilə birlikdə zülm, şirk və küfr qarşısında cihad edənlər kimidirlər. Allaha and olsun ki, onlar peyğəmbərin yanında şəhadətə çatanlar kimidirlər”.
Həzrət Mehdinin (əc) qələbə amillərindən biri qlobal İslam hökümətinin bərpasında çalışqan və ixlaslı şəxslərin ona köməkçi olmasıdır. Bu dəyərli köməkçilərin xüsusiyyətlərini öyrənmək, dünyəvi İslam İnqilabının özülünün təşkilində vəzifəmizi tanıyıb ona əməl etməkdə bizə kömək olacaq.
Uyğun xüsusiyyətləri bir neçə hissəyə ayırmaq olar:
1. Həzrət Mehdinin (əc) köməkçilərinin ümumi sifətləri;
Qunduzi “Yənabiul Məvəddə” kitabında Əbu Bəsirdən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: ”Həzrət Lut(ə) öz qövmü barəsində buyurdu: "Kaş sizin şərinizdən amanda olmadığım üçün etibarlı və möhkəm bir sığınacağım və qüdrətim olaydı”. Ümid var bizim qiyam eləyənimiz həzrət Mehdinin (əc) və onun möhkəm sütunları olan köməkçilərinin qüdrətinə”.
İmam Mehdinin (əc) köməkçilərindən hər biri qırx kişinin qüdrətinə malikdir. Onların ürəyi poladdan da möhkəmdir. Din düşmənləri ilə döyüşdə Allahın razılığını qazanana qədər vuruşar, öz qılınclarından əl götürməzlər.
Süyuti “Əlhavi” kitabında Nəim İbn Həmmaddan nəql edir ki, İmam Baqir (ə) belə burudu: “İmam Mehdi (əc) Məkkədə xüftən namazı vaxtı üç yüz on üç nəfərin (Bədr səhabələrinin sayı qədər) arasında zühur edəcək. Bu şəxslər qabaqcadan planlaşdırılmadan payız buludları kimi toplanarlar. Onlar gecənin zahidləri, gündüzün şirləridirlər. Allah–taala həzrət Mehdinin (əc) məhəbbətini insanların qəlbində yerləşdirər və o həzrət belə köməkçilərlə irəliləyər.(1)
Həsən ibn Süfyan və Əbu Nəim Səvbandan Peyğəmbərin (s) belə buyurduğu nəql olunur:“Mehdinin (əc) zühuru zamanı şərq tərəfdən ətrafında dəmir parçaları kimi möhkəm qəlbli insanlar toplaşmış qara bayraqlar gələcəkdir”.(2)
“Səhih-Müslim” kitabında həzrət Mehdinin (əc) səhabələrinin sifətləri barədə belə yazılır: ”Onlar yer kürəsinin ən şücaətli möminləridirlər; Yer kürəsində onlar qədər qorxmaz və igid yoxdur; Allah–taalanı ən düzgün tanıyan kişilərdirlər; Onlar həzrət Mehdinin bayraqdarlarıdır; Onlar hakimlər, qazilər və fəqihlərdirlər”.
Həzrət mehdinin(əc) köməkçilərinin imanı barədə
Hədislərdən başa düşülür ki, həzrət Mehdinin (əc) köməkçiləri, Allah yolunda çalışan, sözbazların danlağıyla süstləşməyən möminlərdir; Onların qəlbində Allah–taala barəsində zərrə qədər də şəkk yoxdur; Onların namazdakı münacatları, ruh oxşayan Quran tilavətləri bal arılarının səsi kimi bir-birinə qarışar; Gecəni sübhədək ibadət edərlər; Allahı doğru tanıyarlar; Şücaətləri imanlarının bir hissəsidir. Onları Quran belə tərif edir: ”Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, onlar Allahı, Allah da onları sevər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu istədiyinə verər. Allah öz lütfü ilə genişdir o hər şeyi biləndir”. (Maidə, 54)
Bu şərəf bəs edər ki, hər bir insan hədəfə çatmaq uğrunda heç bir şəkk-şübhəyə varmadan addımlasın, Allah-taala barəsində ən kiçik şübhəyə belə varmasın və daim varlıq aləminin ədalətli nizamının hərəkətinə inansın. İnansın ki, bərabərlik, ədalət və həqiqət bu aləmin hər bir hissəsində aşkardır! Çətin imtahan zamanında bu fikirdə sabit olan insanların imtahandan sonra da öz əqidələrindən dönməmələri şübhəsizdir.
Fədakar qəhrəmanların başqa bir xüsusiyyəti, Allah–taalanı düzgün şəkildə tanımalarıdır. Onlar bir olan Allahın varlığına inanmaqla yanaşı, onun ədalətinə də etiqadlıdırlar. Bundan əlavə, misilsiz Yaradanın göstərişlərinə kamil şəkildə itaət etməyin vacibliyinə imanları vardır. Gündəlik işlərində Allah-taalanın razılığını qazanmağa çalışırlar. Onların nəzərində maddi varlıqların İlahi əzəmət qarşısında müstəqil və zati dəyəri yoxdur. Əksinə, bu varlıqları müqəddəs İlahi istəklərə yetişmək üçün vasitə bilirlər. Bunun üçün də öz olanlarından asanlıqla keçirlər. Hər şeylərini Allah yolunda verməyə hazırdırlar. Budur həqiqi mömınlərin sifətləri! Belə bir güclü iman bir–birindən ayrılmayan iki dəyərlə kamilləşir:
1. Bir çox rəvayətlərdə işarə olunduğu kimi, həzrətin köməkçilərinin şücaəti; Bu şücaət ilahi hökmləri həyata keçirməkdə və dini əmrlərin icrasında onların iradələrinin məhsuludur.
2. Həzrətin köməkçilərinin ibadəti. Bu haqda bir çox rəvayətlər movcudur. Rəvayətlərdə bu məsələyə xüsusi təkid güstərilmişdir.
Bu iki dəyər rəvayətlərdə “gecənin zahidləri, gündüzün şirləri” təbiri ilə bəyan olunmuşdur.
İntizarın fəziləti
İmam Baqir (ə) babası Peyğəmbərdən (s) belə nəql edir: ”İbadətlərin ən fəzilətlisi fərəcin (zühurun) intizarında olmaqdır” (“Yənabiul-məvəddət”, səh. 493).
Zühurun intizarında qalmağın faydalarından bunu deyə bilərik ki, intizar ruh və bədən üçün olan çətinlikləri asanlaşdırır. Bu haqda belə buyurulub: ”İntizar ölümdən də çətindir. Onun zəruriliyi fikri qüvvələri məhdud etmək və intizar olunan əmr səmtinə meylləndirməkdir. Bu o işlərdəndir ki, iki nəticəyə səbəb olar:
1. Fikri qüvvə, fəaliyyətin səbəbinə ixtiyarsız qüvvətlənir;
2. Qüdrətli insan öz qüvvələrini idarə edə və onları bir tərəfə yönləndirə bilər.
İkinci faydası qarşıya çıxan müsibətlərin asanlaşması və çətinliklərin yüngülləşməsidir. Müsibət görən insan və müsibət görməyən insan arasında böyük fərq vardır. Xüsusən də, müsibət görən insan belə tezliklə çətinliklərin asanlaşıb haqqın özünə qaytarılacağına inam və ümidlə fərqlənir. Bunlar isə həzrət Mehdinin (əc) vasitəsi ilədir. O, zülm ilə dolmuş dünyanı ədalətlə dolduracaq.
3. Növbəti fayda həzrət Mehdinin (əc) dostlarından olmaq, ona itaət etmək və onun köməkçilərindən sayılmaqdır. Bu dostluğu qazanmaq üçün əxlaqı paklaşdırmaq və nəfsi islah etmək lazımdır. İnsan bu yolla həzrətin köməkçilərindən ola və onun yanında düşmənlərlə mübarizə aparmağa şərəf tapa bilər.
4. Daha bir fayda insanın o həzrətin qələbəsinə səbəb olacaq işlərin müqəddiməsini hazırlamağa çalışmasıdır. Belə bir şəxs bu mövzuya aid olan xəbər və məlumatları toplamalıdır. Həzrətin düşmənlərə qeyri-adi vasitələrlə deyil, adi vasitələrlə qələbə çalmasını bilmək insanı zamanla maraqlanmağa vadar edir.