Baş səhifə
Zəhra – | Baxış: 1185 | Tarix: 2015.03.10

Zəhra – "üzü parlayan”, "nur saçan” deməkdir

O həzrətin adlarından biri də "Zəhra”dır. Böyük şəxslər, alimlər, fəqihlər, tarixçilər, hədisçilər belə deyirlər: "O həzrətə ona görə "Zəhra” deyiblər ki, o, bəzən ibadət mehrabında oturan zaman ondan səma əhlinə nur saçılırdı. Necə ki, səma ulduzları öz sakinləri üzərinə işıq salır.”
"Biharul-ənvar”da Şeyx Səduq Əmalidən, o isə İbn Əbbasdan və sonuncu Tanrı Elçisindən (s) rəvayət edir ki, bir dəfə o həzrət buyurdu: "Qızım Fatimə dünya xanımlarının xanımıdır. Mənim bir parçamdır. Gözümün işığı, qəlbimin, ruhumun və canımın meyvəsidir. O, qadınların hurisidir. İlahi dərgahında, öz ibadət mehrabında oturarkən onun nuru, işığı göylərin mələklərinin əli üzərinə düşür, necə ki, ulduzların nuru yer üzünün sakinlərinə işıq saçır.”


O həzrətin künyələri

O həzrətin adları və həmin mübarək adların ali mənaları ətrafında qısa söhbətimizdən sonra o alicənab qadının künyələri haqqında müxtəsər məlumat vermək məqsədəuyğundur. Fatimənin (ə) ən mühüm və ən məşhur künyələri aşağıdakılardır:
1. Ümmül-Həsən, yəni Həsənin (ə) anası;
2. Ümmül-Hüseyn, yəni Hüseynin (ə) anası;
3. Ümmül-Möhsin, yəni Möhsinin anası. O qəhrəman qadının bu əziz oğlu ana bətnində altı aylıq ikən düşdü. Hələ təvəllüdündən qabaq ulu cəddi, kəramət sahibi Rəsul (s) tərəfindən ona bu ad qoyulmuşdu;
4. Ümmül-Əimmə, yəni imamların, rəhbərlərin, başçıların anası. Ona görə ki, məsum din və məzhəb başçıları, dünya şiələrinin imamlarının hamısı onun övladları sayılı;
5. Ümmül-Sibtəyn, Sibtəynin anası, yəni İslam peyğəmbərinin (s) iki nəvəsinin – imam Həsən (ə) və imam Hüseynin (ə) anası.


Fatimənin (ə) ləqəbləri

Fatimənin (ə) çoxşaxəli, əhatəli şəxsiyyətinə diqqətlə nəzər saldıqda o həzrətin parlaq simasının mənalı və yüksək ləqəblər baxımından da ən böyük, ən görkəmli İslam şəxsiyyətlərindən biri olduğunu anlayırıq. O həzrətin ucsuz-bucaqsız dənizlər boyda olan ruhu və mənəvi əzəmətinin, əxlaqi keyfiyyətlərinin bir damlası bərabərində təmsilçisi olan bu ləqəblər olduqca çoxdur. Biz burada onlardan bəzilərini – Əbu Cəfər Qumi ilə Şeyx Səduq Razinin rəvayət etdiklərini aşağıdakı kimi veririk:
1. Fatimətul-Bətul; 2. Əzra; 3. Mübarəkə; 4. Tahirə; 5. Zəkiyyə; 6. Raziyyə; 7. Mərziyyə; 8. Mühəddisə; 9. Məryəmi-Kübra; 10. Siddiqə; 11. Səfiyyə; 12. Abidə; 13. Seyyidət-nisa əl-aləmin; 14. Zəhra.

Redaktor: Həyat Kərbəla