Baş səhifə
"Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq lazımdır. | Baxış: 1083 | Tarix: 2014.11.25

"Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq lazımdır...

Həzrət Məhəmməd peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Sevimli peyğəmbərimizin tərbiyəsilə böyüyüb boya-başa çatmış İmam Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşmüşdür.

"Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi.

İmam "Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır" deyə buyurmuşdur.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək.

Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!

Redaktor Nəcəf