Baş səhifə
Bəqərə surəsi 141-150-ci ayələrin təfsiri | Baxış: 1338 | Tarix: 2014.10.12

141. ﴿تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُواْ يَعْمَلُونَ﴾
“(Hər halda,) həmin ümmət keçib getdi. Onların ələ gətirdikləri özləri üçün, sizin ələ gətirdikləriniz isə özünüz üçündür. Sizdən onların etdikləri barədə soruşulmayacaq.”
Bildirişlər

1. Xoşbəxtliyin əldə olunmasında keçmişdəkilərin və babaların tarixinə arxalanmaq səmərəsizdir.

Qəbuldur atanın fəzilətləri, Amma varmı bunun sənə səməri?!

2. Hər bir ümmət öz əməllərinə məs’uldur.

İKİNCİ CÜZ
142. ﴿سَيَقُولُ السُّفَهَاء مِنَ النَّاسِ مَا وَلاَّهُمْ عَن قِبْلَتِهِمُ الَّتِي كَانُواْ عَلَيْهَا قُل لِّلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
“Tezliklə xalqdan olan ağılsızlar deyəcəklər: Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəs) nə döndərdi? De ki, şərq də, qərb də Allahındır. İstədiyini doğru yola hidayət edir.”
Nöqtələr
◘Məkkə müşrikləri Kə’bəni bütxanaya çevirdiklərindən həzrət Peyğəmbər və müsəlmanlar be’sətdən sonrakı on üç il ərzində üzü Kə’bəyə namaz qılmadılar. Əgər onlar üzü Kə’bəyə namaz qılsaydılar, belə görünərdi ki, onlar da bütləri möhtərəm sayırlar. Amma Mədinəyə hicrətdən sonra bir neçə ay keçməmiş yəhudilər e’tiraz edib müsəlmanları təhqir etdilər və dedilər: Siz bizim qibləmiz Beytül-Müqəddəsə doğru namaz qılırsınız, ona görə də istiqlalınız yoxdur və bizim ardıcılımızsınız. Peyğəmbər (s) bu böhtanlardan narahat oldu və dua zamanı üzünü səmaya tutdu. Həzrət qiblənin dəyişməsi haqqında sanki vəhyin nazil olması intizarında idi. Peyğəmbər (s) üzü Beytül-Müqəddəsə iki rək’ət namaz qılmışdı ki, Cəbrail nazil oldu və peyğəmbərin qolundan tutub onun üzünü Kə’bəyə doğru çevirdi. Nəticədə Peyğəmbər (s) bir namazı iki qibləyə doğru qılmış oldu. Hazırda Mədinədəki həmin yer “qiblətəyn” məscidi (iki qiblə məscidi) kimi tanınır.
Bu əhvalatdan sonra yəhudilər narahat oldular və öz adətləri üzrə xırdaçılığa başladılar. Dünənədək müsəlmanların istiqlaldan məhrum olduğunu, onların ardınca gəldiyini deyən yəhudilər indi soruşurdular ki, nə üçün qədim peyğəmbərlərin qibləsindən üz döndərilmişdir? Həzrət Peyğəmbərə əmr olundu ki, onlara cavab versin: Şərq də, qərb də Allahındır və Allahın xüsusi məkanı yoxdur!
Bəli, qiblənin dəyişməsi Allahın hikmət nişanəsidir. Bunu zəiflik və cəhalət saymaq olmaz. Yaranış nizamında fəsillərin dəyişməsi də tədbir nişanəsidir. Hər hansı dəyişikliyi zəiflik və peşmanlıq saymaq olmaz.
◘Allahın hər yerdə hüzuru var. Şərq də, qərb də onundur. Üzün Kə’bəyə tutulması qəlbin Allaha doğru olmasının rəmzidir. Bir çoxları üzlərini Kə’bəyə tutduqları halda qəlbləri başqa bir cəhətə yönəlir. Necə ki, Xacə Abdullah Ənsari deyir:

Şahların qibləsi şöhrət, taxt-tac, Ərbabın qibləsi nəfsinə əlac.
Surətə uyanın qibləsi su, gil, Mə’na gəzənlərin qibləsi könül.
Qarınquluların qibləsi kabab, İnsanın qibləsi bilik, söz, cavab.
Aşiqin qibləsi zavalsız vüsal, Arifin qibləsi zülcəlal kamal.

Bildirişlər

1. Hər gün bəhanə gəzib haqqı qəbul etməkdən boyun qaçıranlar səfehdir. Rəvayətdə axirətini dünyasına fəda edənlər məcnun, günahkar rəhbərə itaət edənlər fəqir, dinini əldən çıxaranlar isə qarət olunmuş adlandırılmışdır.
2. Allahın öz hökmlərini dəyişə bilməyəcəyini düşünən insan səfeh və başıboşdur. Hikmət sahibi və alim Allaha e’tiraz səfehlik nişanəsidir.
3. Müsəlmanlar düşmənin hiylələrinə, şaiələrinə, bəhanə dolu suallarına cavab verməklə onların nüfuzunun qarşısını almalıdırlar. Düşmənin planlarından öncədən xəbər tutmaq lazımdır.
4. Sual vermək qəbahət deyil. Amma e’tiraz, nöqsan axtarmaq məqsədi ilə sual verilməsi tənqid olunur.
5. Məkan və zamanın müqəddəsliyi və kəraməti Allahın lütfünə bağlıdır.
6. Qiblənin dəyişməsi İslam peyğəmbərinin səmavi kitabdakı nişanələrindən biri idi. Ona görə də bu məsələ bə’zilərinin hidayətinə səbəb olmuşdu.

143. ﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ وَإِن كَانَتْ لَكَبِيرَةً إِلاَّ عَلَى الَّذِينَ هَدَى اللّهُ وَمَا كَانَ اللّهُ لِيُضِيعَ إِيمَانَكُمْ إِنَّ اللّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ﴾

“Beləcə, Biz sizi orta bir ümmət qərar verdik ki, siz xalqa şahid olasınız, Peyğəmbər isə sizə. Əvvəlcə üz tutduğun qiblədən səni ona görə döndərdik ki, peyğəmbərə itaət edənləri cahiliyyətə qayıdanlardan seçək. Şübhəsiz ki, bu (qiblənin dəyişilməsi), Allahın hidayət etdiyi kəslərdən başqalarına çətin oldu. Allah heç vaxt sizin imanınızı zaya çıxarmaz. Çünki Allah xalqa rəhim və mehribandır.
Nöqtələr
◘Məsihilər ibadət zamanı Beytül-Müqəddəsdə həzrət İsanın doğulduğu məhələ üz tuturdular. Bu yer onların sakin olduğu yerə nəzərən şərqdə yerləşirdi. Yəhudilər isə yaşadıqları yerdən qərbdə yerləşən Beytül-Müqəddəsə üz tuturdular. Amma Kə’bə bu iki tərəfin arasında yerləşirdi. Qur’an bu mövzuya işarə ilə buyurur ki, biz Kə’bəni ortada qərar verdiyimiz kimi, siz müsəlmanları da orta ümmət etmişik.
Təfsirçilər bu ayə haqqında müxtəlif fikirlər söyləmişlər. Orta ümmət tə’biri haqqında bə’ziləri deyirlər ki, bu sözün arxasında ifratı və təfriti, cəbri və təfvizi, fərdi və cəmiyyəti əsas götürməyən orta bir ümmət nəzərdə tutulmuşdur.
Amma bə’zi müqəddimələrdən aydın olur ki, ayədəki orta ümmət tə’biri xüsusi fərdlərə aiddir. Bu müqəddimələrlə tanış olaq:
1. Qur’an orta ümməti əməllərə şahid kimi tanıtdırır. Onlar qiyamətdə xalqın əməllərinə şahid durmalıdırlar.
2. Şahidlik elmi agahlıq və ədalət tələb edir.
3. Agahlıq və ədalət sifəti hamıda müşahidə olunmur.
Rəvayətlərdə oxuyuruq ki, orta ümmət mə’sum imamlara işarədir. Əvvəla, onlar bütün işlərdən xəbərdardırlar. Bu məsələyə Qur’anda işarə olunur. Rəvayətlərə əsasən, xalqın əməllərindən xəbərdar olan mö’minlər dedikdə mə’sum imamlar nəzərdə tutulmuşdur. İkincisi, onlar ədalətlidirlər. İsmət (paklıq) və ədalət onları e’tibarlı etmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: “Necə ola bilər ki, dünya məhkəməsində bir neçə xurma üçün şahidliyə layiq olmayan insanlar qiyamətdə xalqa şahidlik ləyaqəti tapsınlar?” Hər halda, Allah hüzurunda bütün xalqın işlərinə şahidlik yalnız bir qrup insana aid olan xüsusiyyətdir. Rəvayətlərə əsasən, bu zümrə mə’sum imamlardan ibarətdir.
Sual oluna bilər ki, nə üçün Allah bə’zilərinin adını çəkmək əvəzinə ümmət adını çəkir? Sualın cavabında deyə bilərik ki, Qur’an hətta bir nəfəri də ümmət sayır.
Qiblənin dəyişmə fəlsəfəsi:
◘Qiblənin dəyişmə fəlsəfəsi ilə bağlı çoxsaylı təhlillər aparılmışdır. Bə’zilərinin fikrincə, Beytül-Müqəddəsin ilk qiblə seçilməsində məqsəd yəhudilərin diqqətinin cəlb olunması və onlarla yaxınlıq olmuşdur. Müsəlmanlar qüdrətə çatdıqdan sonra artıq bu yaxınlığa ehtiyac duyulmamışdır. Bir başqaları belə zənn edirdilər ki, qiblənin dəyişmə fəlsəfəsi Məkkə və vətənə məhəbbət olmuşdur. Amma hər iki təhlil həqiqətin ziddinədir.
Uyğun məsələ ilə bağlı Qur’an bildirir ki, qilbənin dəyişməsi ilahi sınaq idi. Bu yolla həzrət peyğəmbərin həqiqi ardıcılları bilinəsi idi. Çünki xalis imanı olmayanlar kiçik bir dəyişikliyi böyüdərək nə üçün-niyəyə başlayırlar. Onlar dalbadal suallar yağdırır, nə üçün belə oldu, əvvəlki əməllərimiz necə olacaq, əvvəlki düz idisə, indiki nədir, indiki düzdürsə, əvvəlki nə idi - deyə soruşurlar. Allah Onun əmrinə təslim olanlara müjdə verir ki, əvvəlki əməlləriniz də əmrə əsaslandığından puça çıxası deyil.
◘Bu ayədə namaz əvəzinə iman sözü işlənmişdir. Bu isə namazın böyük əhəmiyyət və məqamını göstərir, onun bütün imanla bərabər olduğunu önə çəkir.

Bildirişlər

1. İlahi övliyalar bizim əməllərimizə nəzarət edirlər.
Bəli, bə’zi insanların elə bir tutumu var ki, bütün əməlləri görüb tarix boyu insanların maraqlarından xəbərdar olurlar.
2. Qiyamətdə silsilə mərtəbələr var. Qiyamət məhkəməsi elə qurulmuşdur ki, əvvəlcə xalqın işinə imamlar şəhadət verir, sonra isə peyğəmbərlər imamlara şahid olurlar.
3. İmtahan dəyişməz ilahi qanundur Allah bə’zən Öz əmrlərini dəyişməklə xalqı imtahana çəkər.
4. Dini göstərişlərə itaət inkişaf və kamillik mayası, itaətsizlik isə bir növ irticadır.
5. Allahın əmrindən savay istiqamət, rəng, zaman, məkan və digər xüsusi şivələrə adət etməyin. İnsan bir şeyə adət etdikdə, həmin adətin ziddinə olan ilahi göstərişdən boyun qaçırmağa meyilli olur.
6. Adi insanlar üçün təslim məqamı ağırdır. Yalnız Allahın xüsusi hidayətinə nail olmuş insanlar həmin məqama çata bilir.
7. Hər hansı qanun və göstəriş əvvəlki dövrə aid olmur. Əgər bu gün qibləni dəyişmək əmri gəlmişsə, əvvəlki namazlar doğrudur və bu gündən başlayaraq başqa tərəfə üz tutmalıyıq.
8. İstər təkvini, istər təşrii dəyişikliyin hamısı Allahın rəhmətindəndir.

144. ﴿قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ﴾

“(Ey peyğəmbər,) görürük ki, (vəhy intizarı ilə) üzünü göyə tutursan. İndi səni könlünü açacaq qibləyə doğru göndəririk. Üzünü Məscidül-Hərama doğru çevir. (Siz ey müsəlmanlar,) harada oldunuz, üzünüzü ona doğru döndərin. (Səmavi) kitab verilmiş şəxslər bilirlər ki, bu əmr Allah tərəfindən gəlmiş bir həqiqətdir. Allah onların əməllərindən qafil deyil.
Nöqtələr
◘Bu ayə həzrət Peyğəmbərin (s) qiblə ilə bağlı intizarından qaynaqlanır. Həzrət qiblənin dəyişməsini əmr edəcək ayənin intizarında idi. Qiblənin Beytül-Müqəddəsdən Kə’bəyə dəyişməsi Allahın Öz peyğəmbərinə və’di idi. Amma həzrət dua zamanı heç bir söz demədən üzünü səmaya tutardı. Nəhayət, ayə nazil oldu və göstəriş verildi ki, həzrət Peyğəmbər (s) və bütün müsəlmanlar ibadət zamanı üzlərini Məscidül- Hərama, Kə’bəyə tutsunlar. Bu dəyişmənin həqiqi mahiyyətindən xəbərdar olan kitab əhli bildiklərini gizləməyə çalışdılar. Onlar öz kitablarında oxumuşdular ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılar. Onlar müxtəlif təlqinlərlə şübhələr və suallar yaradıb aranı qarışdırırdılar. Allah da öz növbəsində onları hədələyirdi.
◘Həzrət Peyğəmbərin (s) Kə’bənin qiblə seçilməsinə razılığının dəlilləri vardır: Bununla yəhudilərin acı tə’nələrindən, təhqirlərindən, istehzalarından azad olurdular; müsəlmanların istiqlalı süquta yetir, ilk tövhid mərkəzi Kə’bəyə diqqət yönəldilirdi. Qiblənin dəyişmə məsələsi mühüm bir hadisə olduğundan ayədə Kə’bəyə üz tutmaq barədə iki dəfə göstəriş verilir: Bir dəfə peyğəmbərə xitabən, ikinci dəfə isə bütün müsəlmanlara müraciətlə.

Bildirişlər

1. Asiman vəhyin nüzul çeşməsi və peyğəmbərlərin göz dikdiyi yerdir.
2. Allah insanların istəklərindən agahdır.
3. Hökmlərin verilməsi və dəyişməsi Allah tərəfindəndir. Peyğəmbərlər özlərindən göstəriş vermirlər.
4. Peyğəmbər Allah qarşısında o qədər ədəblidir ki, qiblənin dəyişməsi istəyini dilə gətirmir. O öz intizarını baxışı ilə bildirir.
5. Allah öz peyğəmbərinin razılığını istəyir. Allahın razılığı peyğəmbərin razılığıdır.
6. Qur’an həqiqəti bilib inadkarlıq göstərən alimləri hədələyir və məzəmmət edir.
7. Dini göstərişləri xalq üçün çətinləşdirmək olmaz. “Şətr” səmt deməkdir. Yə’ni Məscidül-Hərama doğru dayanmaq kifayətdir. Üzü dəqiq şəkildə Kə’bəyə tutmaq zəruri deyil.

145. ﴿وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ بِكُلِّ آيَةٍ مَّا تَبِعُواْ قِبْلَتَكَ وَمَا أَنتَ بِتَابِعٍ قِبْلَتَهُمْ وَمَا بَعْضُهُم بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم مِّن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ إِنَّكَ إِذَاً لَّمِنَ الظَّالِمِينَ﴾

“(Ey peyğəmbər,) Kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən, sənin qiblənə itaət etməyəcəklər. Sən də onların qibləsinə tabe deyilsən. (Necə ki onlardan bə’ziləri digər qibləyə tabe deyildirlər. Sənə elm (vəhy) çatdıqdan sonra onların həvəslərinə itaət etsən, şühbəsiz ki, sitəmkarlardan olacaqsan.”
Nöqtələr
◘Bu ayə kitab əhlinin inadkarlığı üzərindən pərdəni qaldırır. And içilir ki, onlara nə qədər ayə və dəlil gəlsə, onlar İslama və onun qibləsinə tabe olmayacaqlar. Çünki onlar həqiqəti bilərəkdən qəbul etmirlər.
◘Qur’anın peyğəmbərə xəbərdarlıqları övliyalar haqqında yersiz düşüncələrin inkişafının qarşısını almaq məqsədi güdür. Necə ki, başqa dinlərdə xalq İsanı Allahın oğlu, mələkləri isə Allahın qızları bilirdi.

Bildirişlər

1. İnadkarlıq və təəssüb düşüncəyə, məntiqə, haqqı görməyə mane olur. Onlar təkcə İslama münasibətdə təəssüb göstərmirlər. Onlar öz aralarında da inadkar və təəssübkeşdirlər.
2. Müxaliflərin hay-küyü qarşısında təslim olmaq olmaz. Düşməni mə’yus etmək üçün qətiyyət lazımdır.
3. Yəhudilərin və məsihilərin hər birinin öz qibləsi vardır.
4. Alimlərin azğınlığı çox təhlükəlidir.
5. Doğru yolu tapmaq üçün elm kifayət etmir. Belə bir məqamda haqqı qəbul etmək ruhiyyəsi mühümdür. Yəhudilər kitab sahibi idilər. Amma təəssüb çəkdiklərindən malik olduqları elmdən faydalana bilmirdilər.
6. Xalqın istəkləri əsasında peyğəmbər ilahi qanunları dəyişə bilməz.
7. İslam ayinləri gerçək elm çeşməsindəndir.
8. Nəfs istəklərinə əsaslanmayan, elmi bünövrəyə malik qanunlar qəbul olunmağa və itaətə layiqdir.
9. Qanun hamı üçün birdir. Məsələn peyğəmbər də nəfs istəkləri ardınca getsə cəzalandırılacaq.
10. İlahi qanun olan yerdə xalqın istəklərinə tabeçilik zülmdür.

146. ﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمْ وَإِنَّ فَرِيقاً مِّنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ﴾

“(Yəhudilər və məsihilər) o kəslərdir ki, onlara (səmavi) kitab vermişik, onu (İslam peyğəmbərini) öz oğlanları kimi tanıyırlar. Həqiqətən, onlardan bir dəstəsi haqqı bilməklərinə baxmayaraq onu gizlədirlər.”
Nöqtələr
◘Qur’anda bu həqiqət dəfələrlə təkrarlanmışdır ki, kitab əhli Tövrat və İncilin verdiyi müjdəyə görə İslam peyğəmbərinin zühurunu gözləyirdilər. Son peyğəmbərin xüsusiyyətləri onlara elə açıqlanmışdır ki, onu öz övladları tək tanıyırdılar. Amma bütün bunlara baxmayaraq, onlardan bir dəstəsi həqiqəti gizləyirdi. Qur’anın digər bir yerində buyurulur: “Onlar nəinki peyğəmbərlərdən, hətta onun təşkil etdiyi cəmiyyət və yardımçılarından da xəbərdar idilər. Ayədə oxuyuruq: “Məhəmməd Allahın rəsuludur və onunla olanlar kafirlər qarşısında sərt, öz aralarında mehribandırlar. Onları daim rüku və səcdə halında görərsən. Onlar daim Allahın fəzlini və razılığını istəyirlər. Onların əlaməti üzlərindəki səcdə əsərindən görünür. Bu onların Tövrat və İncildəki vəsfləridir.
◘Qur’an kitab əhlinin İslam peyğəmbərini tanımasını atanın öz oğlunu tanımasına bənzədir. Atanın öz oğlu ilə tanışlığı isə ən üstün tanışlıqlarıdır. Çünki bu tanışlıq təvəllüd zamanından, hətta ondan da qabaq formalaşır. Bu tanışlıq intizarla müşayiət olunur. Bu tanışlıqda şəkkə yer yoxdur.
◘Elmi gizlətmək ən böyük günahdır. Qur’an elmi gizlədənlər haqqında buyurur: “Allah və bütün mələklər, ins və cin, hər bir şüurlu varlıq həmişəlik onlara lə’nət və nifrin oxuyur. Bəli, həqiqəti gizləmək öz övladını gizləmək kimidir. Əlbəttə ki, dünya ləzzətlərinə xatir atanın öz övladını inkar etməsi böyük namərdlikdir!

Bildirişlər

1. İnsanda həqiqətpərəstlik ruhiyyəsi olmasa, elm təklikdə kifayət etmir. Yəhudilər Allahın rəsulunu dərindən tanıdıqları halda yenə də onu qəbul etmədilər.
2. Hətta düşmənlərə münasibətdə də insafı gözləyək. Qur’an bütün kitab əhlini həqiqəti pərdələyən kimi tanıtdırmır.

147. ﴿الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ﴾

“Haqq (o şeydir ki,) sənin Rəbbinin tərəfindəndir. Belə isə, heç vaxt tərəddüd edənlərdən olma.
Bildirişlər
1. Haqq, Allahın nəhayətsiz elm mənbəyindən qaynaqlanır.
2. Vəhy və rəvayət yolu ilə sübuta yetən ilahi göstərişlər və fərmanlar mübahisə mövzusu deyil.
3. Rəhbər qətiyyətli və gördüyü işə əmin olmalıdır, xüsusilə qanunu dəyişəndə və ya bir adəti əvəz edəndə!

148. ﴿وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا فَاسْتَبِقُواْ الْخَيْرَاتِ أَيْنَ مَا تَكُونُواْ يَأْتِ بِكُمُ اللّهُ جَمِيعًا إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

“Hər bir kəs üçün onun üz tutduğu qiblə var. (Buna görə də qiblə cəhətindən mübahisə etməyin və onun yerinə yaxşılıqda və xeyir əməllərdə bir-birinizi ötün. (Bilin) harada olsanız, Allah hamınızı (məhşərdə) hazır edər. Həqiqətən, Allah hər şeyə qadirdir.
Nöqtələr
◘“Vichətun” sözünün iki mə’nası var: Qiblə və yol (üsul). Əgər əksər təfsirçilər kimi bu sözü qiblə kimi mə’nalandırsaq, ayənin mə’nası tərcümə etdiyimiz kimi olar. Amma əgər həmin sözü “üsul”, “şivə” kimi mə’nalandırsaq, ayənin mə’nası belə olar: Hər bir insan və ya dəstə üçün bir yol var ki, həmin yola çəkilmiş olar və hər kəs bir yolu adlayar. Bu mə’na “İsra” surəsinin 84-cü ayəsinin mə’nasına oxşayır.
◘Bə’zi təfsirçilər “ayədəki” huvə” əvəzliyinin Allaha aid olduğunu bildirir. Bu halda ayənin mə’nası belə olur: Hər kəsin Allah tərəfindən tə’yin olunmuş qibləsi var.
◘Xeyir işdə önə keçmək onun dəyərini artırır. Qur’anda xeyir iş müxtəlif formalarda tə’bir olunmuşdur. Peyğəmbərlərin vəsfində buyurulur: “Onlar yaxşılıqda sür’ət götürürlər.”
◘Bə’zi rəvayətlərdə uyğun ayə haqqında deyilir: “Əsrin imamının (ə) zühuru zamanı aşiqləri dünyanın müxtəlif yerlərindən gəlib onun hüzurunda cəm olacaqlar.”

Bildirişlər

1. Hər bir ümmətin qibləsi olmuşdur və qiblə məsələsi yalnız müsəlmanlara məxsus deyil.
2. Mə’nasız söhbətləri boşlayın və diqqətinizi xeyir işlərin yerinə yetirilməsinə yönəldin.
3. Maddi işlərdə rəqabət və yarışma əvəzinə, xeyir işlərdə önə keçmək lazımdır.
4. Qiyamət günü Allah hamını bir yerə toplayacaq. Bu, ilahi qüdrətin izhar nümunələrindəndir.

149. ﴿وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَإِنَّهُ لَلْحَقُّ مِن رَّبِّكَ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

“(Ey peyğəmbər,) haradan (səfər məqsədi ilə) xaric oldunsa (namaz zamanı) üzünü Məscidül-Hərama doğru çevir. Bu göstəriş sənin Rəbbinin tərəfindən olan haqq göstərişdir. Allah etdiyiniz əməllərdən xəbərsiz deyildir.
Nöqtələr
◘Əvvəlki ayələrdə Məscidül-Hərama diqət müsəlmanların yaşadığı Mədinə şəhərinə aid idi. Bu ayədə isə belə buyurulur: “Səfərdə olarkən də namaz vaxtı üzünüzü Məscidül-Hərama tutun.

150. ﴿وَمِنْ حَيْثُ خَرَجْتَ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوهَكُمْ شَطْرَهُ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَيْكُمْ حُجَّةٌ إِلاَّ الَّذِينَ ظَلَمُواْ مِنْهُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي وَلأُتِمَّ نِعْمَتِي عَلَيْكُمْ وَلَعَلَّكُمْ تَهْتَدُونَ﴾

“(Ey peyğəmbər,) Haradan xaric oldunsa (namaz vaxtı) üzünü Məscidül-Hərama döndər. (Siz müsəlmanlar da) harada olsanız (evdə və ya səfərdə), üzünüzü ona tutun. Belə ki, sitəmkarlar istisna olmaqla, xalq üçün sizə qarşı mübahisə imkanı olmasın. Belə isə, onlardan yox, Məndən qorxun. (Bilin ki, qiblənin dəyişməsi səbəbi) Öz ne’mətimi sizə tamamlamağımdır. Bəlkə siz hidayət olasınız.
Nöqtələr
◘Qiblənin dəyişmə məsələsinin müxtəlif ayələrdə təkrarlanması onun əhəmiyyətini göstərir. Bundan əlavə, bu mövzu ilə bağlı hər bir ayədə yeni bir məsələ də bəyan olunmuşdur. Məsələn, bu ayədə Allah Məscidül-Hərama üz tutmaq göstərişindən sonra buyurur: “Bu ona görədir ki, camaat peyğəmbərin və müsəlmanların əleyhinə bəhanə tapmasınlar. Kitab əhli yaxşı bilirdi ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılır. Əgər həzrət Peyğəmbər (s) belə etməsəydi, onlar irad tutardılar ki, əvvəlki səmavi kitablarda zikr olunmuş xüsusiyyətlər İslam peyğəmbərində yoxdur. Ya da müsəlmanlara istehza edərdilər ki, onların müstəqil qibləsi yoxdur və yəhudilərin qibləsinə üz tuturlar.
Əlbəttə, bu irad təkcə yəhudilər tərəfindən irəli sürülmürdü. Müşriklər də onların yolunu davam etdirib deyirdilər: Əgər Məhəmməd İbrahim ayinlərinə diqqətlidirsə, nə üçün İbrahimin tikdiyi evə üz tutmur? Münafiqlər də öz növbəsində sakit dayanmayıb qiblənin dəyişmə məsələsində xırdaçılığa varır və deyirdilər: Peyğəmbərdə sabit rə’y yoxdur. Hər halda, Allah tə’kid və təkrarla müsəlmanları hansısa mövzunun qəbuluna və sabitqədəmliyə hazırlayırdı. Xatırladılırdı ki, dəlil axtaranlar sizdə nöqsan tapmayacaq. Amma haqgizlədən zalımlar öz bəhanələrindən əl çəkməyəcəklər. Siz onlara e’tina etməməli, onlardan qorxmamalı, yalnız Allahdan qorxmalısınız.
◘Qiblə tövhid nişanəsi və tövhidin izharıdır. Qiblə müsəlmanlığın simvoludur. “Nəhcül-bəlağə”də Kə’bə bayraq, yə’ni İslamın aşkar nişanəsi kimi yad edilir. Bütpərəstlər və ulduzpərəstlər dua zamanı üzlərini bütə, ulduza və aya tuturdular. Amma İslam bütün bunların yerində Allah evini qərar verdi. Qibləyə üz tutmaq diqqətin Allaha yönəldilməsi nişanəsidir.
Rəvayətdə oxuyuruq: Peyğəmbər (s) adətən üzüqibləyə oturardı. Tövsiyə etmişlər ki, üzüqibləyə yatın, üzüqibləyə oturun. Hətta üzüqibləyə oturmaq ibadət sayılmışdır. Qiblənin xüsusi yeri və hörməti vardır. Bə’zi əməllər zamanı ona diqqət vacibdir. Məsələn, vacib namazlar üzüqibləyə qılınmalıdır. Heyvanın kəsilməsi, meyitin dəfni üzüqibləyə yerinə yetirilməlidir. Ayaqyolunda üzüqibləyə və ya arxası qibləyə oturmaq haramdır.
Deyilənlərdən əlavə, qiblə müsəlmanların vəhdət və birlik amilidir. Əgər yuxarıdan yer kürəsinə, müsəlmanlara nəzər salsaq, görərik ki, onlar gündə beş dəfə xüsusi nəzm-nizamla üzüqibləyə dayanırlar. Kə’bə ilahi hərəkatların və inqilabların qərargahı və hazırlıq məkanıdır. Həzrət İbrahim, həzrət Məhəmməddən (s) başlamış iman Hüseyn (ə), gələcəkdə isə həzrət Mehdiyədək (ə) bütün ilahi insanlar öz hərəkatlarına Kə’bə ətrafından başlamışlar (və başlayacaqlar). Kə’bənin əzəməti haqqında təkcə bunu demək yetər ki, müsəlmanlar “qiblə əhli” adlandırılırlar.
◘Allah-təala qiblənin dəyişmə əhvalatı haqqında buyurur: “Qiblənin dəyişməsi onun üçündür ki, gələcəkdə Öz ne’mətimi sizin üçün tamamlayam. Yə’ni sizin istiqlalınız və Kə’bəyə diqqətiniz gələcəkdə ne’mətlərin tamamlanması zəminəsidir.”
Bu əhvalat hicri 2-ci ildə Mədinədə baş verdi. Hicri 8-ci ildə də Allah Məkkənin fəthi münasibəti ilə ne’mətlərin tamamlanması məsələsinə işarə etdi. Yə’ni bu qələbənin səbəbi odur ki, Allah gələcəkdə sizə olan ne’mətlərini tamamlasın. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər iki ayədə ne’mətlərin tamamlanması “müzare” (gələcək zaman) formada bəyan olunmuşdur. Bu isə hadisələrin gələcəkdə baş verəcəyini göstərir. Amma hicri 10-cu ildə hiccətül-vidadan qayıdarkən “Maidə” surəsinin Ğədire-Xumda nazil olmuş üçüncü ayəsində belə buyurulur: “Bu gün Öz ne’mətimi sizin üçün tamamladım.” Bundan qabaq isə mə’sum rəhbər tanıtdırılmışdı.
Maraqlıdır ki, Allah xalqın qibləyə üz tutmasını ne’mətlərin tamamlanmasında birinci, Məkkənin fəthini isə növbəti addım kimi tanıtdırır. İlahi rəhbərin tə’yini və tanıtdırılması isə ne’mətlərin tamamlanmasında son addımdır. Xatırlatmaq lazımdır ki, qiblənin dəyişməsində, eləcə də rəhbərin tə’yinində “onlardan qorxmayın, Məndən qorxun” buyurulur. Çünki hər iki halda qarşı tərəfin müqaviməti, bəhanəçiliyi, şayiəbazlığı gözlənilir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey Əli! Xalqa öz cəhətini itirməməsi üçün nişanə və bayraq olaraq qərar verilmiş Kə’bə necədirsə, sən də ümmət arasında eləsən!” Digər bir hədisdə isə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Biz ilahi Kə’bə və qibləyik.”

Bildirişlər

1. Müsəlmanlar düşmən üçün bəhanə olacaq işlərdən çəkinməlidirlər.
2. Başqalarının hakimiyyətinə e’tiraz və azadlığın əldə olunması bir dəyərdir.
3. Qiblənin dəyişməsi kitab əhlinin, müşriklərin və münafiqlərin yersiz irad və bəhanələrini aradan qaldırdı.
4. Müsəlmanlar üçün ən böyük təhlükə xarici düşmənlər yox, təqvasızlıqdır.
5. Müsəlmanlar üçün xüsusi qiblənin tə’yini onlara olan ne’mətlərin tamamlanması zəminəsidir.
6. Qiblənin tə’yini və Məscidül-Hərama doğru namaz qılınması mö’minlərin hidayət zəminəsidir.
7. Hidayətin mərhələləri vardır. Ayədə hidayət olmuş müsəlmanlara müraciət edilsə də, məqsəd növbəti üstün mərhələlərə yol açmaqdır.

Redaktor: Nəcəf