İmam Həsən Müctəbanın (ə) rəftar qaydaları
Dəryadan bir damla
İmam Sadiq (ə) buyurur: Atam öz atasından nəql edir: Həsən ibn Əli ibn Əbi Talib (ə) öz dövrünün ən abid, ən zahid və üstün insanı idi. Həccə piyada gedir, Kəbəyə doğru ayaqyalın hərəkət edirdi.
Ölümü, qəbri, Qiyamət günü oyanışı, siratı yada salanda ağlayardı. Allah qarşısında hesabı yada saldıqda fəryad çəkib özündən gedirdi. Namaza dayananda bədəni əsirdi, behişt və cəhənnəmi xatırlayanda ilan çalmış kimi qıvrılırdı, Allahdan behişt diləyir, cəhənnəmdən ona pənah aparırdı.
Kömək və bəxşiş
İmam Sadiq (ə) buyurur: Osman ibn Əffan məsciddə oturduğu vaxt bir şəxs yaxınlaşıb ondan kömək istədi. Osmanın göstərişi ilə on beş dirhəm verdilər. Kişi Osmana dedi: "Məni dərdimə şəfa tapacağım yerə göndər.” Osman Əli (ə) ilə məscidin bir guşəsindəki gənclərə işarə edib dedi: "Get onların yanına.” Osmanın işarə etdiyi yerdə imam Həsən (ə), imam Hüseyn (ə) və Abdullah ibn Cəfər dayanmışdı.
Kişi onlara yaxınlaşıb salam verdi. Onlardan kömək istədi. İmam Həsən (ə) buyurdu: "Yalnız üç halda başqasına ağız açmaq olar: Can yandıran diyə üçün, könül qıran borc üçün, dözülməz yoxsulluq üçün. Bu üç şeydən hansından əziyyət çəkirsən?” Kişi dedi: "Bir çətinliyim var.” İmam Müctəba göstəriş verdi ki, ona əlli dinar versinlər. İmam Hüseyn qırx doqquz, Abdullah ibn Cəfər qırx səkkiz dinar verdi. Kişi dinarları alıb Osmanın yanına döndü. Osman dedi: "Nə oldu?” Kişi dedi: "Səndən kömək istədim, mənə beş dinar verdin. Bir şey də soruşmadın. Amma sıx saçları olan gənc mənə sual verdi və sonra əlli dinar əta etdi. İkinci şəxs qırx doqquz, üçüncü şəxs qırx səkkiz dinar verdi.” Osman dedi: "Bu gənclər kimi kim sənə kömək edə bilər?! Elm və agahlıq onlara məxsusdur, xeyir və hikmət onlarda cəmlənmişdir.”
Heyrətamiz təvazö
İmam Həsən (ə) misilsiz təvazöyə malik idi. Bir gün imam yoldan ötərkən yoxsulların yerə əyləşib quru çörək yediyini gördü. Onlar imamı süfrəyə dəvət etdilər. İmam tələsik minikdən düşdü və dedi: "Allah təkəbbür əhlini sevmir.” Həzrət onlarla əyləşib çörək kəsdi. Sonra onları hamılıqla qonaq çağırıb, yedirtdi və geyindirdi.
İstəyini yaz!
Bir şəxs öz istəyi ilə imam Həsənə (ə) müraciət etdi. İmam buyurdu: "İstədiyini yaz və mənə ver.” Kişinin yazdığını oxuyub, istədiyindən iki qat artıq ona əta etdi.
Oradakılardan biri dedi: "Bu məktub onun üçün çox bərəkətli oldu!” O bizim üçün daha bərəkətli idi. Çünki bizi xeyir əhli etdi. Bilmirsənmi ki, istənilmədən yerinə yetirilən iş yaxşılıqdır. Ağız açıldıqdan sonra istəyin yerinə yetirilməsi ağız açanın abır-həyası müqabilində bir şey deyil. Bir şəxs iztirab keçirib, istəyinin yerinə yetib-yetməyəcəyini bilmədiyi halda titrəyə-titrəyə sənə ağız açırsa, ona istədiyi həddə əta etməyin qarşında əskilməyi ilə müqayisədə bir şey deyil!”
Səxavət zirvəsi
Bir şəxs imama ağız açdı. İmam ona əlli min dirhəm beş yüz dinar əta etdi. Sonra buyurdu: "Bu yükü aparmaq üçün bir adam tap.” Yükü daşıyacaq kəsə ridasını bağışladı.
Ehtiyatın bağışlanması
Bir ərəb imam Həsənin (ə) görüşünə gəldi. İmam buyurdu: "Qalan ehtiyatımızı ona verin.” Ehtiyatda iyirmi min dirhəm vardı. Hamısını ərəbə verdilər. Ərəb dedi: "Ey mənim mövlam! İcazə verəydin ki, istəyimi dilə gətirim, şənində bir mədh söyləyim.” İmam onun cavabında bir şer oxudu:
İstəyənin abrı getməsin deyə
Ehtiyatın bağışlanması
O ağız açmamış verrik hədiyyə.
Misilsiz bəxşiş
İmam Həsən (ə), imam Hüseyn (ə) və Abdullah ibn Cəfər həccə gedirdilər. Yolda azuqələri itdi. Ac-susuz halda bir xeyməyə çatdılar. Bu xeymədə bir qarı yaşayırdı. Onlar qarıdan içməyə su və yemək istədilər. Qarı olanını onlara əta etdi. Bu hadisədən bir müddət keçdi. Qarı məsum imamların qapısından keçərkən onu görüb tanıdılar və ona min qoyun və min dinar bağışladılar.
Ac heyvana xidmət
Bir gün imam Həsən (ə) yoldan ötərkən yol kənarında oturub çörək yeyən qulam gördü. Qulam bir tikə öz ağzına qoyur, bir tikə yanındakı itə verirdi. İmam bu işin səbəbini soruşdu. Qulam dedi: "Utanıram ki, özüm yeyəm, ona verməyəm.” İmam buyurdu: "Burada gözlə gəlirəm.” İmam qulamın yanına gedib qulamı və yaşadığı bağı aldı. Qulamı azad edib bağı ona bağışladı.
Redaktor Nəcəf