Baş səhifə
Əhli-sünnə alimləri İmam Mehdi (ə.f) barədə | Baxış: 573 | Tarix: 2014.07.28

Əhli-sünnə alimləri İmam Mehdi (ə.f) barədə 

Görəsən, elə bir əhli-sünnə alimi var ki, İmam Həsən Əskərinin (ə) oğlunu gözlənilən xilaskar kimi qəbul etsin?
İmam Əskərinin (ə) Mehdi adlı olduğunun olmasına işarə edən əhli-sünnə alimlərindən bəzisi onun indiki zamana qədər yaşaması, vəd olunan və gözlənilən şəxs olması düşüncəsini şiələrə aid etmişlər. Amma buna baxmayaraq, onların aralarında elə alimlər var ki, İmam Mehdinin (ə.f) indiyə qədər yaşaması, həmçinin onun xilaskar olmasına dair bir sıra açıqlamalar vermişlər. Nümunə üçün onlardan bir neçəsinin adını qeyd edək:

1. Muhəmməd ibn Yusif Gənci Şafei (vəfatı: h.q. 658) deyir: Əbu Muhəmməd Həsən Əskəri (ə) özündən (sonra) bir övlad qoydu ki, həmin gözlənilən İmamdır. Allahın xeyir-duası olsun ona” (“Kifayətut-Talib” səh.312).

2. Əbdülvəhhab Şərani Hənəfi deyir: Axirəz-zəmanda ümid Mehdinin (ə.f) qiyamınadır. O, İmam Həsən Əskərinin (ə) nəslindəndir. Onun təvəllüdü h.q 255-ci il, nimeyi-şəban (şəbanın ortası) baş verib. İmam Mehdi (ə.f) indiyə qədər yaşayır və Həzrət İsa ilə birlikdə gələcək. İndiki zamana qədər onun yaşı 706-dır. Bunu mənə Şeyx Həsən İraqi xəbər verib (“Əl-Yəvaqit vəl Cəvahir”, c.2, səh.127).

3. Nuruddin Əbdürrəhman Cami Hənəfi Həzrət Mehdinin (ə.f) təvəllüd tarixini açıqladıqdan sonra deyir: “O bir kəsdir ki, yer üzünü ədalətlə dolduracaqdır” (“Şəvahidun-nübüvvət”, səh.404).

4. Qazi Bəhlul Behcət Əfəndi deyir: “On ikinci imamın təvəllüdü h.q 255-ci ilin şəban ayının 15-i olub və anasının adı Nərcisdir. Onun iki qeyb dövrü var: biri qısamüddətli, digəri isə uzunmüddətlidir. Allah ona icazə verdiyi hər vaxt zühur edib həmin an yer üzünü ədalətlə dolduracaqdır” (“Əl-Muhakimətu fi tarixi Ali-Muhəmməd”, səh.246).

5. Sədruddin Həmvini Həzrət Peyğəmbərdən (s) belə bir məzmunda hədis nəql edərək qeyd etmişdir: “... Şübhəsiz, övladlarımdan on ikincisi qeyb olar... Allah-taalanın ona qiyam icazəsi verənə qədər” (“Fəraidus-sitmeyn”, c.2, səh.132).

6. Şeyx Fəriduddin Əttar Nişaburi qəsidələrinin birində deyir:
“Yer üzünün yüz minlərlə övliyası
Əlbəttə Allahdan Mehdini (ə.f) istəyəcəklər.
Ey İlahi, dünyada ədalətin aşkara çıxması (ədalətin yer üzünü sarması) üçün
Mehdini qeybdən çıxar” (“Yənabiul-məvəddət”, c.3, səh.350-351).

7. Cəlaləddin Rumi də qəsidələrinin birində deyir:
“Ey kişilərin sərvəri Əli!
Məstlər sənə salam deyir.
Ey cəngavələr sırasını dağıdan Əli!
İgidlər sənə salam deyir...”
Yetişir bu misraya:
Dinin əmri Hadiyə de, Əskəriyə, Məhdiyə de,
o vəli Mehdiyə de: ”Məstlər sənə salam deyir”. (“Yənabiul-məvəddət”, c.3, səh.351)

8. Sədruddin Qunəvi vəfat edərkən şagirdlərinə vəsiyyət edərək deyir: “...Ölümümün birinci gecəsi hüzuri qəlblə yetmiş min dəfə “La ilahə illəllah” zikrini deyin və həmçinin mənim salamımı Həzrət Mehdiyə (ə.f) çatdırın” ((“Yənabiul-məvəddət”, c.3, səh.340-341).

9. Əhməd ibn Yusif Əbul-Abbas Qərəmani Hənəfi deyir: “Muhəmməd hüccət, saleh xələfin atası vəfat etdikdə beş yaşı var idi. Allah Həzrət Yəhyaya (ə) uşaq vaxtı hikmət öyrətdiyi kimi, ona da uşaq çağlarında hikmət öyrətdi... Alimlər Mehdinin həmin axırzamanın qiyamçısı olduğunu yekdilliklə qəbul edirlər. (“Əxbarul-Duvəl və Asarul-Uvəl”, c.1, səh.353).

Redaktor Nəcəf