Baş səhifə
Zəkat haqqında hədislər | Baxış: 1899 | Tarix: 2014.07.23

Zəkat haqqında hədislər

842. Zəkat
Qur’an:
«Onların mallarından sədəqə (zəkat) götür ki, bu vasitələ onları pak edəsən və onlara salam göndər ki, sənin salamın onlara sakitlik bəxş edir. Allah-taala eşidən və biləndir. (Tövbə, ayə 103)
«Namaz qılın, zəkat verin. Qabaqcadan özünüz üçün göndərdiyiniz əməlləri Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdikləriniz bütün əməlləri görəndir.» (Bəqərə, ayə 110)
Hədis:
2695. İmam Sadiq (ə):«Allah-taala (zikri əziz olsun) bu ümmətə zəkat kimi ağır bir şeyi vacib etməmişdir. Onların əksər hissəsi bundan qeyri şeyə görə məhv olmayacaqdır.» (Əmali-Tusi, səh.693 , hədis 1474)
2696. İmam Sadiq (ə):«Zəkat verməyənin namazı faydasız olar və «vərə»ni (günahdan çəkinməyi) olmayanın zəkatı qəbul olunmaz.» (Mişkəful-Ənvar,səh. 46)
2697. İmam Sadiq (ə):«Zəkat varlıları sınamaq və möhtaclara kömək məqsədi ilə təyin olunub. Əgər insanlar öz mallarının zəkatını versəydilər bir nəfər də olsun möhtac, yoxsul müsəlman qalmazdı və Allah-taalanın onun üçün vacib etdiyinin səbəbinə ehtiyacsız olardı. İnsanlar yalnız varlıların günahlarına görə yoxsul, möhtac, ac və çılpaq olublar.» (Mən la yəhzurhuul-Fəqih, c.2, səh.8 , hədis 1579)

843. Sərvətlərin artmasında zəkatın rolu
2698. Allahın Peyğəmbəri (s):«Allahdan sərvətinin artmasını istəsən, onun zəkatını ver.» (Biharul-Ənvar, c.96,səh. 23 , hədis 54)
2699. İmam Əli (ə):«Öz mallarınızı zəkat verməklə qoruyun.» (Biharul-Ənvar, c.78,səh. 60, hədis 138 )
2700. İmam Həsən (ə):«Zəkat heç vaxt sərvəti azaltmaz.» (Biharul-Ənvar, c. 96, səh.23 , hədis 56)
2701. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«İnsanlar zəkat verməyi tərk edən zaman, torpaq özünün hər növ tarlalarından, meyvələrindən, mədənlərindən bərəkətini gizlədər.» (əl-Kafi, c.2,səh.374, hədis 2)
2702. İmam Kazim (ə):«Allah-taala zəkatı yoxsulların qüvvəsinin təmini və sizin sərvətinizin artması məqsədilə təyin etmişdir.» (əl-Kafi, c.3,səh. 498 , hədis 6)
2703. İmam Rza (ə):«Zəkat verilməyən zaman heyvanlar ölümə düçar olarlar.» (Biharul-Ənvar, c.73, səh.373 , hədis 8)

844. Zəkat verməyən şəxs
2704. İmam Baqir (ə):«Allah-taala Qiyamət günü zəkat verməyən şəxsin sərvətini alovlu və ikihürgüclü əfi ilana döndərər. Həmin şəxsi də onun halqasında yerləşdirər və sonra ilana deyilər ki, «Bu şəxs dünyada sənə yapışdığı kimi, indi sən də onun ətrafını halqaya al.» Allah-taala buyurmuşdur:«Ehsanında xəsislik etdikləri şey tezilklə boyunduruq kimi boyunlarından asılacaqdır…» (Biharul-Ənvar, c.96, səh.8 , hədis 3)
2705. İmam Sadiq (ə):«Zəkat verməyən şəxs ölüm vaxtı gələndə həyata qayıtmaq istəyər. Bunu isə Allah-taala buyurmuşdur:«Onların birinin ölüm anı çatanda deyər:«Ey Rəbbim! Əldən verdiyim şeylərin əvəzinə yaxşı iş görmək üçün məni geri qaytar.» (Biharul-Ənvar, c.96,səh. 21 , hədis 50)
2706. İmam Sadiq (ə):«Oğrular üç dəstədir: zəkat verməyən, qadınların mehriyyələrini (kəbinini) özünə halal bilənlər və borc alıb onu qaytarmamaq niyyətində olanlar.» (Biharul-Ənvar, c.96,səh. 12 , hədis 15)
2707. İmam Sadiq (ə):«Zəkatından bir qirat (Qirat - karat, qiymətli daşların 0,2 qrama bərabər çəki ölçüsü) verməyən hər bir müsəlmana de ki, istəyir yəhudi kimi, istərsə də xaçpərəst kimi ölsün.» (Səvabul-Əmal, səh. 281 , hədis 7)

845. Zəkat düşən şəxslər
Qur’an:
«Zəkat yalnız yoxsullara, miskinlərə, onu toplayıb paylayanlara, ürəkləri (İslama) təzə isinişib-bağlananlara, qullara, borclulara, Allah yolunda və yolda qalanlara Allahın vacibatı kimi məxsusdur.» (Tövbə, ayə60)
Hədis:
2708. İmam Sadiq (ə) («Sədəqələr yalnız yoxsullar üçündür və…» ayəsi barədə): «Yoxsul dilənmək əlini xalqa tərəf uzatmayan kimsədir. Miskinin vəziyyəti yoxsuldan daha pisdir, bais isə vəziyyəti bunların hamısından çətin olandır.» (əl-Kafi, c.3,səh. 501 , hədis 16)
846. Hər şeyin zəkatı var
2709. İmam Əli (ə):«Qüdrətin zəkatı inşafdır.» (Ğurərul-Hikəm, hədis 5448)
2710. İmam Əli (ə):«Gözəlliyin zəkatı ismətdir.» (Ğurərul-Hikəm, hədis 5449)
2711. İmam Əli (ə):«Varlının zəkatı qonşularına yaxşılıq və sileyi-rəhm etməkdir.» (Ğurərul-Hikəm, hədis 5455)
2712. İmam Əli (ə) :«Sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdır.» (Ğurərul-Hikəm, hədis 5455)
2713. İmam Əli (ə):«Şücaətin zəkatı Allah yolunda cihaddır.» (Ğurərul-Hikəm, hədis 5455)
2714. İmam Sadiq (ə):«Sənə oruc tutmağı tövsiyə edirəm. Çünki o bədənin zəkatıdır.» (Biharul-Ənvar, c.78,səh. 99 , hədis 1)
2715. İmam Sadiq (ə):«Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.» (Biharul-Ənvar, c.78,səh. 247, hədis 77)
2716. İmam Sadiq (ə):«Yaxşılıq nemətlərin zəkatıdır. Himayədarlıq məqam və mövqeyin zəkatı, güzəşt isə qələbənin zəkatıdır. Əgər hər bir nemətin zəkatını versən, həmin nemət yox olmaq təhlükəsindən amanda qalar.» (Biharul-Ənvar, c.78, səh. 268, hədis182)

847. Fitrə zəkatı
2717. İmam Əli (ə):«Kim fitrə zəkatı verərsə, bu əmələ görə, Allah-taala həmin şəxsin malından verdiyi zəkatın yerini doldurar.» (Vəsailuş-Şiə, c.6, səh. 220, hədis 4)
2718. İmam Sadiq (ə):«Namaz peyğəmbərə (s) salam göndərməklə tamama yetdiyi kimi, orucun tamamlanmasının şərtlərindən biri zəkatdır, yəni fitrədir. Belə ki, bir şəxs (Ramazan) ayının orucunu tutub, qəsdən fitrəni verməsə orucunun faydası olmaz.» (Mənla Yəhzuruhul-Fəqih, səh.183,səh. 2, hədis 2085)

Redaktor Nəcəf