RAMAZAN AYININ FƏZİLƏTLƏRİ VƏ BƏRƏKƏTLƏRİ
İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə bir aydır ki, Allah-Təala bu ayda bəşəriyyətə özünün ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allah-Təalaya yaxınlaşma mərhələlərini daha sürətlə və daha inamla keçmək mümkündür.
İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində söylədiyi xütbələrdən birində bu ayın əhəmiyyəti haqqında belə buyurmuşdur: "Ey insanlar! Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allah-Təalanın nəzərində bu ay ən bərəkətli aydır, gündüzləri gündüzlərin ən yaxşısı,gecələri gecələrin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu ayda sizlər Allah-Təalanın verdiyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah-Təala dualarınızı müstəcab edir.
Allahdan təmiz ürəklə, saf niyyətlə diləyin ki, bu ayda oruc tutmağı və Qurani-Kərimin tilavətini sizə nəsib etsin. Çünki Allah-Təalanın rəhmətinin ümman kimi dolub daşdığını bu ayda Onun mərhəmət və bağışlanmasından məhrum olan insan bədbəxtdir..."
Bu sözlərdən sonra isə Rəsuli-Əkrəm bu ayda ehtiyacı olanlara sədəqə paylamağı, böyüklərə ehtiram göstərməyi, kiçiklərə məhəbbətlə yanaşmağı, qohum-qardaşdan xəbər tutmağı, dil, göz və qulağı günahlardan qorumağı, yetimlərə nəvaziş göstərməyi, günahlardan tövbə etməyi,davamlı olaraq dua etməyi (xüsusilə namaz vaxtlarında) təkidlə tövsiyə etdi.
Daha sonra İslam peyğəmbəri (s) oruc tutanların başqalarına iftar verməsinin əhəmiyyəti barədə danışdı, hətta bildirdi ki, imkanı olmayan adamlar, heç olmasa, bir xurma dənəsi, yaxud bir içim su ilə bu xeyir işdə iştirak edə bilərlər.
Məhəmməd peyğəmbər (s) öz xütbəsinin sonunda buyurdu: "Ey insanlar! Bu ay behişt qapıları üzünüzə açıqdır. Dua edib Allah-Təaladan istəyin ki, bu qapıları üzünüzə bağlamasın. Bu ayda Cəhənnəm qapıları bağlıdır, ona görə də Ulu Tanrıdan diləyin ki,həmin qapıları üzünüzə açmasın! Şeytanlar bu ay zəncirlənmişlər, Allah-Təaladan istəyin ki, onların sizə ağalıq etməsinə imkan verməsin!". Möminlərin əmiri İmam Əli (ə) buyurdu: "Ya Rəsuləllah, bu ayda ən yaxşı əməl hansıdır?" Buyurdu: "Özünü günahlardan qorumaq!".
Xoşbəxt insanlar o kəslərdir ki, bu ayın ülvi dəyərlərini dərk edir, onun hədsiz-hüdudsuz bərəkətlərindən bəhrələnir, həmçinin bu ayın ibadətləri və orucu sayəsində özlərinin mənəvi və maddi problemlərini həll edirlər.
Əlbəttə, mübarək Ramazan ayının maddi və mənəvi bərəkətlərindən, onun savablarından daha yaxşı bəhrələnmək üçün yalnız oruc tutmaqla kifayətlənmək olmaz, əksinə, günahlardan uzaq olmaq, özünü islah edərək mənəviyyata zidd əməllərdən kənar durmaq lazımdır.
İlahi! Bizim hamımıza dəstək və yardımçı ol, Öz lütf və mərhəmətinə yaxınlaşdır.
Redaktor Nəcəf