1000 aydan üstün gecə
Günü-gündən zülmətləşən dünyanın içində mübarək Ramazan ayı gerçəkdə behiştin bir parçasıdır. Belə ki, maddi dünyanın ədalətsizliklərlə, hərc-mərclik və haqqpozmalarla səciyyələnən ağrıdıcı mahiyyətinidən, yandırıcı cəhənnəmindən sanki bir mənəvi dinclik məqamıdır bu mübarək ay. Nə yaxşı ki, mübarək Ramazan ayı var...
Tükənməz nemətlərlə zəngin bir İlahi ziyafətdir bu nurani ay. Və bu ziyafətin ən şərəfli, ən məzmunlu nöqtəsi, ən şah zirvəsi - Qədr gecəsi və bununla bağlı keçirilən əhyalardır. Nəhayət ki, vücudumuzun əhyasına, oyanışına səbəb ola bilən Qədr gecələri yetişməkdədir.
Qədr gecəsi görülən bütün əməllər digər vaxta edilənlərin 1000 ay misli qədərdir. Misal üçün, insan 1000 ay tövbə edə, bağışlanmaq istəyə, “Allah qapısı”nı döyə. Və bir Qədr gecəsində həmin əməlləri səmimi yerinə yetirə. Təsir və nəticə baxımından bu 1 gecə 1000 aydan daha üstündür! Zatən Rəbbimiz özü bu gecənin qiymətini “Qədr gecəsi min aydan yaxşıdır” (“Qədr” surəsi, ayə 3) olaraq verir.
Qədr gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay Allah yolunda mücadilədən, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə təyin edilir. Bu, bir gecədir ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qurani-Şərifin özündə bildirilir.
Dualar geri qayıtmaz
Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, “..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə yayılırlar; möminlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və onların duaları üçün ”Amin!" deyirlər. Və bu vəziyyət dan yeri sökülənədək davam edir". Və yenə bildirilir ki, “...Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir möminə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz”.
Rəhman və Rəhim Allahın adı ilə
1. Şübhəsiz biz onu Qədr gecəsi nazil etdik.
2. Və Qədr gecəsinin nə olduğunu sən nə bilirsən?
3. Qədr gecəsi min aydan yaxşıdır.
4. O gecədə mələklər və ruh Allahın izni ilə işləri yerinə yetirməyə nazil olarlar.
5. O gecə, fəcrin açılmasına qədər salamatlıqdır.
Redaktor Nəcəf