Baş səhifə
Allah Rəsulunun (s) Mübarək Ramazan ayı haqqında söylədiyi xütbə | Baxış: 1037 | Tarix: 2014.06.24

Allah Rəsulunun (s) Mübarək Ramazan ayı haqqında söylədiyi xütbə

"Ey insanlar, artıq Allahın bərəkət, rəhmət və məğfirət (bağışlama) ayı gəlib yetişdi. Bu ay, Allah yanında ən fəzilətli aydır. Bu aydakı bütün günlər, gecələr və hətta saatlar belə digərlərindən daha fəzilətlidir. Siz bu ayda Allahın ziyafətinə dəvət olunub, Onun dəyərli bəndələrindən qərar verilmisiniz. Bu ayda nəfsləriniz zikr, yuxunuz ibadət, əməlləriniz məqbul və etdiyiniz dualar müstəcəbdir. Bu ayda oruc tutmaq və Quran tilavət etməyə (oxumağa) müvəffəq olmaq üçün Rəbbiniz Allaha səmimi niyyətlə, pak qəlblə dua edin! Həqiqətən, bədbəxt insan o şəxsdir ki, bu əzəmətli ayda Allahın mərhəmətindən və əfvindən məhrum ola. Bu ayda keçirdiyiniz aclıq və susuzluqla Qiyamət gününün aclığını və susuzluğunu yadınıza salın.

Fəqirlərinizə və yoxsullarınıza sədəqə verin, böyüklərinizə hörmət, kiçiklərinizə rəhm edin və qohumlarınızla əlaqə saxlayın. Dilinizi yalan və nalayiq sözlərdən, gözlərinizi harama baxmaqdan, qulaqlarınızı haram olan şeyləri dinləməkdən qoruyun. Yetimlərə şəfqət və mərhəmət göstərin ki, sizin də yetimlərinizə şəfqət göstərsinlər. Etdiyiniz günahlara görə Allaha tövbə edin! Namaz əsnasında əllərinizi (qunut halında) göyə qaldırıb Allaha dua edin! Həqiqətən, bu, elə bir üstün andır ki, Allah öz bəndələrinə rəhmət nəzəri ilə baxar, Onunla munacat etsələr, cavab verər, səsləsələr "ləbbeyk" deyər və dua etsələr, dualarını qəbul edər.

Ey insanlar, əməllərinizin girovu olan canınızı Allahdan bağışlanmaq diləməklə azad edin. Belinizə ağırlıq edən yükünüzü (Allah qarşısında) uzun-uzadı səcdələrinizlə yüngülləşdirin. Bilin ki, həqiqətən, Allah-təala öz izzətinə and içərək insanların Rəbb qarşısında (sorğu-suala) dayanacaqları gün namaz qılanları, səcdə edənləri Cəhənnəm odu ilə yandırmayacağını vəd etmişdir.
Ey insanlar! Bu ayda oruc tutan bir möminə iftar verən hər bir şəxs Allah yanında, sanki bir qul azad etmiş olar və keçmiş günahları bağışlanar. Müsəlmanlardan biri dedi: "Ey Allahın elçisi, bunu etməyə hamımızın gücü çatmaz!"
Allahın Rəsulu (s) buyurdu: "Bir xurma və ya bir içim su verməklə də olsa Cəhənnəm odundan qorunun! Həqiqətən, Allah - bacarmadığınız halda - bu kiçik əməli yerinə yetirdiyiniz üçün sizə həmin savabı verər".
Ey insanlar, hər kim bu ayda öz əxlaqını gözəlləşdirsə, ayaqların sürüşəcəyi gün (Qiyamət günü), Sirat körpüsündən (rahat) keçər.
Hər kim bu ayda öz tabeçiliyində olan insanla xoş davranarsa, Allah-təala Qiyamət günü onun hesabını yüngülləşdirər.
Hər kim öz şərrindən əl çəksə, Qiyamət günü Allah ona qəzəblənməz.
Hər kim bu ayda yetimə qarşı səxavətli olsa, Qiyamət günü Allah ona ehtiram göstərər. Bu ayda qohum-əqrəbası ilə əlaqələri kəsəni isə öz rəhmətindən məhrum edər.
Hər kim bu ayda ona vacib buyurulmuş əməlləri yerinə yetirərsə, Allah-təala ona digər aylarda etdiyi vaciblərin yetmiş savabını verər. Haqq tərəzisində əməllərin yüngülləşəcəyi gün Allah-təala mənə çox salavat göndərən hər bir şəxsin əməl tərəzisini ağırlaşdırar.
Hər kim bu ayda Qurani-kərimdən bir ayə oxuyarsa, ona digər aylarda Quranı xətm etməyin savabı verilər.
Ey insanlar, həqiqətən, bu ayda Cənnət qapıları açıq, Cəhənnəm qapıları isə bağlıdır. Rəbbinizdən Cənnət qapılarını üzünüzə bağlamamasını, Cəhənnəm qapılarının isə üzünüzə açılmamasını diləyin!
Bu ayda şeytanın əlləri bağlıdır. Rəbbinizdən onun sizin üzərinizdə hakimlik etməsinə izn verməməsini diləyin".

Redaktor Nəcəf