Baş səhifə
Quranın baharı - RAMAZAN | Baxış: 520 | Tarix: 2014.06.23

Müqəddəs Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız" ("Bəqərə", 183).

İslam Peyğəmbəri Həzrət Məhəmməddən (s) nəql edirlər: "Hər bir şeyin qapısı vardır və ibadətin qapısı orucdur". "Oruc - cəhənnəm odunun qarşısında bir sipərdir".

İmam Əlidən (ə) nəql edilir: "Ey insanlar! Sadəcə olaraq, "Ramazan" deməyin! Çünki, Ramazanın həqiqi dəyərini bilmirsiniz. Əgər bir kəs belə desə, gərək sədəqə versin və oruc tutsun. Yaxşısı budur, Allah-Təalanın buyurduğu kimi deyin - "Ramazan ayı".

Biz artıq mübarək Ramazan ayında yaşayırıq. Həzrət Peyğəmbərin (s) mübarək kəlamını yada salaq: "Ey insanlar! Həqiqətən də, Allahın mübarək ayı özünün rəhməti, bərəkəti və məğfirəti ilə sizə tərəf gəlir". Özümüzə sual verək: biz buna hazırıqmı? Biz bu gözəl və mübarək ayın fəlsəfəsi ilə tanışıqmı?

Dinimiz bizə öyrədir ki, aylar arasında mübarək Ramazan ayı qədər fəzilətli, onun gündüzləri və gecələri qədər fəzilətli və üstün gündüzlər və gecələr yoxdur.

Bu mübarək ayın fəlsəfəsi nədən ibarətdir? Bəs nə üçün insanlar onun gəlişini belə səbrsizliklə gözləyirlər? Bəlkə, insanın fitrətində olan həqiqət axtarma hissi onu bu, İlahi dəvətə laqeyd olmağa imkan vermir? Allah qonaqlığında iştirak etmək - həqiqətən də çox şərəfli bir işdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, "Oruc tutan insanın hətta nəfəsi də ibadətdir" və "Oruc tutanın yuxusu da ibadətdir" Bu zaman, vücudi axtarışlarla məşğul olan insanın daxilində müəyyən suallar doğur: "Mümkündürmü ki, mən də İlahi ziyafətə dəvət olunmuş bəxtəvər insanlardan olum? Nəfəsi və yuxusu da İlahi zikrlərdən hesab edilən kəslərdən olmaq səadəti mənə də nəsib olacaqmı?"

Səninlə dərdləşməli nə qədər mövzum var! Lakin, böyük təəssüf hissi ilə dərk edirəm ki, bu dünya gündən - günə məni daha çox robota çevirir...

Mən barama qurduna bənzər olmaq istəmirəm! Mən öz əllərimlə toxuduğun baramanın əsiri olmaq istəmirəm! Mən bu qul zəncirlərini qırmaq, bu qul psixologiyasını özümdən kənarlaşdırmaq istəyirəm! Mən qorxu hissindən xilas olmaq istəyirəm! Mən azad olmaq istəyirəm! Mən özümü tanımaq istəyirəm! Mən öz Xaliqimlə sirdaşlıq etmək istəyirəm!

Hədislərdə bildirilir ki, mübarək Ramazan ayında edilən tövbə və dualar mütləq qəbul olunur.

Allahım! Mən, özümün xilasını Səndən istəyirəm. Mən, mübarək Ramazan ayının fəzilətlərini başa düşmək üçün Səndən müdriklik istəyirəm.

Mən xilas olmaq istəyirəm. Mən bu mübarək ayın bütün nemətlərindən faydalanmaq istəyirəm. İslam Peyğəmbəri (s) bu ayda xilas olmağı və İlahi bağışlanmanı qazanmayanları uğursuzlardan hesab edirdi. Mən uğursuzlardan olmaq istəmirəm!

Ya Rəbbim! Sən nə qədər də mərhəmətlisən! Sən mübarək Ramazan ayının imtahanları və çətinlikləri vasitəsilə məni kamilləşdirir və mənə Qiyamət gününün anlamını bəxş edirsən. O günün ki, mənim əməllərimdən başqa heç bir şey dadıma yetişməz!

Ya Rəbbim! Sən necə də lətifsən! Sən bu ayda mənə, öz qəlbimdə insanlara qarşı məhəbbət hissi daşımağı tövsiyə edirsən. Ehtiyaclılar, yoxsullar barədə düşünməyi, onlara yardım etməyi, qocalara qarşı hörmətli, uşaqlara qarşı mehriban, yetım və kimsəsizlərə qarşı diqqətli olmağı Sən mənə öyrədirsən, ey münəzzəh olan Allah!

Ya Rəbbim! Sən mənə dilimi, gözümü, qulağımı ram etməyi öyrədirsən. Sən məni öz mahiyyətimə, mənim üzərimə qoyduğun şərəfli vəzifəyə qaytarırsan.

Bu mübarək ayda qıldığım namazlarda əllərimi Sənin dərgahına uzadaraq, Sənə dua etmək istəyirəm. Axı Sən öz sonsuz mərhəmətinlə bizlərə buyurmusan: "... Məni dua ilə çağırın! Və Mən sizin dualarınızı qəbul edərəm".

Allahım! Bu ayda bədənimin mənə əmanət kimi verilməsi yadıma salınır. Və mən də bu əmanətə görə Sənin qarşında cavab verməliyəm. Məni bəzən çaşqınlıq hissi bürüyür: "Mən öz bədənimi günahlara düçar etmişəmmi?". Bu mübarək ay ərzində, Sənə etdiyimiz səmimi səcdələrimiz vasitəsilə tövbə etmək və öz taleyimizi yüngülləşdirmək imkanını bizə bəxş edirsən.

Ey rəhimlilərin ən Rəhimlisi! Bu ayda bütün bəşəriyyətə hidayət nəsib et!

Ya Rəbbim! öz bərəketlərindən və nemətlərindən öz bəndələrinə bəxş et! Onları bəlalardan hifz elə! Onların torpaqlarını gülüstana çevir! Onlar maarifləndir!

Allahım! Bütün xəstələrə şəfa ver! Düşmən əsirliyində əziyyət çəkən cəmi əsirləri xilas et!

Allahım! Bütün uşaqları özün qoru, onların aqibətini xeyrə qovuşdur!

Allahım! Qoca və ahıllardan öz köməyini əsirgəmə! Yoxsulları Öz nemetlərindən binəsib etmə!

Allahım! Əzab-əziyyət içində inləyən Vətənimizin başının üstünü alan bəlaları ondan uzaqlaşdır! Millətimizə layiqli aqibət nəsib et! İmam Hüseynin (ə) nahaq tökülmüş qanına xatir, qəddar düşmənlərdən öz torpaqlarımızı azad etmək üçün, bizə ləyaqət və rəşadət nəsib et!

Ey Rəhman və Rəhim Allah! Şəhidlərə Öz rəhmətini nəsib et! Onları Kərbəla şəhidləri ilə məşhur et!

Allahım! Sənə layiq olmayan ibadətlərimizi qəbul et, cəhənnəm atəşini bizdən uzaqlaşdır! Bizi öz rəhmətinə qərq et!

Allahım! Özünün Yer üzərindəki xəlifənin - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f) zühurunu tezləşdir! Onun mübarək zühuru ilə Yer üzərində sülhü, əmin-amanlığı və ədaləti bərqərar et!

Rdaktor Nəcəf