Baş səhifə
Zəkatın əhəmiyyəti | Baxış: 478 | Tarix: 2013.05.29

 

İslam alimləri zəkatı dinin zəruriyyətlərindən saymış və onu inkar edəni kafir bilmişlər. Bir gün imam Sadiq (ə) “Nəhcül-Bəlağə”nin 25-ci məktubunda gəlmiş zəkat almağın qayda-qanunları haqda həzrət Əlinin (ə) dilindən nəql etdi. Sonra ağladı və buyurdu: “And olsun Allaha! Hörmətləri tapdaladılar, Allahın kitabına, Peyğəmbərinin (s) sünnəsinə əməl etmədilər.”[1] Zəkat cəmiyyətin iqtisadi dərdlərinin dərmanıdır. İnsan bədəninin üzvlərindən birində narahatlıq yarananda onu hərəkətdən saldığı kimi cəmiyyətin də həmçinin bir dəstəsi çətinliklə üzləşəndə o cəmiyyətin hərəkəti iflic vəziyyətinə düşür. Zəkat cəmiyyətin çətinliklərini həll etmək üçündür. İmam Riza (ə) buyurur: “Allah-taala mənə nemətlər vermişdir. Allahın onlarda mənim üçün təyin etdiyi haqları ödəməyə görə daimən nigaranam.” Həzrətdən (ə) soruşdular: “Bu cür böyük məqama sahib olmaqla yanaşı, siz də zəkatın təxirə düşməsinə görə Allahdan qorxursunuz?” Həzrət (ə) buyurdu: “Bəli.”[2] İmam Sadiq (ə) buyurub: “Allah-taala bu ümmətə zəkat kimi daha çətin olan bir şey vacib etməyibdir. Ümmətlərin əksərinin həlak olmaları onu ödəmədiklərinə görədir.”[3] Həmçinin Qurani-kərim buyurur: “Salehlər hökumət başına çatdığı zaman onların ilk planı namaz qılmaq, zəkat vermək, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyə qadağa qoymaqdır.”[4] Həzrət Rəsulullah (s) and içdi ki, müşrikdən başqa heç kəs zəkat vermək barəsində xəyanət etməz.[5] Həmçinin buyurub: “Ya Əli! Mənim ümmətimdən on dəstəsi kafir olarlar. O dəstələrdən biri zəkat verməyən kəslərdir.” Həzrət Rəsulullah (s) öz xütbəsinin axırında buyurdu: “Ey camaat! Öz mallarınızın zəkatını verin. Əgər hər kəs zəkat verməsə, onun üçün nə bir namaz vardı, nə həcc və nə də ki cihad.”[6] Zəkat müxtəlif rəvayətlərdə İslam dininin bünövrələrindən biri kimi sayılıbdır və belə buyurublar ki, İslam dininin bünövrəsi beş şey üzərində möhkəmlənibdir: Namaz, həcc, zəkat, oruc və vilayət (imamət).