Baş səhifə
Fatimə(s.ə)-nin kitabı. | Baxış: 692 | Tarix: 2014.03.17


Fatimə(s.ə)-nin kitabı.

Bir çox İmamların müxtəlif rəvayətlərində nəql olunmuşdur ki, Fatimə(s.ə)-nin kitabı məsum İmamlardır. O cümlədən «Bəsairüd-dərəcat» adlı kitabda İmam Sadiq(ə.s)-in: «Fatimə (s.ə) özündən sonra bir kitab yadigar qoyub. Bu kitab «Quran» deyildir, lakin ulu Yaradan tərəfindən Fatimə(s.ə)-yə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, O da yazmışdır»,-buyurduğu qeyd edilmişdir.
Əbu Bəsir belə nəql edir:
Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib soruşdum:

– Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki, Peyğəmbər(s) öz elmindən yalnız bir fəsil öyrətmişdir ki, həmin fəsildən də minlərlə qapı açılır. Mənim zənnimcə, həqiqi və kamil elm məhz elə budur.
Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:
– O elmdir, lakin kamil elm deyildir. Əlbəttə, «Məcmuə» bizdədir, amma insanlar hardan bilsin ki, «Məcmuə» nədir? O, yetmiş dirsək uzunluğunda Peyğəmbər(s)-in söylədiyi, həzrəti-Əli(ə.s)-nin dəsti-xətti ilə yazdığı bir tumardır( Böyük parça üzərinə yazılmış yazı). Bütün halal və haram hökmlər, şəri qanunlar orada yazılmışdır, belə ki hətta cırmağın cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur.
Dedim:
– Allaha and olsun ki, bu, kamil elmdir.
–Bu elmdir, lakin kamil elm deyildir. Düzdür, «Cəfr» elmi bizdədir, amma xalqın «Cəfr» elmi barədə heç bir məlumatı yoxdur.
–Bəs «Cəfr» nədir?
–Peyğəmbərin, övliyaların, keçmiş Bəni-İsrail alimlərinin dəri üzərində yazılmış elmidir, ancaq bu da elmi-kamil deyil. Sizin əlinizdəki «Quran»ın üç bərabər ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir. Allaha and olsun ki, «Qurani-Kərim»dən bir kəlmə də olsun bu kitabda yoxdur( Yəni «Quran»ın zahiri mənasından dərk etdiyimiz məna orda yoxdur, əksinə, bizim başa düşdüyümüz «Quran» təfsirləri kimi ona yazılmış bir şərtdir. (Əlavə məlumat almaq üçün «Əyanuüş-şiə» adlı kitabın I c, səh. 97-yə müraciət edə bilərsiniz). Hətta bunu da kamil elm adlandırmaq olmaz. Kamil elm hər gecə və gündüz bir hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir( «Üsuli-kafi» I c, səh.239) .

Redaktor Nəcəf