Baş səhifə
Zəkat verməyin qaydaları | Baxış: 463 | Tarix: 2013.05.29

 

Yoxsullara kömək etmək üçün çoxlu qayda-qanunlar deyilibdir. Onlara riayət etmək bu işin dəyərini artırır. O cümlədən: Siyasi qaydası Maddi köməklər gərək imamət və vilayətin nəzarəti altında (nəinki özbaşına və istədiyi kimi) olsun. Həzrət Əli (ə) buyurur: “İslam hakimindən zəkatı məxfi saxlamaq, bir növ nifaqdır.”[1] Burada məxfi saxlamağın mənası, onu ödəməkdən boyun qaçırmaqdır, nəinki məxfi ödəməsi. Psixoloji qaydası Zəkatı vermək gərək qəlbən razılıq və xatircəmliklə olsun. Həzrət Rəsulullah (s) buyurur: “Hər kəs öz malının zəkatını eşqlə (könüllü) ödəsə, hər bir buğda, arpa və . . . dənəsinin müqabilində Cənnətdə onun üçün bir qəsr verəcəklər.”[2] Həzrət Əli (ə) buyurub: “Zəkatı vermək əgər qəlbin razılığı ilə olmasa, insan uzun peşimançılığa, mükafatını əldən verməyə və azğın əmələ giriftar olacaq.”[3] Digər bir məsələ budur ki, zəkat verən diqqət etməlidir ki, onun hər nəyi vardısa Allahdandır və zəkatı vermək onu eqoistliyə və əməlinin nabüdlüyünə səbəb olan qürura çəkib aparmasın. Buna görə də Quran məscidləri təmir edən namaz və zəkat əhli barəsində buyurur: “Məhz onların doğru yolu tapa bilənlərdən olacağına ümid vardır.”[4] Burada “ümid vardır” kəlməsi bəlkə də bəzən insanın ibadətlərinin qürur və təkəbbürünə görə məhv olub, lazım olan kamala çatdırmamasına görə qeyd olunubdur. İctimai qaydası Əgər zahirdə zəkat yoxsula verilirsə, ancaq həqiqətdə isə onu təhvil alan Allahdır.[5] Bəli, peyğəmbər, imam və yoxsul şəxs Allahın nümayəndəsi və əlidir. Buna görə də onlara kamil şəkildə ehtiram olunmalıdır. Imam Sadiq (ə) öz əshablarından birindən (Ishaqdan) soruşdu: “Öz malının zəkatını nə edirsən?” O dedi: “Yoxsul adamlar mənim yanıma gəlirlər və mən də onlara verirəm.” İmam (ə) buyurdu: “Sənin bu işin yoxsulların alçalmasına səbəbdir. Hər kəs Allahın dostunu alçaltsa, elə bil ki, ona qarşı döyüş pusqusunda oturubdur.”[6] Bəli, yoxsulların zəkatı almaq üçün sənin evinə gəlməsinin əvəzində, gərək zəkatı sən onların mənzilinə aparasan. Digər bir hədisdə oxuyuruq: “Əgər zəkatı alan şəxs zəkat sözünü eşidəndə əziyyət çəkirsə, zəkatı ona verin, ancaq deməyin ki, bu zəkatdır və yoxsul mömini alçaltmayın.”[7] Başqa bir hədisdə isə oxuyuruq: “Əgər bir şəxs hiss etsə ki, yoxsula pul verməyin əvəzinə onlar üçün paltar və başqa şey alsalar daha yaxşı olar, nağd pulun əvəzində onlar üçün paltar və sair şeylər ala bilər.”[8] İslam dini yoxsul şəxsin abır-həyasının qorunması üçün buyurur: “Ona beş dirhəmdən az pul verməyin.”[9] İmam Xomeyni (rəh.) buyurur: “Əgər bir şəxs zəkatı almaqdan utanarsa, müstəhəbdir ki, onu verən zaman qəlbində zəkat niyyəti etsin, ancaq əməldə onu hədiyyə kimi qələmə versin.”[10] Yoxsul şəxsin abır və heysiyyətini təkcə zəkat verən zaman riayət etmək lazım deyil, əksinə onu ödəyəndən sonra da gərək minnət qoymaqla zəkat alan təhqir olunmasın. Çünki Quran buyurur: “Minnət qoymaq və əziyyət vermək, mükafatın batil olmasının səbəbidir.”[11] Əgər bilsək ki, yoxsul şəxs bizim malımızı təmizləyib və onu qiyamət gününə kimi öz öhdəsinə götürən İlahi bir məmurdur, onunla səxavətlə rəftar edərik. İslam dinində yoxsullara ehtiram qoymaq o qədər mühüm sayılır ki, tarixdə oxuyuruq: Həzrət Peyğəmbərin (s) hüzuruna az bir miqdarda mal gətirdilər. Həzrət (s) həmin az miqdarı yoxsulların bəzisinə verdi. Ancaq nigaran oldu ki, məbada digərlərinin qəlbində kin-küdurət yaranar. Onların yanına gəldi və rəsmi şəkildə üzürxahlıq etdi ki, az olduğuna görə hamısına çatmadı və buyurdu: “Mən bunu həssasiyyəti çox olan adamlara verdim.”[12] Vaxt qaydası Həzrət Rəsulullah (s) Əliyə (ə) buyurub: “Zəkatı tez ödəmək möminlərin əxlaqındandır.”[13] Zəkatı verməyə tələsməyin bir neçə bərəkəti vardır. O cümlədən: a) İlahi təklifə olan eşq və məhəbbətin nişanəsidir. b) Zəkatı gecikdirəndə, yoxsul şəxs bir şey tələb etməklə öz abır-həyasını aradan aparmaz. v) Zəkatı ödəməyə mane olan qabağa gəlmiş hər bir hadisənin, xəsis adamların və şeytan vəsvəsələrinin üzünə yolu bağlayır. q) Yoxsullar iztirabdan, nigarançılıqdan və pərişanlıqdan daha tez nicat taparlar. İmam Sadiq (ə) “Yığım günü haqqını (zəkatını) ödəyin.”[14]ayəsi barəsində buyurur: “Səxavətliyə yaxınlaşmaq üçün məhsulları evə aparmamışdan qabaq zəkatını ödəyin.”[15] Aşkarda ödəmək Zəkat verməyin qaydalarına aid digər bir məsələ də budur ki, onları alan yoxsulların abır-həyalarını qorumaq üçün xalis niyyət əlaməti kimi verilən məxfi köməklərdən əlavə, başqalarının da bu işə həvəslə yanaşması, başqalarına kömək etmək cəmiyyətdəki mədəniyyətin bir hissəsi olması və həm də insanın xəsisliklə, etinasızlıqla müttəhim olmaması üçün gərək bəzi vaxtlar zəkatların verilməsi aşkar şəkildə olsun. İmam Sadiq (ə) buyurur: “Allahın vacib etdiyi hər bir işi aşkar yerinə yetirin.”[16] Əlini öpmək Həzrət Əli (ə) buyurur: “Hər zaman öz əlinlə bir yoxsula kömək etsən həmin əlinizi öpün. Çünki həqiqətdə Allah sizin köməyinizi almışdır.”[17] Yoxsul şəxsdən dua etməsini diləmək Rəvayətdə oxuyuruq ki, yoxsulun, ona kömək edən kəsin haqqında etdiyi duası qəbul olduğu üçün ondan sizin haqqınızda dua etməsini istəyin.[18] Öz malınızın hamısını verməyin İmam Sadiq (ə) “Yığım günü haqqını (zəkatını) ödəyin, lakin israf etməyin. . . “ ayəsinin təfsirində buyurur: “Peyğəmbərin (s) əshabından bir şəxs öz malının hamısını Allah yolunda verdi. Lakin öz, həyat yoldaşı və övladları hər şeydən məhrum qaldılar. Allah-Taala da bu qaydada kömək etməyi israf bilir.”[19] Zəkat verilən məkan Həzrət Rəsullahın (s) əshabının malları nisab həddinə çatanda, zəkatlarını məscidə gətirərdilər və Həzrət (s) həmin məkanda toplanmış zəkatı yoxsulların arasında bölərdi.[20] Zəkatı verəndən sonra Həzrət Rəsulullah (s) buyurur: “Hər həs öz malının zəkatını yoxsula versə, namazını müəyyən olunmuş şəraitdə və həddə qılsa, namazdan və zəkatdan sonra əməlini batil edəcək günah etməsə, qiyamət günü hamı ona qibtə edəcək.”[21] Zəkat halal maldan olsun Allah-Taala pak və təmizdir. O təmiz maldan başqa heç bir şeyi qəbul etmir.[22] İslamdan öncə bir dəstə adamın nahaq qazanılmış gəlirləri var idi. Onlar İslam dinini qəbul edəndə qeyri-şəri yolla qazanılmış malları sədəqə vermək istədilər və İslam dini buna icazə vermədi.[23] İmam Hüseyn (ə) buyurub: “Ən yaxşı sədəqə o sədəqədir ki, insan onu alın təri və üzünə qonmuş tozla qazansın və yoxsullara versin.”[24] Zəkat keyfiyyətli maldan olsun Quran buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda infaq etməyincə savaba çatmazsınız.”[25] Quran öz mallarının keyfiyyətsiz hissəsini bölüb Allahın payı qərar verən müşrikləri tənqid atəşinə tutur.[26] Bəli, bu əməl Allahın məqamına bir növ ədəbsizlik sayılır.[27] Quran buyurur: “Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin ən pak və yaxşılarından başqalarına infaq edin və heç vaxt pis və yaramaz şeylərdən infaq etmək fikirində olmayın.[28] Hədisdə deyilir: “Həzrət Rəsulullahın (s) zamanında bir dəstə adam xurmanın[29] ən pis növünü yoxsullara verirdilər. Quran “pis və yaramaz şeylərdən vermək fikrində olmayın” cümləsi ilə onları bu əməldən çəkindirdi.”[30] Məhsul camaatın gözü önündə yığılsın İmam Sadiq (ə) buyurur: “Öz əkdiyinizin məhsulunu axşam yığmayın.” Sonra Həzrət (ə) bu ayəni oxudu: “Yığım günü haqqını (zəkatını) ödəyin.”[31] Yəni məhrum insanların haqqını məhsul yığımı günü verin. Daha sonra Həzrət (ə) buyurdu: “Əgər siz öz məhsulunuzu axşam yığsanız, yoxsullar xəbərsiz olub ac qalarlar və siz də zəkat verməyin bərəkətindən məhrum olarsınız.”[32] Möhsün Qiraəti [1] Bihar, 96-cı cild, səh.27. [2] Camiul-əhadis, 9-cu cild, səh.32. [3] Camiul-əhadis, 9-cu cild, səh.34. [4] Tövbə surəsi, ayə 18. [5] Tövbə surəsi, ayə 104. [6] Camiul-əhadis, 9-cu cild, səh.351. [7] Camiul-əhadis, 9-cu cild, səh.351. [8] Vəsail, 6-cı cild, səh.115. [9] Bihar, 96-cı cild, səh.79. [10] Təhrirul-vəsilə, 1-ci cild, səh.391. [11] Bəqərə surəsi, ayə 264. [12] Camiul-əhadis, 9-cu cild, səh.312. [13] Camiul-əhadis, 9-cu cild, səh.49. [14] Ənam surəsi, ayə 141. [15] Camiul-əhadis, 9-cu cild, səh.195. [16] Camiul-əhadis, 9-cu cild, səh.240. [17] Muhəccətul-bəyza, 12-ci cild, səh.93. [18] Zəkat dər əndişeha, səh.22. [19] Camiul-əhadis, 9-cu cild, səh.200. [20] Camiul-əhadis, 9-cu cild, səh.86. [21] Camiul-əhadis, 9-cu cild, səh.33. [22] Muhəccətul-bəyza, 3-cü cild, səh.89. [23] Camiul-əhadis, 9-cu cild, səh.184. [24] Camiul-əhadis, 9-cu cild, səh.186. [25] Ali-İmran surəsi, ayə 92. [26] Nəhl surəsi, ayə 62. [27] Muhəccətul-bəyza, 2-ci cild, səh.89. [28] Bəqərə surəsi, ayə 267. [29] O elə bir xurma idi ki, onun toxumu çox böyük əti isə az olardı. [30] Camiul-əhadis, 9-cu cild, səh.184. [31] Ənam surəsi, ayə 141. [32] Camiul-əhadis, 9-cu cild, səh.196.