Mövla Əlinin (ə) iman və ibadəti
Həzrət Əli (ə) ibadət, zöhd, iman və təqvada Peyğəmbərdən sonra misilsiz bir şəxsiyyət idi. Bu haqda Rəsulullah (s) buyurmuşdur: «Əgər göylər və yer üzünü tərəzinin bir tərəfinə, Əlinin imanı o biri tərəfə qoyulsa Əlinin imanı ağır gələr». İmam Əli (ə) eşq və məhəbbətlə ibadət edirdi. Çünki o, ibadəti sadəcə vacib olduğu üçün yerinə yetirmirdi. O Allahı həqiqətdə sevirdi və həqiqətin camalından başqa heç bir şey onun gözündə cilvəli görünməzdi. Həzrət Əli (ə) namaz qıldığı və münacat etdiyi zamanlarda gözləri görməz, qulaqları eşitməz, göy və yer üzünü, dünya və içindəkiləri unudurdu. Döyüşlərin birində ayağına bir ox batmışdır. Ağrının çoxluğundan oxun çıxarılması çətinlik yaradırdı. Peyğəmbər (s) buyurdu: «Əli namaza duranda oxu ayağından çıxararsız». Belə də etdilər. Hamının gözü önündə sanki, mövla Əlinin (ə) hissiz olduğunu gördülər. Həzrət Əli (ə) dəstəmaz alarkən titrəyərdi. Allahın əzəməti qorxusundan göz yaşları mübarək saqqalına axardı. Səcdələri çox uzun və səcdəgahı daim göz yaşları ilə islanmış olardı. Səhabələrdən olan Əbu Fərda belə deyir: «Qaranlıq gecədə bir xurmalıqdan keçirdim. Bu zaman bir kəsin münacat və dua səsini eşitdim. Yaxınlaşanda bu adamın Həzrət Əli (ə) olduğunu gördüm, tez bir ağacın arxasında gizləndim. Həzrət çox həzin bir səslə dua edirdi. Cəhənnəm atəşin qorxusundan ağlayıb Allaha sığınır, əfv və məğfirət diləyirdi. O qədər ağladı ki, səssiz bir şəkildə yerə yıxıldı,yatdığını zənn etdim, irəli getdiyimdə quru bir ağac kimi yerə düşmüş olduğunu gördmüş, hərəkət etmədiyini görüncə öldüyünü zənn edərək evinə tərəf qaçdım. Onun öldüyünü Həzrət Fatiməyə (s.ə) xəbər verdim. Həzrət Fatimə (s.ə) onu necə gördüyümü soruşdu. Mən də olub keçəni danışdım. Ondan sonra Fatimə (s.ə) onun ölmədiyini Allah qorxusundan özündən getdiyini bildirdi». İbn Əbil Hədid belə yazır: «Həzrət Əlinin (ə) ibadəti hər kəsin ibadətindən daha çox idi. Çünki günlərin çoxunu oruc tutur, gecələri isə namaz qılırdı. Hətta döyüşdə belə o ibadətləri tərk etmirdi. O öz əməlləri ilə camaata dinin hökmlərini öyrədirdi... İmam Əli (ə) buyurur: «Bir dəstə insan savab üçün Allaha ibadət edər. Bu ibadət tacirlərin ibadətidir. Bir dəstə insanda Allaha qorxudan ibadət edər, bu da kölələrin ibadətidir. Bir dəstə insan da Allaha şükr edərək ibadət edər, bu isə azad insanların ibadətidir». Həzrət Əli (ə) Allah-taalaya ərz edir: «Ey Rəbbim! Nə Sənə Cənnətin tamahına görə, nə də Cəhənnəmin qorxusundan ibadət edirəm. Bəlkə Səni ibadətə layiq gördüyüm üçün ibadət edirəm».
Mövla Əli (ə) zərbətləndikdən sonra məsciddən evə aparılarkən şəfəqin doğduğu yerə baxıb «Ey sabah! Şahid ol ki, Əlini yalnız indi uzanmış olaraq görürsən» - deyə buyurdu. İmam Əli (ə) sırf Allah rizası üçün ibadət edirdi. Bu növ ibadət onun yəqinliyindən qaynaqlanırdı. Necə ki, buyurmuşdur: «Əgər pərdələr (gözümün önündən) götürülsə, yəqinliyimdə hər hansı bir dəyişiklik olmaz». (Yəni) Əli (ə) Allahı o dərəcədə tanımışdır ki, əgər gözlərinin önündən pərdələr götürülsə və Allahı görmək mümkün olsa, yəqin etdiyi Allahdan heç bir dəyişiklik görməyəcəkdir. Zirar ibn Zəşrə Müaviyənin yanında olanda Müaviyə «Əlini mənim üçün təsvir et»-demişdir. O da: «Həzrət Əli (ə) gecələri çox az yatarda, gecə və gündüzləri çox Quran oxuyardı. Canını Allah yolunda verməyə hazır idi. Allah əzəməti qarşısında həmişə göz yaşı tökərdi, yaxınlarına şəfqətli idi, ona zülm edənlərlə sərt davranmazdı, gecənin zil qaranlığında onu ilan vurmuş bir insan kimi büküldüyünü və Allah qorxusundan ağladığını və belə dediyini görərdin: «Ey dünya, mənə naz edirsənmi? Məni özünə məftun etmək istəyirsənmi? Mənim sənə ehtiyacım yoxdur. Sənə üç təlaq vermişəm. Artıq sənə geri dönməyim mümkün deyil». Müaviyə bunları eşitdikdə özünü saxlaya bilməyib ağlamağa başladı: «Ey Zirar yetər, bəsdir, daha danışma, Allaha and olsun ki, Əli belə idi. Allah ona rəhmət etsin».
Həzrət Əlinin (ə) gecə ibadətlərini qeyd etməyi zəruri hesab edirik. Bəli mövla Əlinin (ə) ibadət gecələri... Bu gecələr Əlinin (ə) gecələridir. Onun gecələri başdan-başa həyəcan, qığılcım və şalə saçmaq, ürəyin dərinliklərindən gələn sözlər, əzəli və əbədi məbudun yolunda ürək sözünü bəyan etmək, canını qurban vermək məktəbi idi. İmam Əli (ə) hər şeydə və hər işdə yeganə idi. İbadət və Allahla dərdləşmək yolu da onun özünəməxsus yeganə üsul və yolu idi. Öz sirrini, ürək dərdini Allah-taalaya söyləmək üçün gecələri seçirdi. Gecələr evdən çıxar, şəhər ətrafındakı xurma bağlarına gedərdi. Su quyularına sarı əyilib dərdini, sinəsində qalan, kimsəyə demədiyi fəryadını izhar edərdi.
Gecənin qaranlığı dünyanın üzərinə pərdə salanda Həzrət Əli (ə) Allah-taalanın müqabilində aşiqanə şəkildə münacat edir və öz məbuduna xitab edib deyirdi: «Ey mənim Allahım! Əgər məni sonralar aqibətdə öz düşmənlərinlə bir cərgədə tutacaqsan, məni bəla əhli olanlar arasında Cəhənnəmə varid edəcəksən və öz dostlarının cərgəsindən ayıracaqsansa, ey mənim Mövlam, onda mən Sənin əzabına dözərəm, bəs ayrılığın əzabına necə dözərəm?»...
İbadət və İlahi sitayiş İslam anlamında insan ruhunun yüksəlişi, meracı, və Allaha yaxınlığı, ruhun varlıq və yaranış dünyasının görünməz bir başlanğıcına doğru uçuşu kimi xarakterizə edilir. Bəli, burada müsəlman olan şəxs öz Yaradanına təşəkkür əlaməti kimi bu ibadətləri yerinə yetirir, həmin yolda öz seyr və rəftarını davam etdirərək təkamül məqamına yetişir. Həzrət Əlinin (ə) məktəbində pərəstiş bir məsələdə xülasə olunur: «Haqqı yad etmək və Onu hifz etmək, Ondan qeyri nə varsa yaddan çıxarmaq, həmişə Tanrını yad etməklə yaşamaq».
Redaktor Nəcəf