İmam Hüseynin (ə) mübarək kəlamları
- “Bəzi insanlar dünyanın bəndəsidir və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarların sayı azalır.”
- “Hər kim bağışlasa, əziz olar. Hər kim paxıllıq etsə, xar olar.”
- “İnsan ağlı yalnız haqqa tabe olmaqla kamilləşər.”
- “Ey şiələrim! Sərin su içən zaman məni yad edin!” (“Müstədrəkul-vəsail”, c.17, səh.26)
- “Bir adamın “ey müsəlmanlar” deyə imdada çağırdığını görən və ona cavab verməyən kəs müsəlmanlardan deyildir.”
- “Bura (Kərbəla) bəla və çətinliklər yurdu, karvan və miniklərimizin mənzilgahı, qoca və cavanlarımızın qanına qəltan olan yeridir.”
- “Allah bəndəsinin imanı nə qədər çoxalsa, həyat yoldaşına məhəbbəti də bir o qədər çoxalar. Hər kəs öz həyat yoldaşını möhtərəm saymalı və əziz tutmalıdır.”
- “Elmdən sənə o qədər bəsdir ki, Allahın əzəmətindən qorxasan; nadanlıqdan (cəhalətdən) da o qədər bəsdir ki, öz elminlə qürurlanasan.”
- “Həqiqətən, insanların sizə olan ehtiyacı Pərvərdigarın nemətlərindəndir ki, sizə göndərilmişdir. Bu nemətlərdən bezməyin və nigaran olmayın ki, intiqam kimi üstünüzə qayıda bilər.”
- “Əgər doğrudan da bədənlər ölmək üçün yaranır və böyüyürsə, onların Allah yolunda qılıncla öldürülməsindən gözəl nə ola bilər?!”
- “İnsanı günahlardan və Allaha itaətsizlikdən çəkindirmək yolunda, nəfsani istəklərə qarşı etdiyi cihad, cihadların ən böyüyüdür.”
- “Hər kəs öz din qardaşı üçün yaxşı bir iş görsə, onun əvəzini sabah (Qiyamət günü) alacaqdır!”
- “Ey Adəm oğlu, həqiqətən sən zaman məcmususan, keçən hər gün sənin bir hissəndir.”
- “Həqiqətən mən, ölümü səadətdən başqa bir şey bilmirəm.” (“Mizanül-hikmət”, c.10, səh.93)
- “Əgər mənim yüz oğlum olsa, çox istərdim ki, hamısının adını Əli qoyum.” (“Fürui-kafi”, c.6, səh.15)
- “Pərvərdigarın varlığı gözə görünmədiyi kimi, əql və düşüncədən də gizlidir; yəni, nə ağıl Onun əzəmətini dərk edə bilər, nə də göz Onun qüdrətini görə bilər.”
- “Bir kəsin başqa bir şəxsin namusunu və şəxsiyyətini təhqir etdiyini eşitdiyin zaman, çalış, səni tanımasın.”
- “İnsanların ən güzəştə gedəni intiqam almağa qadir olduğu halda əfv edəndir.”
- “Ən üstün yaxşılıq odur ki, bir şəxs Allah yolunda şəhid olsun; Hər bir itaətsizlikdən və günahdan daha alçaq pislik odur ki, bir kəs valideynlərindən birini öldürsün.”
- “Mən ölümü ancaq xoşbəxtlik, zülmkarlarla bir yerdə yaşamağı isə ancaq kədər və sıxıntı sayıram.”
- “Sənə qarşı Allahdan başqa heç bir köməkçisi olmayan bir kimsəyə zülm etməkdən çəkin.”
- “Mən Allaha və Qiyamət gününə inamı olmayan hər azğının və təkəbbür sahibinin fərmanına tabe olmaqdan Allaha pənah aparıram.”
- “İnsanın, onu Allaha asi olmaqdan saxlayan nəfsinə qarşı cihadı-cihadların ən böyüyüdür!”
- “Sənin ən yaxşı sərvətin odur ki, onun vasitəsilə öz abrını və şərəfini qoruyursan.”
- “Xoş xasiyyət-ibadətdir, sükut (susmaq)- zinətdir.”
- “Boyunbağı cavan qadınların boynu üçün (yaraşıq) olduğu kimi, ölüm də Adəm övladlarının (alnına) yazılmışdır.”
- “Beş şey vardır ki, onlardan istifadə etməyin qarşısını almaq caiz və halal deyildir: su, od, duz, otlaq və elm.”
- “Dua etmək-mömin bəndənin silahı, dinin sütunu, yerlə asiman arasının zinətidir. İşsiz və əməlsiz dua edən adam, kamansız ox atan kimidir.”
- “Babam Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Xilafət Əbu Sufyan övladlarına haramdır!”.”
- “Sabit nemətlərə şükr etmək, gələcək nemətləri əldə etməyə hazırlıqdır.”
- “Sirkə balı çürüdən kimi, qəzəb də imanı çürüdür.”
- “Sənin öz müsəlman qardaşına iftar verməyin və onun qəlbini şad etməyin, sənin oruc tutmağından daha böyük əcrə malikdir.”
- “Şəxsin hər hansı bir islami sünnəti bərpa etmək, qorumaq, təbliğ etmək və yaşatmağı üçün göstərdiyi səy, əməllərin ən üstünlərindəndir.”
- “Var-dövlət sahibinin sərvəti nə qədər artırsa, onun qəm-qüssəsi, çətinlikləri də (bir o qədər) artır.”
- “Sizin canınızın və varlığınızın behiştdən başqa bir qiyməti (dəyəri) yoxdur: Ona görə də onu bundan başqa bir şeyə satmayın.”
- “Hər kəs Allah üçün öz niyyətini xalis etsə, Allah ona zinət və gözəllik bəxş edər.”
- “Hər kəs bizi sevirsə, babamı sevmiş olur; Bizimlə düşmənçilik edən adam babamla düşmənçilik etmiş olur.”
- “Öz müsəlman qardaşlarının şərəf və namusunu müdafiə edən adam üçün behişt vacibdir.”
- “Hər kəs Allahı, Ona layiq olduğu şəkildə sevərsə, Allah ona arzuladığından artıq və həddindən çox əta edəcəkdir.”
- “Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyur. Kim ki, insanların rizasını Allahı qəzəbləndirməklə əldə edirsə, Allah onu insanların ixtiyarına buraxır.”
- “Bidət qoyanın bidətini rədd edənlər, Allah yolunda cihad etmiş kimidir.”
- “Hər kəs Allahın yanında öz mövqeyini başa düşmək istəyirsə, gərək Allahın əzəmətindən özündə nə olduğunu bilsin.”
- “İxtiyarında su, torpaq olan və kasıblığa düçar olan adam, Allahın rəhmindən uzaq olsun.”
- “Həyatı oruc tutmaqda sona çatan adam behiştə gedir.”
- “Canıma and olsun ki, Allahın kitabı əsasında hökm edən, haqq-ədaləti bərqərar edən, haqq dinə malik olan və nəfsini Allah yolunda saxlayan şəxsdən başqası imam ola bilməz.” (“İrşad”, səh.204)
- “Allah-təala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar, ibadət edərlər və ibadət etsələr, Ondan qeyrilərinə ibadət etməkdən ehtiyacsız olarlar.”
- “Həqiqətən müsəlmanların işləri, səmavi hökmlərin icrası İlahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdarlardır.”
- “Pərvərdigara! Sən çağırılanlar içərisində ən yaxın, duanı ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi, ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən...”
- “Bizik Allah hizbinin qalibləri, Allah peyğəmbərinin pak itrəti və yaxın Əhli-beyti, iki ağır və çox qiymətli əmanətdən biri Allahın kitabı olan Qurandır ki, Peyğəmbər bizi Qurandan sonra ikinci əmanət buyurmuşdur. Hər şeyin bəyanı və təfsilatı onda vardır, onda keçmişə və gələcəyə aid olan heç bir batil söz yoxdur. O elə bir kitabdır ki, onun həqiqətlərini təfsir və bəyan edərkən bizə istinad və etimad edilməlidir, onun təvilini bilmək bizə çətin deyil, Quran həqiqətlərinə əməl etməyi həmişə öz fəaliyyət proqramına çevirən bizik, elə isə (bu xüsusiyyətimizə görə) bizə itaət edin ki, bizə itaət etmək sizin hamınız üçün vacibdir. Çünki, Xüdavəndi-aləm onu Özünə və Peyğəmbərinə itaət etməyə layiq hesab etmişdir.”
- “Ey ümmət, əgər siz, biz Peyğəmbər Əhli-beytinə kömək etməsəniz və bizimlə insafla, ədalətlə rəftar etməsəniz, zülmkarlar sizə qalib gələcək və İslam nurunu, sizin Peyğəmbərinizin Quranının nurunu söndürmək üçün çalışacaqlar.”
Redaktor Nəcəf