Baş səhifə
PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə) | Baxış: 657 | Tarix: 2013.10.19

 PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə)

 

Bu rəvayətlər müəyyən məzhəbə xas olmayıb, bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Bu təhqiqatçılardan yalnız İbn Xəldun və Əhməd Əmin Misri kimi bir neçə nəfər onların İslam peyğəmbərindən (s) nəql olunmasına şübhə etmişlər. Bizim əqidəmizə görə, onların da məqsədi bu rəvayətləri zəif qələmə verməkdir. Bəlkə də onları belə bir fikrə vadar edən imam Mehdinin (ə) qiyamı ilə əlaqədar bir sıra xariqül-adə hadisələrin baş verməsidir ki, onları qəbul etmək çətin gəlir. Halbuki “vəhhabi” kimi ən təəssübkeş firqə onu qəbul edir və bu hədislərin “mütəvatir” olduğunu təsdiqləyir. Bu müddəanın sübutu neçə il bundan öncə vəhhabilərin və Səudiyyə dövlətinin himayəsi altında fəaliyyət göstərən “Ümumdünya İslam əlaqələri təşkilatı” tərəfindən imam Mehdinin (ə) zühuru ilə bağlı sorğunun cavabında verilən bəyanatdır. Bu sual Keniyadan Əbu Məhəmməd adlı bir nəfər tərəfindən ünvanlanmışdı. Cavab olaraq bu bəyanat verilmiş və həmin təşkilatın sədri Məhəmməd Saleh Qəzzazın imzası ilə də təsdiq edilmişdir. Bu bəyanatda deyilir: “Vəhhabi məzhəbinin təsisçisi İbn Teymiyyə Mehdi ilə bağlı hədisləri qəbul edir.” Sonra bu haqda Hicazın beş məşhur alimi tərəfindən yazılan bir risalədən sitatlar gətirilir və həmin risalənin bir yerində belə yazılır: “Dünyaya fitnə-fəsad, zülm və küfr hakim olduğu bir vaxtda, Allah-taala dünyanı Mehdinin vasitəsilə haqq-ədalətlə dolduracaqdır. O, on iki nəfərdən ibarət “raşidin” xəlifələrinin sonuncusudur və “Sihah” kitablarına görə, Peyğəmbər (s) bu haqda xəbər vermişdir...”

İmam Mehdi (ə) haqda hədislər Peyğəmbərin (s) bir çox səhabəsi tərəfindən nəql edilmişdir. O cümlədən, Osman ibn Əfvan, Əli ibn Əbi Talib, Təlhə ibn Übeydullah, Əbdür-Rəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məsud, Əbu Səid Xudri, Sovban, Qurrət ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah Ənsari, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Həsin və Ümmü Sələmə də bu zümrəyə aiddir.

İmam Mehdinin (ə) zühuru haqqında səhabələrin də bir çox sözləri nəql olunmuşdur ki, onları da Peyğəmbərin (s) hədisləri ilə eyni səviyyədə hesab etmək olar. Çünki bu məsələnin ictihadla rabitəsi yoxdur. Deməli, səhabələr bu hədisləri Peyğəmbərdən (s) eşitmişlər.

Həmin risalədə yazılır: “Bu iki mətləb (həm Peyğəmbərin (s), həm də səhabələrin rəvayətləri) İslamın bir çox məşhur mənbələrində və “əsl” hədis kitablarında nəql olunmuşdur, o cümlədən, “Sünəni-Əbi Davud”, “Sünəni-Termizi”, “Sünəni-İbn Macə”, “Sünəni-İbn Əmr”, “Müsnədi-Əhməd”, “Müsnədi-İbn Leyli”, “Müsnədi-Bəzzaz”, “Səhihi-Hakim”, “Məacimi-Təbərani”, “Məacimi-Darü-Qutni”, “Məacimi-Əbu Nəim”, “Məacimi-Xətib Bağdadi”, “Məacimi-İbn Əsakir” və s.

Bu məsələ o qədər əhəmiyyətlidir ki, bəzi İslam alimləri Mehdi ilə əlaqədar ayrıca kitablar yazmışlar. Əbu Nəim İsfahaninin “Əxbarul-Mehdi”, İbn Həcər Heysəminin “Əl-qovlul-muxtəsər fi əlamatil-Mehdiyyil-Muntəzər”, Şövkaninin “Ət-tövzihu fi təvatur caə fil-Muntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin “Əl-Mehdi”, Əbul-Abbas ibn Əbdül-Mömin Məğribinin “Əl-vəhmul-məknun fir-rəddi əla Əli ibn Xəldun” kitabını misal göstərmək olar.

Bir çox alimlər öz əsərlərində qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər “təvatür” həddinə çatdığından, həmin hədisləri inkar etmək olmaz. Məsələn, Səxavi (“Fəthul-muğis”), Məhəmməd ibn Əhməd Səfavini (“Şərhul-əqidə”), Əbülhəsən Əbri (“Mənaqibuş-şafei”), İbn Teymiyyə “Fətava”, Süyuti (“Əl-havi”), Şovkani (“Ət-tövzih”) və Məhəmməd Cəfər Kənani (“Nəzmut-tənamur”) imam Mehdi (ə) haqqındakı hədislərin “təvatür” həddinə çatdığını qeyd etmişlər.

Bu bəhsin sonunda isə belə yazırlar: “Alimlərin arasında yalnız İbn Xəldun, Mehdi haqqında olan hədislərə irad tutmaq istəmişdir. Amma din böyükləri və İslam alimləri onun sözünü rədd etmiş, hətta İbn Əbdül-Mömin kimiləri bu mövzuda ayrıca kitablar yazmışlar. Bir sözlə, hədis hafizləri və din alimləri açıq-aşkar qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər “səhih” (doğru) və “həsən”dir, ümumilikdə “təvatür” həddinə çatmışdır.”

Nəhayət, onlar belə nəticəyə gəlirlər: “Mehdinin (ə) zühuruna inam hər bir müsəlmana vacibdir. Bu əhli-sünnənin etiqadi əsaslarından biridir. Nadanları və bidətçiləri istisna olmaqla, heç kim bunu inkar etmir.”

Qeyd etmək lazımdır ki, təhqiqatçıların əqidəsinə görə, imam Mehdiyə (ə) yalnız müsəlmanlar deyil, həm də digər dinlərin ardıcılları inanır və böyük dünyəvi islahatların intizarını çəkirlər. Bu onların da mənbələrində qeyd olunmuşdur. (Bu barədə məlumat əldə etmək istəyənlər imam Mehdinin (ə) zühuru ilə bağlı yazılmış kitablara müraciət edə bilərlər.

Redaktor: Nəcəf