Baş səhifə
MÖMININ DÜNYAYA BAXIŞI | Baxış: 666 | Tarix: 2013.08.11

MÖMININ DÜNYAYA BAXIŞI

DÜNYAYA VURĞUNLUQDAN ÇƏKİNMƏK
Əgər həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) buyuruqlarına diqqətlə nəzər salsaq aydın olar ki, axirətə diqqət və dünyaya vurğunluqdan çəkinmək olduqca mühüm məsələlərdir. Bu da qeyd olunmalıdır ki, Əhli-beytə məxsus bütün təlimlər və bu şəxsiyyətlərin bütün buyuruqları Qurani-Kərimdən əxz olunmuşdur. Başqa sözlə, bu şəxslər bir növ danışan Qurandırlar. Onların həyatına yaxşı nəzər saldıqda hər an Quran məntiqləri ilə qarşılaşırıq. Əhli-beyt buyuruqlarının özündə təsdiqlənir ki, bu buyuruqlar Qurandandır. Eləcə də bildirilir ki, Əhli-beytin (ə) başqalarından üstünlüyü Qurandan hamının dərk etmədiyi mənaların onlar tərəfindən dərk olunmasıdır.
Qurani-Kərimin təkid etdiyi məsələlərdən biri dünyanın müvəqqəti və etibarsız olmasıdır. Quran dünyanı insanın kamillik yolunda maneə bilərək axirəti üstün tutur. Hətta dünyaya vurğunluq küfr sırasında təqdim olunur. «İbrahim» surəsinin 2-3-cü ayələrində buyurulur: «Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tuturlar». Ayəyə əsasən kafirlər dünyanı axirətdən üstün tutan şəxslərdir. Onlar dünyanın ötəri ləzzətlərini əbədi axirət səadətindən üstün tuturlar.
İmam Sadiq (ə) Qurani-Kərim şivəsi ilə Əbdullah ibn Cündəbə buyurur: «Xoş o insanın halına ki, kafirlərə verilmiş dünya malına baxanda həsrət çəkmir! Xoş axirəti seçib, bu yolda çalışanın halına! Xoş yalan arzulara aldanmayanın halına!» Bu rəvayət «Taha» surəsinin 131-ci ayəsini xatırladır: «Kafirlərin bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz var-dövlətə həsrətlə baxma». Əlbəttə ki, bu ayədə zahirən peyğəmbərə müraciət olunsa da göstəriş hamıya şamildir.
Təbii ki, gözləri açıq insan yolda və ya işdə təsadüfən başqalarının mülkünü görə bilər. Bu baxış ötəridir. Amma bəzən insan gördüyü səhnənin təsiri altına düşür. Ayədə məhz bu başqalarına verilmiş dünya malına göz dikməmək tapşırılır.
İnsanlar malik olduqları dünya malının miqdarına görə fərqlənirlər. Bu fərqlərin məntiqi əsasları vardır. Başqalarının gözəl mülkə, qiymətli avtomobilə, dəniz kənarında bağa malik olduğunu görməklə həsrət çəkən insan bu nemətləri əldə etmək həvəsinə düşür. Əvvəlcə halal yolla çalışır. Müvəffəq olmadıqda qaranlıq yollara da baş vurur. Bu yolla da arzusuna çatmayanlar harama əl atır. Var-dövlət qazanmaq üçün borc götürür. Borcu ödəmək üçün sələmə razı olur və nəticədə harama düşür. Çoxları da bu yolla məhv olublar; əllərindəki halal sərvəti itirərək zəlalət uçurumuna yuvarlanıblar.
Belə bir pis aqibətlə üzləşmək istəməyən insan əvvəlcədən günahın qarşısını almalı, başqalarının var-dövlətinə göz dikib həsrət çəkməməlidir. Dünya malı şirin olsa da insanın ona vurğunluğu əbədi axirət həyatından məhrum olmaqla nəticələnir.
SOSİAL BƏRABƏRSİZLİKLƏRİN FƏLSƏFƏSİ
Nə üçün insanların bir qismi dövlətli, digər bir qismi isə kasıbdır? Əvvəla var-dövlətin çoxluğu Allahla dostluq yox, imtahan əlamətidir. «Ənfal» surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, var-dövlət və övlad sizin üçün yalnız bir imtahandır». Başqa bir ayədə oxuyuruq: «Biz sizi xeyir və şərlə sınağa çəkərik» Dilimizə sınaq mənasında tərcümə olunmuş sözə Quranda «fitnə» kimi işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa sözlə, sınaq kimi tanıtdırılır. İnsan var-dövlət qazanıb onu sərf edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi? Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?! Əlbəttə ki, dünya son məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir halda ki, dünyanın ömrü imtahan bitənədəkdir, ona könül verməyə də dəyməz. Dünya, üzərində suallar yazılmış imtahan vərəqi kimidir. Bu kağızın gözəl olub-olmamasının əsl məqsədə heç bir dəxli yoxdur. Əsl məqsəd suallara düzgün cavab yazmaqdır.
Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki, dünya nemətləri Allah nəzərində biz düşünmədiyimiz kimi dəyərli deyil. Qurani-Kərimin bir çox ayələrində dünya nemətləri axirət nemətləri ilə müqayisə olunur və təbii ki, axirət nemətlərinə üstünlük verilir. «Axirət ruzisi daha xeyirlidir» buyurulur. İnsana dünya nemətlərinə uymayıb axirət nemətləri haqqında düşünmək tapşırılır. Bəli, əsl ruzi olan, yəni «Allah ruzisi» adlandırılan əbədi axirət nemətlərinin ardınca getməyə dəyər.
AXİRƏT NEMƏTLƏRİNİN DÜNYA NEMƏTLƏRİNDƏN ÜSTÜNLÜYÜ
Əlbəttə ki, bütün nemətlər, ruzilər Allahdandır. Amma daha üstün şərafətə, dəyərə malik olan şeyləri Allah özünə aid bildirir. Məsələn, yer üzündə olan bütün evlər (məscidlər) Allahındır. Amma Kəbə evi xüsusilə ona aid edilir. Bu xüsusiyyət «izafeyi-təşrifi», yə´ni «şərafət əlavəsi» adlanır. Başqa bir misal: Bütün canlıların malik olduqları ruh Allahın ətasıdır. Amma Allah-təala yalnız insandakı ruhu öz ruhu adlandırır: «Mən ona surət verib ruhumdan üfürdüyüm zaman, siz ona səcdə edin»
Bütün dünya nemətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət nemətlərini nəzərdə tutduğundan, dünya nemətlərini Allah ruzisi adlandıra bilmərik. «Ənfal» surəsinin 67-ci ayəsində buyurulur: «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir». Tövbə surəsinin 55-ci ayəsində oxuyuruq:«Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər». Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!
Dünyapərəstlər bir ömür zəhmətlə, başqalarına zülm-sitəmlə, insanların haqqına təcavüz etməklə qəpik-qəpik yığdıqları pulu bir dəfəlik əldən verərlər. Allah-təala onların dözülməz narahatçılıqla kafir olaraq öləcəklərini bəyan edir. Belə bir ölüm həmin imtahanın dəhşətli nəticəsidir. Allah bu təbirlərlə insanı dünyaya vurğunluqdan çəkindirmək istəyir.
Aydın oldu ki, ayə və rəvayətlər insanı dünya bər-bəzəyinə göz dikməməyə çağırır. İnsan fitrətində dünyaya meylin mövcudluğunun səbəbi barədə sonra danışacağıq.
VAR-DÖVLƏT FAYDALI OLA BİLƏRMİ?
Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrəti Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir.
Allah-təala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: «Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik». Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…» Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «...Sən demə, kafirlər nicat tapmayacaqlarmış».
Allah-təala bu hədisləri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.
 
Redaktor: Nəcəf