Baş səhifə
NƏFSIN HESABI | Baxış: 464 | Tarix: 2013.08.11

NƏFSIN HESABI

MƏNASIZ, ŞÜBHƏLİ VƏ İKRAH DOĞURAN İŞLƏRDƏN ÇƏKİNMƏYƏ DİQQƏT
Ötən söhbətdən belə bir nəticəyə gəldik ki, Əhli-beyt məktəbinə bağlanmayan şəxs İslamı tanımaq imkanında deyil. Bu məktəbə bağlananlar isə gündəlik əməllərinin hesab-kitabını aparmalı, buraxılmış nöqsanların nəticələrini aradan qaldırmaq üçün müəyyən tədbirlər görməlidirlər.
İnsan etdiyi əməllərə görə hansı nəticə ilə üzləşəcəyini bilmək üçün bu başdan əməllərini düzgün qiymətləndirməlidir. Gün uzunu pul-parasını hesablayan insan əməllərini də hesablamaq üçün vaxt ayırmalıdır. Ticarətlə məşğul olan hər bir şəxs daim qazancını hesablayır. Bəzən isə hesab-kitabdan aydın olur ki, nəinki qazanc yoxdur, hətta sərmayə də əldən çıxmışdır. Belə də ola bilər ki, sərmayəsini verib aldığı şey insanın cisminə, ruhuna, ailəsinə zərər vurub, üstəlik, rüsvayçılıq da gətirsin.
Amma alış-verişdə hesab-kitaba riayət edən tacirlər zərərdən qaçmaqla yanaşı daha artıq qazanc əldə etmək üçün çalışırlar. Belə tacirlər heç vaxt 1000 dinar qazancı qoyub 999 dinar qazanc ardınca getməzlər.
İnsanın dini vəzifələrinin icrası da belədir. Bəzən insan elə günah əmələ yol verir ki, dünya və axirətdə rüsvay olur. Əsl tacir nəinki müamiləsindəki zərərdən, hətta qazanc almamasından da narahatdır. Günah əməl müamilədə zərərə uyğundursa, bəs qazancsız müamilənin oxşarı hansı əməldir? Bu sayaq faydasız əməllər İslamda «ləğv» adlanır. Qurani-Kərimin «Muminun» surəsinin 3-cü ayəsində oxuyuruq: «Möminlər o kəslərdir ki, ləğv (faydasız) işlərdən çəkinərlər». Axı qazanmaq imkanı olan insan nə üçün zərər etməlidir?!».
Bəzi tacirlər, hətta gecə də narahat yatırlar ki, görəsən sabahkı alverin qazancı nə qədər olacaq, mal eyibli çıxacaqmı? İnsan əməllərinə də belə yanaşmalıdır. Haram olub-olmadığı bilinməyən və ya şübhə doğuran əməllərdən çəkinməli, etdiyi əməllərdən nigaran qalmalıdır.
Bir halda ki, heç bir insan yaxşı malı qoyub şübhəli mala sahib durmur. Nə üçün halal işlər dura-dura haram və ya şübhəli əməllərə yol verməliyik?! Şübhəsiz ki, faydasız və ikrah doğuran işlərə sərf etdiyimiz ömrün üzücü peşmançılığı vardır. Ömrün qədrini bilən insan yalnız səmərəli işlərlə məşğul olmalıdır.
ÖVLİYALARIN İBADƏTƏ BAXIŞI
İmanın aşağı mərtəbəsində olan bəndələr vacib əməllərin icrası və haramlardan çəkinmək üçün Allahdan yardım istəməlidirlər. Amma elə bəndələr də vardır ki, onlar bu məsələdə daha dərin baxışa malikdirlər. Onların hesabı da adi insanların hesabından fərqlənir. Onlar harama qətiyyən yol vermir, təsadüfən şübhəli məsələlərdə büdrəyirlər. Haramdan uzaq olan bu insanlar mənasız, ləğv işlərinə görə narahat olurlar. Belələri axirətləri üçün faydasız işlərdən kənarlaşmağa çalışırlar.
Biz elə düşünürük ki, vacib və müstəhəb (bəyənilmiş) əməllər məhduddur və əksər əməlimiz mübah (nə vacib, nə haram, nə müstəhəb, nə də məkruh olmayan adi əməllər, məsələn, nəfəs almaq) sinfinə aiddir. Hansı ki, bu əməllər də hansısa bir baxımdan ikinci dərəcəli vacib ola bilər. Bu ikinci dərəcəli vacibləri də nəzərə alsaq, ümumən vacib işlərin icrası üçün ömrümüz azlıq edər. Məsələn, öz ətrafındakıların suallarını cavablandırmaq üçün ruhaniyə 24 saat azlıq edə bilər. İndi özünüz müəyyənləşdirin ki, bəşəriyyəti Əhli-beyt maarifi ilə tanış etmək üçün nə qədər vaxt lazımdır. «Nisa» surəsinin 58-ci ayəsində buyurulur: «Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarasınız». Əhli-beyt maarifi ruhanilərin əlində əmanətdir. Bu əmanətin sahibi isə bəşəriyyətdir. Ruhanilər yalnız bu vəzifələrinə lazımı diqqət göstərsələr, heç bir müstəhəb işə vaxt qalmaz. Diqqətli, dərin baxışa malik insanlar vacib və müstəhəb olmayan işə görə tövbə edirlər. Çünki Allah vaxtını boş keçirənləri sevmir. Bu insanlar günün sonunda haram iş görmədiklərini nəzərə alıb rahatlandıqları kimi, boş keçirdikləri vaxta görə də təəssüf edirlər. Onlar nəyə baxdıqlarını, nə danışdıqlarını, nə eşitdiklərini bir-bir xatırlayaraq əməllərində nöqsan axtarırlar. Faydasına əmin olmadıqları hər bir iş onlara sıxıntı gətirir.
HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?
Söhbətimizin bu hissəsinə qədər qeyd etdiyimiz sifətlərdən üstünləri də vardır. Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqında buyurulur: «Namaz dinin sütunudur». Görən bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı?
İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.
Əlbəttə ki, çoxlarının səviyyəsi deyiləndən aşağıdır. İnsanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Bir dəfə iki rəkət gecə namazı qılmaqla insan necə qüdrətlənə bilər?! Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək. Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. Həzrət Əli (ə) buyurur: «Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın»
Onlara oxşamağa çalışaq! Əhli-beytin varlığından xəbərdar olan insan Əhli-beyt ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir.
Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Günahkarlar üçünsə namazda Allahdan qeyrisini düşünmək də bir günahdır.
Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni bir dərəcədə deyildir. «Bəqərə» surəsinin 253-cü ayəsində buyurulur: «Bəzi peyğəmbərləri o birilərindən üstün etdik». Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər. Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Namazdan başqa vaxtlarda düşünmək fikrimiz də olmur. Mərhum İmam isə «aləm Allahın hüzurudur» buyurardı. Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: «Heç bir müamilə və ticarət onları Allahın zikrindən ayırmaz». Bu çox ali bir məqamdır. Hətta dərs gedişində Allahın zikrindən ayrılmayan ruhanilər vardır.
ÖVLİYALARIN ALLAHA SIX BAĞLILIĞI
Belə bir bağlılıq mümkündürmü? Mümkündür, bunu təsəvvür etmək çox çətindir. Amma bacarmadığın işi qeyri-insani-mümkün hesab etmək məntiqə sığmır. Allahdan elm öyrənmək üçün Onu düşünməyi yol hesab edən adam bu düşüncədən ayrıla bilərmi? Özünü Allah hüzurunda bilən adam Ondan qəflətdə qala bilərmi? Belə insan danışdığı sözlərdə Allahın razılığını gözləyir. Bəli, belə bəndələr vardır. Onları tanımamağımız onların yoxluğuna dəlalət etmir. Məhz onların varlığı səbəbindən yer üzü mərhəmətə bürünmüşdür. Həyatın davamı üçün həqiqi Əhli-beyt aşiqlərinin varlığı mühüm şərtdir.
Öz əzizini əldən vermiş adamın fikri daim onun yanındadır. Belə bir itkiyə məruz qalmış insan hər hansı bir işlə məşğul olsa da əzizinin fikrindən ayrıla bilmir. Allahı tanıyıb, Onun camal və cəlal sifətlərindən xəbərdar olanlar üçün Allahdan əzizi, Allahdan yaxını yoxdur. Əgər məhəbbət varsa daim məhbub haqqında düşünmək təbii bir haldır. «Bəqərə» surəsinin 165-ci ayəsində oxuyuruq: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir».
Allahdan diləmək, Əhli-beyt göstərişlərindən istifadə etmək və onlara bağlanmaqla qəlbimizi Allahın mərifət və məhəbbət nuru ilə işıqlandıra bilərik. Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz.
ŞEYX ƏNSARİDƏN BİR XATİRƏ
Allahın həqiqətən Onu sevən bəndələri vardır. Onlar bu sevgini heç nə ilə dəyişməzlər. Belələri Allahla ünsiyyət üçün fürsət axtarırlar.
Mərhum Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su gətirməyə gedirlər. Şeyx su gələnədək iki rəkət namaz qılmaq qərarına gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin 50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.
Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar həqiqətdir, Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında həqiqət!
 
Redaktor: Nəcəf