Baş səhifə
ƏLİ MÜRÜVVƏTİ | Baxış: 904 | Tarix: 2013.08.11

 

ƏLİ MÜRÜVVƏTİ

Müaviyə və Əli (ə)-ın qoşunları Fərat kənarında bir-birləri ilə üzləşirlər. Müaviyə göstəriş verir ki, onun döyüşçüləri tez, Əli (ə) və onun qoşunu çatmamış suyu onların üzünə bağlasınlar. Bu göstəriş Müaviyənin ətrafındakıları çox sevindirir. öz-özlərində fikirləşirlər ki, yaxşı vasitədən istifadə etdik, çünki Əlinin qoşunu çatanda su əldə edə bilməyəcək və nəticədə qaçmaq məcburiyyəti qarşısında qalacaqdır.
Əli (ə) məsələdən xəbərdar olanda belə buyurur: Əvvəlcə müzakirə aparaq, bəlkə məsələni bu yolla həll edə bildik. (Necə deyərlər əl ilə açıla bilən düyünü dişlə açmayaq.)
Elə bir iş görək ki, iki müsəlman dəstəsi arasında döyüş baş verməsin və qan tökülməsinin qarşısı alınsın. Sonra Müaviyəyə xitab edərək belə deyir: Sən biz çatmamış belə işə əl atmısan! Müaviyə döyüş şurası yaradaraq məsələni öz əsgər və sərkərdələri ilə müzakirə edərək belə deyir: Siz nə məsləhət görürsünüz? Onları su içməyə azad qoyaq ya yox? Bə᾽ziləri suyun azad buraxılmasına, bə᾽ziləri isə bunun əksini bildirdilər. Əmr As dedi: Azad qoyun, çünki azad qoymasanız zor gücünə suyu sizdən alacaqlar və sizin abrınız gedəcək. Axır ki, Əli (ə)-ın qoşununu azad su içməyə buraxmadılar və onu müharibəyə girişmək məcburiyyəti qarşısında qoydular. Belə bir vəziyyətdə Əli (ə) öz qoşunu qarşısında tə᾽siri minlərlə təbil, şeypur, hərbi nəğmə və marşdan yüksək olan belə bir xütbə oxudu: «Müaviyə bir qrup azğını ətrafına toplayıb və onlar suyu sizin üzünüzə bağlayıblar; bilirsiniz nə ediblər? Suyu sizin üzünüzə bağlayıblar. Ey mənim səhabələrim! Teşnəsiniz? Su istəyirsiniz? Mənim yanıma suyunuz olmadığı üçün gəlibsiniz? Camaat! Nə etməli olduğunuzu bilirsiniz? Əvvəlcə gərək qılınclarınızı bu rəzil qanlarla suvarasınız, sonra özünüz sudan içib doyasınız.» Sonra elə bir cümlə dedi ki, hamını həyacanlandırdı. O, həyat və ölümün qəhrəmanlıq və hərbi baxımdan olan tə᾽rifini belə dedi: Ey camaat! Həyat nədir? Yaşamaq nə deməkdir? ölüm nədir? Həyat torpaq üstündə yerimək, yemək və yatmaqdan ibarətdirmi? Xeyir, nə o həyatdır və nə də bu ölüm! Həyat odur ki, öləsiniz, amma qalib gələsiniz, ölüm odur ki, sağ olasınız, amma başqalarının hökmü altında qalasınız! Bu cümlə nə qədər gözəl və igidliyin ali dərəcəsindədir!? İndi Əli (ə)-ın qoşununun qarşısını güclə almaq olarmı? İki dəfəyə hücuma keçdilər, Müaviyə və onun qoşununu sudan neçə kilometr uzağa qovdular. Su Əli (ə)-ın qoşununun ixtiyarına keçdi. Onlar suyun qabağını kəsdilər və Müaviyə susuz qaldı. Müaviyə xahiş üçün adam göndərdi. Əli (ə)-ın səhabələri dedilər ki, bizim sizə su verməyimiz qeyri-mümkündür, çünki bu işi əvvəlcə biz yox, siz etdiniz və indi biz sizə su verməyəcəyik. Amma Əli (ə) belə buyurdu: Mən belə iş görməyəcəyəm; bu namərdlikdir; mən düşmənlə döyüş meydanında üzləşəcəyəm; bu cür təzyiqlər yolu ilə qələbə qazanmaq istəmirəm; bu cür yollarla qələbə qazanmaq nə mənim və nə də heç bir şərəfli müsəlmanın şə᾽ninə yaraşmaz.
Bu işin adı nədir? Buna mürüvvət və mərdlik deyirlər. Mürüvvət şücaətdən də üstündür. Mövlana, Əli (ə)-ın mədhində deyilmiş ən gözəl şe᾽rlərdən birində necə də gözəl söz deyib. O, Əli (ə)-a xitab edərək belə deyir:

Dər şücaət şire rəbbanisti
Dər mürüvvət xod ki danəd kisti

 

Mə᾽nası:

Şücaətdə Allahın şirisən, amma mürüvvətdə kim olduğunu yalnız özün bilirsən.
Mövlananın məqsədi budur ki, sənin mürüvvətdə kim olduğunu heç kəs vəsf edə bilməz.

Biz Əli (ə)-ı burada məxsus bir mövqe, səhnə və vəziyyətdə görürük.
Mə᾽nası:

Redaktor: Nəcəf