Baş səhifə
Zikr məqamı və Həzrət Fatimənin (s.ə.) təsbihi | Baxış: 560 | Tarix: 2013.07.28

 

Zikr məqamı və Həzrət Fatimənin (s.ə.) təsbihi


Allah-təala buyurur: “Ancaq (tövbə edib Rəbbinə) dönən kimsə zikr edər!” ("Ğafir" surəsi, 13-cü ayə.) Quran ayələri və Əhli-beytin (ə) rəvayətlərində diqqət yetirilmiş əxlaqi məqamlardan biri də, bütün işlərdə Allah-təalanı zikr etmək və xatırlamaq məqamıdır. Dil və qəlblə zikr etmək insanın nəfsi istəklərlə mübarizə etməsinə bais olur. Allah qüdsi hədisdə buyurur: “Mən, Məni yad edənlə birgəyəm.” ("Mustədrək əl-vəsail", c-5, səh. 286, "İstihbab zikr əllah əla kulli hal" babı.) Qəlbi zikrin mənəvi nemətlərdən olmasına baxmayaraq, amma zikr əgər dillə də olsa, onun çoxlu faydaları vardır. Çünki, Allahın adı və zikri cari olan dil, insanın başqa üzvlərinə də təsir qoyur və yavaş-yavaş insanı qəlbi zikrə çatdırır.

Təsirli və Peyğəmbər (s) və imamların (ə) təkidlə sifariş etdiyi zikrlərdən biri də, hər bir namazdan sonra Həzrət Fatimənin (s.ə) təsbihatıdır. Həzrət İmam Sadiq (ə) Həzrət Zəhranın (s.ə) təsbihatının savabı barədə buyurur: “Həzrət Fatimənin (s.ə) təsbihi hər gün bütün namazlardan sonra deməyi, hər gün min rəkət namaz qılmaqdan daha üstün sayıram!” ("Təhzib əl-əhkam", c-2, səh. 105, "Kəyfiyyət əs-səlati və sifatuha" babı.) Bu çox qəribə hesabatdır. Amma, məhdud olmayan və rəhməti sonsuz olan Allah-təalanın, bir dəfə ixlasla "Allah" demək qarşılığında milyonlarla rəhməti bəndəyə nəsib etməsi mümkündür. Buna görə, bu zikrin əhəmiyyətindən qafil olmamaq lazımdır.

Öz qızına o qədər məhəbbət bəsləyən Peyğəmbər (s), əgər bu zikrdən daha faydalı başqa bir zikr olsaydı, mütləq onu qızına öyrədərdi. Buna əsasən, hər namazdan sonra Həzrət Fatimə (s.ə) zikrini deməyin qəlbi hazırlıq icad edilməsində mühüm rola malikdir. Bu elə bir kamil zikrdir ki, "təkbir" ("Əllahu əkbər" demək), "təhmid" ("əl-Həmdu lillah" demək) və "təsbih"i ("Subhanəllah" demək) özündə cəmləyir. Bütün bunlar Allahın ad və əzəmətini xatırlamaq üçün bir bəhanədir.

İnsan namaz qılmaq niyyəti etdikdə əllərini yuxarı qaldırıb "təkbirətül-ehram" deyir. Yəni, dünya və ona bağlılıqdan əl üzür, hər bir şeyi arxaya atır və elə bir səfərə çıxır ki, orada Allah-təaladan başqası yoxdur. Buna görə deyilib ki; “Qəlbi hazırlıq olmadan namaz kamil olmaz.” Namazı bitərkən isə deyir: “Allahın salamı, rəhmət və bərəkəti sizə olsun.” Səfərdən qayıdan şəxs camaata salam verməlidir. Namazın sonundakı bu salamın mənası budur ki, mən Allaha doğru olan səfərdən qayıdıram.

Məclis bitdi və ömrümüz sona çatdı

Biz isə, hələ də Sənin vəsfinin əvvəlində qalmışıq.


Nə qədər yaxşılıq varsa, Ona məxsusdur. Yaxşıların sahib olduğu kəramət, Allahın onlara əta etdikləridir. Buna görə, "Əllahu əkbər"in mənası bu deyil ki, Allah daha böyükdür. Əksinə, İmam Əlinin (ə) buyurduğu kimi; “O Allah ki, Onun vəsfi üçün hədd və hüdud yoxdur.” ("Bihar əl-ənvar", c-4, səh. 247, 4-cü bab: "Cəvami ət-təvhid" babı.) Onun vücüdü vəsf olunmaqdan böyük, sonsuz və qeyri-məhduddur. "Əl-Həmdu lillah" yəni, bütün sitayişlər Allaha məxsusdur. Əgər insan yazda ağacların çiçəklərini, bağın güllərini tərifləyir və onları gözəl sayırsa, həqiqətdə Allaha sitayiş edir. Çünki, yaxşılıq və lətafəti O gülə mərhəmət etmişdir. "Subhanəllah" deməklə də Allahı bütün nöqsanlardan pak bilir.

Hər halda, Allahı zikr və yad etmək Allaha doğru seyr və sülukda olanların əxlaqi məqamlarındandır. Bunun ən yaxşı növü isə, Həzrət Fatimənin (s.ə) təsbihləridir. Xüsusilə də, əgər onun təsbehi Həzrət İmam Hüseynin (ə) qəbrinin türbətindən olsa. Bir hədisdə İmam Sadiq (ə) buyurur: “Kimdə İmam Hüseynin (ə) qəbrinin türbətindən olan təsbeh olsa, onunla təsbih etməsə belə, onun üçün təsbih savabı yazılar.” Başqa bir hədisdə buyurur: "İmam Hüseynin qəbrinin türbətinə səcdə etmək, təkəbbür, həsəd və s. kimi yeddi hicabı aradan qaldırar".

Allaha bəndəlikdə sədaqətli olmaq lazımdır. Əgər bəndə özünü etiqadlı bilsə və öz bəndəliyində sadiq olsa, namazda, yəni, "yalnız Sənə ibadət edir və yalnız Səndən yardım istəyirik!" deyir, buna əsasən, mühüm bir iş qarşıya çıxdıqda məsələn Həsənin, Qəfərin və başqalarının evinə getsək, filan qrupu, filan məmuru vasitəçi etsək və Allahı unutsaq, bəndəlikdə sədaqətli olmadığımız məlum olur.

Sədaqət söz və qəsdlərlə olar
Əməl əhdlərə vəfa ilə olar
Haqdan yardım tələb etməyi oxuyan yalançıdır
Əgər qarşıya bir çətinlik çıxdıqda başqasından istəsə

Gərək özümüzü Allaha tapşıraq və Allahın himayəsindən çıxmamaq üçün diqqətli olmalıyıq: “Sənin hökumətindən qaçmaq mümkün deyil.” Allahın hökumətindən qaçmaq mümkün deyil. Buna görə, daima diqqətli olmaq lazımdır və həmişə özümüzü İlahi tövfiqlərin əhatəsində bilməliyik. Südəmər körpə kimi, əgər bir şəxs ona əziyyət etsə, anasının qucağına sığınır. Əgər anası da ona əziyyət versə, başqa yerə getmir, yenə də özünü anasının məhəbbət dolu qucağına salır. Çünki, zəif və çarəsizdir. Əgər kimsə güclü olmaq istəyirsə, özünü daimi olaraq Allah-təalaya möhtac saymalı və Onda olmayan şeyi göstərməlidir. Allahda olmayan yeganə şey zəiflik və çarəsizlikdir. Buna əsasən, Onun dərgahına zəiflik və çarəsizliyi aparmaq lazımdır. Özünü heç bir şey bilmək lazımdır ki, Allah-təalanın rəhmətinə şamil olasan.

Fikir yolumda aydınlıq yoxdur
Sənin lütfündən bir qədər nur diləməyim var
Əgər Sənin lütfün nur olmasaydı
Fikir hara, sirr xəzinəsi hara...
İlahi! Bizi elə bir yola yönəlt ki, Sənin razılığın ondadır.
Allahın salam, rəhmət və bərəkəti sizə olsun!


Mənbə: "Mən la yəhzuruhu əl-fəqih", c-1, səh. 268, "Ma yuscədu ələyhi və ma la yuscədu ələyh" babı.

Redaktor: Nəcəf