Baş səhifə
İNSANIN AXİRƏTİ DÜŞÜNMƏMƏSİNİN SƏBƏBİ | Baxış: 460 | Tarix: 2013.07.28

 

İNSANIN AXİRƏTİ DÜŞÜNMƏMƏSİNİN SƏBƏBİ

İnsan Allahın onun vücudunda qoyduğu meyllər vasitəsi ilə öz maddi ehtiyaclarını dərk edir. Bu ehtiyacları təmin etmək üçün maddi vasitələr axtarır və öz həmnövlərindən kömək istəyir. İnsan fitri olaraq aclıq, susuzluq, cinsi ehtiyac, məskənə ehtiyac kimi dünyəvi ehtiyaclarını dərk edir. O bu ehtiyacları təmin etmək üçün çalışır. Buna görə də onun ehtiyaclarını ödəyən, onu dünyəvi ləzzətlərə çatdıran vasitələrə, həmçinin bu yolda ona kömək edib, çətinliklərini azaldan şəxslərə qarşı maraqlı olur, onlarla ünsiyyət yaradır. Adətən, insanın arvada, uşağa, dostlara, qohumlara, ümumiyyətlə, onunla həyatda şərikliyi olan bütün şəxslərə məhəbbəti bu səbəbdəndir. Dünyəvi və maddi işlərlə ünsiyyət insanı mənəvi işlər haqda düşüncədən uzaqlaşdırır. İnsan onun ehtiyaclarının dünyəvi, maddi ehtiyaclardan ibarət olduğunu təsəvvür edir.

Başqa bir tərəfdən, öz ehtiyaclarının maddi vasitələr və ünsiyyətdə olduğu şəxslərin köməkliyi ilə təmin olunduğunu zənn edir. Lakin o tanıdığı ehtiyacların həqiqi ehtiyacların bir az hissəsi olduğundan xəbərsizdir. Onun tanıdığı ehtiyaclar məhdud dünya həyatına aid ehtiyaclardır. O əsil ehtiyaclarının tamam başqa şeylər olduğunu anlamır. Həmin ehtiyaclar əbədi axirət aləmi ilə bağlıdır. İnsan təsəvvür edir ki, bu dünyada ünsiyyətdə olduğu şəxslər həmişə onun yanında qalacaqlar. Lakin unutmamalıyıq ki, müdhiş bir gün həmin insanlar hamılıqla bizi boşlayasıdır.

Biz hamımız az-çox dünyəvi işlər, maddi ləzzətlər, ehtiyaclarımızı təmin edən əşya və şəxslər ilə ünsiyyət saxlayırıq. Onlardan uzaqlaşdığımız zaman qəriblik və sıxıntı hiss edirik. Ümumiyyətlə, bütün diqqətimiz dünyəvi və maddi işlər ətrafında cəmləşib. Lakin bu dünyanın daimi yox, ötəri olduğunu bilmək lazımdır. Bir gün bu fani evdən köçməli olacağıq. İndi isə əbədi ev fikrində olub, hansısa digər ehtiyaclarımızın olduğunu düşünməliyik. Əgər öz əbədi həyatımızda ehtiyaclarımız varsa, onları hansı vasitələrlə və hansı yolla təmin etməliyik? Görək, bizim əbədi aləmdəki ehtiyaclarımız bu dünyadakı ehtiyaclarımız kimidirmi? Məgər insan bu dünyadan getdikdən sonra da geyim, yemək və digər maddi vasitələrə ehtiyaclı olacaqmı? Necə ki, bəşər bir vaxtlar belə təsəvvür edirdi. Ölülərin yanına bir qədər yemək və yaşayış vasitələri qoyub onları dəfn edirdilər. Guya bu şeylər bir zaman onların karına gələcək!

Axirət aləminin dünya aləmi ilə fərqli olduğu aydındır. Peyğəmbərlər gəlib insanlara anlatdılar ki, onun axirətdəki ehtiyacları dünyəvi ehtiyacları kimi deyil. Orada insanın başqa ehtiyacları var. Dünyəvi vasitələr orada ona heç bir fayda vermir və hətta bu vasitələri oraya apara da bilməz. Bir gün bütün dostlar, yaxınlar və qohumlar insanı tərk edəcək. Əgər ona kömək etmək istəsələr belə, yenə də əllərindən gəlməz. İnsan bu aləmi tərk etmək istədiyi gün, ölüm yatağına düşən zaman və ölümü gözləri önündə müşahidə etdiyi an topladığı bütün şeylərə göz yumub, yığdığı sərmayələrdən əl çəkməli, dostları, yaxınları və bütün istədiyi şəxslərdən ayrılmalıdır. Bu halda insanın başqa bir yerə və başqa bir kəsə qəlb bağlılığı olmasa onda ağrılı bir qəmginlik yaranacaq, qaçmağa heç bir yol tapmayacaqdır.

Bu zaman onun bədən üzvləri bir-birinin ardınca işdən düşəcək və sonda ruh bədənindən çıxacaqdır. Ruh ölümündən sonrakı cərəyanları müşahidə edir: Dostlar və tanışlar onun cənazəsini götürüb qəbristana tərəf aparırlar. Cənazəni qəbirdə dəfn edir, onun üstünə bir yığın torpaq tökürlər və bir neçə saatdan sonra öz evlərinə qayıdırlar. Bu zaman o qəbirdə tənha qalır! İmam Səccad (ə) qəbir evini belə vəsf edir: “Vay olsun mənə, belə bir halda özüm üçün hazırlamadığım qəbrə köçəm. Saleh əməllə onun yerini döşəməmişəm. Necə ağlamayım ki, yolumun hara olduğunu bilmirəm. İndi görürəm ki, nəfs məni aldatmış, ruzgar mənə hiylə qurmuşdur. Bir halda ki, ölüm quşu başım üstə qanad açmışdır. Necə ağlamayım? Ruhumun bədənimdən çıxmasına ağlayıram, qəbrimin qaranlığına ağlayıram, mənzilimin darlığına ağlayıram”.

Sərvət yığmaq, ev düzəltmək, yaşayış vasitələri almaq, başqaları ilə ünsiyyət yaratmaq üçün bir ömür əzab-əziyyət! Bütün bunlar bir anda məhv olur. O tənha və qərib halda qalmalıdır. Bu hal nə qədər çəkəcək? Müddəti çox uzundur. Ümumiyyətlə, dünya ömrü ilə müqayisə olunası deyil. Bərzəx aləmində, daha sonra qiyamət və axirət aləmində qalacağı bu uzun müddətdə yığdıqları şeyin heç biri onun karına gəlməyəcək. Nə etməlidir? Nə edə bilər?

Redaktor: Nəcəf