Baş səhifə
ABIR-HƏYANIN QORUNMASI | Baxış: 541 | Tarix: 2013.07.28

 

ABIR-HƏYANIN QORUNMASI

“Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər və mənim abrımı varlılıqla qoru. Kasıblıq üzündən məni etibarsız məqama salma ki, Sənin ruzini yeyənlərdən kömək istəməyə məcbur olum”. “Nəhcül-bəlağə”də duanın bu hissəsinin əvvəlki cümlələrinə oxşar bir çox təbirlər gəlmişdir. Bütün məsumlar vahid bir nurdur. Bir neçə imamdan eyni bir duanın inşası təəccüblü deyil. Bəlkə də, imam Səccad (ə) bu duanı Əmirəl-möminindən (ə) öyrənib.


“Aberu” sözü “ab” və “ru” (“üzün suyu”) sözündən təşkil olunmuşdur. Az və ya çox bütün dinlərdə bu cür terminlərdən istifadə olunur. Bütün insanlar cəmiyyətdə abırlı olmaq istəyir. Yəni ətrafdakı insanlar ona hörmətlə yanaşsın və təhqiramiz baxışlarla baxmasınlar. Qiyafə, paltar, rəftar, xasiyyət və əməllər başqalarının insana hörmətinə səbəb olarsa, o, cəmiyyətdə abırlı hesab olunar. Əgər şəxsin əməlləri, xasiyyəti, qiyafəsi insanların nifrətinə səbəb olarsa, bu şəxs cəmiyyətdə abırsız və hörmətsiz olar.


Bəzi sufilər zahirən bəzənməyi düzgün hesab etmirlər. Onların fikrincə, paltar, üz-göz və cisim təmiz, səliqəli olmamalıdır. Guya, bədənin üfunətli, paltarların çirli və saçların pırtlaşıq olması mənəviyyatdır. Onlar öz xam xəyalları əsasında nəfsləri ilə mübarizə aparıb bir növ ruhi kamilliyə çatmaq istəyirlər. Əslində onların bu əməlləri bir növ şeytanla əlaqə səbəbidir. Şeytan onlara arabir kömək edir ki, qəlbləri rahat olsun və bu köməklərin haqlılıq nişanəsi olduğunu düşünsünlər.


Quran və məsum imamların göstərişlərindən məlum olur ki, bu sayaq əməllər çox pislənilmişdir. Hətta Quranda özlərini ehtiyaclı göstərməyən kasıblar tərif olunmuşdur:


“Onlar çox iffətli olduqlarından tanımayanlar onları ehtiyacsız sayar. Siz onların simalarından yoxsulluqlarını anlayarsınız. Çünki onlar nəfsitox olduqlarından kimsədən bir şey istəməzlər.” "Bəqərə" surəsi, ayə 273.


İslam baxımından, insan geyimində, başqaları ilə münasibətdə (ailə və ictimai münasibətlərdə) elə rəftar etməlidir ki, insanların hörmətini qazana bilsin. Rəvayətlər iki növ paltarı olan (bayram günləri, cümə günləri və ya cəmiyyət içinə çıxmaq üçün təmiz paltarlar və iş üçün paltar) şəxsləri məzəmmət etmir və onların bu əməllərini dünyagirlik kimi göstərmir. Əksinə, rəvayətlər bu cür insanları tərifləyir. İslami cəmiyyətdə insanlar bir-birləri ilə daha çox əlaqə saxlayıb, bir-birlərini sevməlidirlər. Bu əməl onların maddi və mənəvi təkamülü üçün inkişaf zəminəsi yaradır. Rəvayətlərdə möminlərin görüş zamanı bir-birlərinin əlini sıxıb, bir-birlərinə məhəbbət göstərmələri sifariş olunur. İmam Baqir (ə) buyurur:


“İki mömin qarşılaşıb bir-biri ilə görüşdüyü zaman Allah-təala əlini onların əlinin arasına daxil edər. Allah bu iki nəfərdən dostunu daha çox sevənə nəzər salar.” "Üsuli-kafi", 2-ci cild, səh, 179.


Bütün bu sifariş və həvəsləndirmələr möminlərin bir-birləri ilə əlaqə saxlayıb, bir-birlərini sevmələri üçündür. İnsanların nifrətinə səbəb olan şeylərdən çəkinmək bu növ əlaqələrin, dostluq və mehribanlığın şərtidir. Heç kim çirkin, pis, qoxulu və saçları pırtlaşıq şəxslə görüşmək istəmir. Hətta insanın belə bir şəxsə baxmaq istəməməsi də mümkündür. Çətin ki, kimsə belə bir şəxslə oturub söhbət etsin və onun sözlərinə qulaq assın!


Əziz peyğəmbər dostları ilə görüşə getmək istədikdə saçlarını darayar, özünü ətirləyər, dişlərini yuyar və paltarını qaydasına salardı. Bundan əlavə, güzgüyə baxardı ki, üz-gözündə və paltarlarında eyb olmasın. Ayna olmadıqda qabda suya baxırdı. Təmizliyə olan bağlılıq və xalqın bu işə həvəsləndirilməsi insanların bir olub, bir-birlərini sevmələri üçündür. Bu qayda ilə insanlar bir-birlərindən istifadə edə bilərlər. Mömin ilə kafir arasında fərqlərdən biri də budur ki, abır-həya səciyyəsindən mömin dinin təyin etdiyi ictimai vəzifələri yerinə yetirmək, kafir isə çirkin məqsədlərinə çatmaq üçün istifadə edir. Bir çoxlarının ağılı gözlərindədir. Adətən, xalq kasıb insana münasibətdə etinasız olur. Bu cür insan üçün cəmiyyətdə, hətta möminlərin arasında mövqe tutmaq çox çətindir. Var-dövlətin imam üçün heç bir dəyəri yoxdur. Lakin o bunu abır-həyasını qorumaq üçün istəyir. Bununla da ictimai mövqe sayəsində islami və iman vəzifələrini yerinə yetirə bilsin.
Başqalarına möhtac olan şəxs insanlara ehtiyac əlini açmağa məcburdur. Bu halda, insanlar ona kömək etsələr, o yoxsul qalır, əgər ona kömək etməsələr daha çox əziyyətə dözməli olur. Lakin yer və göylərin xəzinəsi Allahın əlindədir. O öz sonsuz kərəm və lütfü ilə insanın ehtiyaclarını ödəyib onun abır-həyasını qoruya bilər.


“Pərvərdigara! Olmasın ki, alçaq və şər fərdlərə ağız açım, mənim ehtiyacımı yerinə yetirənlərə sitayiş edib borclu qalım. Məcbur olum ki, ehtiyacımı yerinə yetirməyənlər haqqında pis söz deyim. Axı bəndələrinə nemət əta edib, bu neməti kəsə bilən yalnız sənsən”.
Bəzən dünyada ehtiyaclarının açarı alçaq insanların əlində olur. Allahdan istəməliyik ki, bu növ ehtiyaclarımızı öz qeyb xəzinəsi vasitəsi ilə ödəsin. Belə ki, alçaq insanlardan kömək istəməyə ehtiyacımız olmasın. Quran buyurur: “Əgər Allah sənə bir zərər yetirsə, səni Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər.” "Yunus" surəsi, ayə, 107.


“Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər. İbadətlə yanaşı sağlamlıq, təqva ilə yanaşı rahatlığı mənə ruzi et”.
Rahatlıq və sağlamlığın özü imam üçün əhəmiyyət kəsb etmir. İmam sağlamlıq və rahatlığı Allaha ibadət üçün vasitə hesab edir. Sağlamlıq və asudəlik ibadət və təqva ilə yanaşı olmalıdır.
“Mənə daim əməllə yanaşı olan elm əta et. Mənə ifrata varmayan təqva və pəhrizkarlıq əta et”.
Təqvalı olmaq istəyən bəzi şəxslər lazım olmayan yerlərdə ehtiyat edirlər. Hətta bu ehtiyat onların vaciblərdən uzaqlaşmasına səbəb ola bilər. Beləliklə, zöhd və təqva dairəsinə daxil olmamışdan öncə onun sərhədlərini yaxşıca tanımalıyıq.


“Pərvərdigara, ölüm zamanı mənə əfvini nəsib et”;
“Sənin rəhmətinə ümidvarlıq arzumu həyata keçir”.İnsan günahlarına nəzər saldıqda Allahın mərhəmətinə olan ümidi yox olur. Bu an Allahın rəhmətinə ümidvar olmaq bir arzu şəklinə düşür.
“Sənin razılığına çatdıran yolları mənim üçün hamar et”;
“Bütün hallarda əməlimi xeyirli et”;
“Pərvərdigara, Məhəmməd və onun ailəsinə salam göndər. Məni qəflət və unutqanlıq zamanı öz zikrinlə oyat”. 
İnsan üçün daim qəflət təhlükəsi var. Bundan əlavə, bəzən insanın Allahı tamamilə unutmasına səbəb olan hadisələr baş verir. Bu zaman fəryadımıza çatıb, öz zikrini bizə ilham etməsini və qəlbimizi ayıltmasını Allahdan istəməliyik.
“Ömrümün qalan hissəsində məni öz itaətinə yönəlt”;
“Məhəbbətinə çatmaq üçün mənə asan və sadə yol hazırla ki, öz məhəbbətinlə dünya və axirət xeyirini mənim üçün tamamlayasan”;
“Mənim hədəfim Sənin məhəbbətinə çatmaqdır. Bu məhəbbətə çatmaq üçün dolanbaclı yollar var. Mənim üçün asan yol hazırla. Bu duaları qəbul etmək və məhəbbətinə doğru asan yol açmaqla mənim üçün dünya və axirət xeyirini kamilləşdir”.
“Pərvərdigara! Peyğəmbər və onun Əhli-beytinə (ə) öz salamını nazil et. Məhəmməd və onun ailəsinə varlıq aləmində əvvəldən axıra az yaratdığına göndərdiyin ən üstün salamı göndər. Bizə dünya və axirətdə yaxşılıq əta buyur. Öz rəhmət və mehribanlığınla məni cəhənnəm əzabından qoru”.

Redaktor: Nəcəf