MÜSLİM KUFƏDƏ
Gecənin xeyməsini yarır sübhün qılıncı,
Gecə ətəyin yığıb, baxır ona qıyğacı.
Kufənin küçələrin dolanır təzə xəbər,
İnqilab soraqlayır Müslim adlı bir əsgər.
Bu inqilab ədalət, sədaqət inqilabı,
Müslimə üz tutmada kim görmüşsə əzabı.
Gözlər dolmuş bu yola məhəbbət yaşlarıyla,
Beyət edir şiələr imama ilqarıyla.
Elçinin əllərinə uzanır min-min əllər,
Qürubadək açıqlar beyətini könüllər.
Haqsevərlər cəm olmuş elçinin başı üstə,
Düşünclər, xəyallar yarı görmək həvəsdə.
Şiələr dəstə-dəstə Muxtarın evinə gəlir və Müslimlə görüşüb, ona beyət edirdilər. Müslim də öz növbəsində bütün möminlər və müsəlmanlar üçün imamın naməsini oxuyurdu.
Bu görüşlərdən birində Abbas ibn Şəbib Şakiri qalxıb, Allaha həmd oxuduqdan sonra Müslimə xitabla dedi: “Mən xalq haqqında bir söz demirəm, bilmirəm onların qəlblərində nə var və səni onlar sarıdan arxayın etmirəm. Mən özüm, öz hazırlığım haqqında danışmaq istəyirəm. And olsun Allaha, əgər çağırsanız, səsinizə səs verərəm, düşmənlərinizlə vuruşaram, sizin yolunuzda qılınc çalaram və şəhadətimlə Allahın görüşünə gedərəm. Bu işdə yalnız Allahdan əvəz istəyirəm.”
Onun ardınca başqa bir şücaətli, özü qoca, qəlbi cavan bir şəxs, Həbib İbn Məzahir qalxdı və dedi: “Ey Abbas, Allahın rəhməti olsun sənə! Qəlbində olanı qısa və açıq şəkildə dedin. And olsun bir olan Allaha, mənim də əqidəm və mövqeyim səninlə eynidir.”[7] Başqaları da qalxıb öz vəfadarlıqlarını və hazırlıqlarını bildirdilər.
Əllər əl üstünə qoyulan zaman
Hüseyn elçisiylə bağlandı peyman.
Müslimə beyət edən Hüseyn (ə) tərəfdarlarının sayı günbəgün artırdı. Bir neçə gün ərzində artıq minlərlə insan Müslimə beyət etmişdi. Hüseyn (ə) yolunda bütün fədakarlıqlara hazır olan, canını ovcunda tutmuş beyətçiləri nəzərə alaraq, Müslim ibn Əqil qiyam üçün münasib şərait olduğunu imama xəbər verdi. O, imamı Kufəyə dəvət etdiyi namədə belə yazırdı: “Məktublarda yazılanlar həqiqət imiş, namə göndərənlərin də sözləri doğrudur. Kufə əhli Allah yolunda cihada hazırdır. Artıq on səkkiz min kufəli mənə beyət etmiş və sənin yolunda döyüşməyə hazırlıqlarını bildirmişlər. Bacardıqca tez Kufəyə doğru hərəkət et!”
Müslimin öz şəhadətindən iyirmi yeddi gün əvvəl imama yazdığı məktub Abbas ibn Şəbib Şakiri vasitəsi ilə imama göndərildi. O bu məktubla yanaşı kufəlilərin başqa bir məktubunu da imama aparırdı. Bu məktubda bildirilirdi ki, yüz min qılınc imama yardım üçün hazırdır və istəyirlər ki, imam Kufəyə tələssin.[8]Üzük qaşı kimi qucanmış bu şəxs
Ümid edənlərə gətirir nəfəs.
Müslim, o heybətli imam elçisi
Məzlum aşiqlərin axır sevinci.
Gecə söhbət gedir böyük savaşdan,
Zillət ləkəsindən aman, ay aman.
Uca həqiqətdir söhbətin canı,
Bu yolda canından keçməyən hanı?!
Əfsus ki, bu çıraq qəfildən sönür,
Qan deyən mücahid heykələ dönür.
Kufə valisi, Müaviyə tərəfindən təyin olunmuş və Yezid tərəfindən dəstəklənən Neman ibn Bəşir idi. Neman ibn Bəşir Kufə əhlindəki çaxnaşmalar, Müslimin gəlişi və ona beyət haqqında eşidən kimi xalqa hədə-qorxulu bir müraciət etdi və onları Müslim ibn Əqildən uzaqlaşmağa çağırdı. Amma Hüseynə (ə) könül vermiş Kufə inqilabçıları Müslimə beyətdən əl çəkmədilər və Neman ibn Bəşirin hədə-qorxulu söhbətlərinə məhəl qoymadılar. Bəni-Üməyyənin Əbdüllah ibn Müslim Rəbiyə Həzrəmi adlı başqa bir tərəfdarı müxaliflərlə ciddi rəftar olunmasını tələb edirdi. Onun nəzərincə, müxaliflərlə zəif bir mövqedən danışılması Müslimin hərəkətlərinin qarşısını ala bilməz. Müslimin Kufədəki hərəkətləri haqqında Şama, Yezidə məlumatlar göndərildi. Yuxarıda adı çəkilən Əbdüllah bir namədə Yezidə yazdı: “Müslim ibn Əqil Kufəyə gəlmiş və şiələr Hüseynin xeyrinə ona beyət etmişlər. Əgər Kufəyə ehtiyacın varsa, güclü bir şəxsi bu qiyamı yatırmaq və fərmanını icra etmək üçün Kufəyə göndər. Çünki Neman ibn Bəşir ya zəifdir, ya da özünü zəif göstərir.”
Yezid öz hakimiyyətini qorumaq üçün Kufəyə Bəsrə hakimi çirkin və amansız şəxs olan Übeydullah ibn Ziyadı göndərdi. Eləcə də ibn Ziyad Kufə valisi təyin edildi. İbn Ziyada tapşırıldı ki, Kufəyə gedib, Müslimi həbs edib sürgünə göndərsin, ya da öldürsün.[9]
Bu hərəkatı yatırmaq üçün böyük səlahiyyətlərə malik olan İbn Ziyad qiyafəsini dəyişib, üzünə niqab salaraq, gecə vaxtı məxfi şəkildə Kufəyə daxil oldu. O, şəhərin hakimiyyətini bir növ çevriliş şəklində ələ aldı. İbn Ziyad Kufəyə gəlməmiş Bəsrədə çıxış edib, mümkün çaxnaşmaların qarşısını almaq üçün xalqı hədələdi və qardaşı Osmanı yerində qoyub, Kufəyə yola düşdü.[10]
Müslimlə beyət etmiş və Hüseyn ibn Əlinin gəlişi intizarında olanlar ibn Ziyadın Kufəyə daxil olması ilə tərəddüdə düşdülər. İbn Ziyad səhəri gün sübh məscidə cəmiyyət namazına gedən xalqa xitabla dedi: “Əmirəl-möminin Yezid məni şəhərin, bu ərazinin, sizin, beytül-malın hakimi təyin etmişdir. Mənə göstəriş verilmişdir ki, məzlumlar və məhrumlarla mehriban davaranıb, onlara mərhəmət göstərim və itaət edənlərə yaxşılığımı əsirgəməyim. Eləcə də, tapşırılıb ki, müxaliflərlə və itaət göstərməyənlərlə ciddi, qılınc və qamçı ilə danışım. Ona görə də hər kəs özü üçün qorxmalıdır. Dediklərimin gerçəkliyi əməl zamanı aydın olacaq. Həmin haşimi şəxsə də (Müslim ibn Əqil) çatdırın ki, mənim qəzəbimdən qorxsun.”[11]
Bu çıxışdan sonra bir çox hadisələrin məcrası dəyişdi. İbn Ziyad qəbilələrin və məhəllələrin başçılarını yanına dəvət etdi, onlarla çox sərt danışdı. Onlardan tələb etdi ki, Yezidlə müxalif olanların adlarını ona bildirsinlər. Əks-təqdirdə qanları, malları, canları hədərə gedəsidir.[12]
Titrəməkdə olan əməvi sütunları yenidən cana gəldi. Hədə-qorxular, hiylələr və təbliğatlar öz işini gördü. Şəhərə təyin olunmuş yeni vali bütün gücünü işə salıb, casuslar, xəbərçilər vasitəsi ilə elə bir vəziyyət yaratdı ki, cəmiyyətə qorxu hakim oldu. O öz həbsləri, sərt rəftarları ilə vəziyyətə nəzarət etməyə başladı və şərait dəyişdi.
GİZLƏNMƏ ZƏRURƏTİ
Öncə nəql etdiyimiz əhvalatlar baş verdiyi vaxt Müslim Muxtarın evindəi idi. İbn Ziyad mümkün qiyamı yatırmaqdan ötrü Müslimin axtarışına başladığı andan Müslim yerini dəyişərək Haninin evinə köçdü.
Hani ibn Ürvə havadarları, silahlıları, süvarilərinin sayı min nəfərə çatan nüfuzlu şiə şəxsiyyətlərdən idi. Hadisələr baş verən zaman Haninin doxsana yaxın yaşı vardı. O, peyğəmbərin hüzurunda olmuş, Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində Həzrət Əlinin (ə) başçılığı altında vuruşmuşdu. O, Əhli-beytə (ə) münasibətdə ixlaslı və vəfalı idi.[13] İndi isə Hani növbəti dəfə öz sədaqət və şücaətini sübuta yetirməli idi. Kufə hakimi tərəfindən təqib olunan, şiə qüvvələrin başında dayanan Müslimin qəbul edilməsi çox ağır bir yük altına girmək idi.
Hani Müslimi öz evində, etibarlı bir yerdə saxladı. Yenə də şiələr məxfi şəkildə onun görüşünə gəlirdilər. Hələ ki, Übeydüllah ibn Ziyad Müslimin təzə sığınacağından xəbərsiz idi.[14]
Müslimin Haninin evində gizləndiyi dövrə aid hadisələrdən biri İbn Ziyadın öldürülməsi planı idi. Bu plan isə baş tutmadı. Hadisə belə baş verdi:
Əmirəl-mömininin xalis şiələrindən olan Bəsrə böyüklərindən biri Şərik ibn Əvər Siffeyn döyüşündə Əlinin (ə) başçılığı altında, Əmmar Yasirlə çiyin-çiyinə Müaviyəyə qarşı vuruşanlardan idi. İbn Ziyad Kufəyə gələrkən Şərik də məcburi şəkildə onu müşayiət edən dəstəyə qatılmışdı. O, xəstələnib, karvandan dala qalmışdı. Şərik Kufəyə çatdıqdan sonra Haninin evinə getdi. İbn Ziyad Şərikin xəstələndiyini eşidib, onu yoxlamaq üçün Haninin evinə getmək qərarına gəldi. Şərikin təklifi ilə belə bir qərar çıxarıldı ki, Müslim pərdənin arxasında dayansın və Şərik su istəmək işarəsi ilə daxil olub, İbn Ziyadı qətlə yetirsin. Bəzi mənbələrdə bildirilir ki, bu planın həyata keçirilməsində daha 30 şiə Müslimə kömək etməli imiş.
İbn Ziyad Haninin evinə gəlir və onlar əyləşib söhbət edirlər. Amma Şərik işarə versə də, Müslim otağa daxil olmur. İşarə təkrar olunsa da, Müslimdən xəbər çıxmır. İbn Ziyad bu işarələrdən şübhələnib, Hanidən soruşur ki, o nə deyir? Hani Şərikin qızdırmadan sayıqladığını bildirir. Übeydullah ibn Ziyad cəld qalxıb oranı tərk edir. İbn Ziyad getdikdən sonra Müslimdən nə üçün nəzərdə tutulmuş planı yerinə yetirmədiyini soruşurlar. O deyir: “Bunun iki səbəbi oldu. Biri budur ki, həzrət Əlinin (ə) nəql etdiyinə görə, Peyğəmbər (s) “iman arxadan, qəfil hücuma mane olur” buyurmuşdur. Digər səbəb isə Haninin arvadının ağlayıb, bu evdə qan tökülməməsini istəməsi oldu.” Hani dedi: “Vay olsun o qadına ki, həm özünü, həm də bizi məhv etdi, qorxduğu şey başına gəldi.” Şərik dedi: “Əgər onu öldürmüş olsaydın bir fasiqi, bir hiyləgəri aradan götürmüş olardın.”[15]
DÜŞMƏNİN İNQİLABI TƏŞKİLATA NÜFUZU
Müslimin və onun tərəfdarlarının hərəkatı məxfi şəkil almışdı. Bütün əlaqələr gizli şəkildə saxlanılırdı. Şərait dəyişdiyindən Kufə şiə inqilabçılar üçün təhlükə mərkəzinə çevrilmişdi. Kiçik bir ehtiyatsızlıq böyük zərərlərlə sonuclana bilərdi.
İbn Ziyadın siyasəti Müslim və onun inqilabının məhv edilməsinə yönəlmişdi. Bu məqsədlə iki plan həyata keçirilirdi: 1.Müslim və onun tərəfdarlarının axtarışı və təqibi; 2.Şəhər böyüklərinin və tanınmış simaların ələ alınması.
Müslimin sığınacağının aşkarlanması və onun planları haqqında məlumat toplanması üçün İbn Ziyad casuslardan istifadə edirdi. Casuslar hərəkat haqqında topladıqları məlumatları hökumətə çatdırırdılar. İbn Ziyad bu işdə Məqil adlı hökumət məmurundan istifadə etdi. Məqul üç min dirhəm alıb, öhdəsinə götürdü ki, Müslimin tərəfdarı adı ilə onun ətrafındakılarla əlaqə saxlasın, əlindəki pulları inqilab yolundan sərf etmək bəhanəsi ilə Müslimə yol tapsın, onun sığınacağı və işləri barəsində ibn Ziyada məlumat versin.
Məqil məscidə gəlib, namaz qıldı və oradakılarla söhbətə başladı. O, Müslimin təşkilatındakı mübariz şəxslərdən biri olan Müslim ibn Övsəcə ilə görüşməyə və onu aldatmağa nail oldu. Məqil əvvəlcədən hazırlanmış plan üzrə özünü belə təqdim etdi: “Mən Şam əhlindən, Zil-Kəla qəbiləsindənəm. Allah-təala mənə Əhli-beytlə (ə) dostluq nemətini əta etmişdir. Eşitmişəm ki, Əhli-beytdən olan bir şəxs Kufəyə gəlib, xalqı Peyğəmbərin nəvəsinə yardıma dəvət etmiş və onlardan beyət almışdır. Onu yaxından görmək və bir qədər pul çatdırmaq istəyirəm. Pulu məndən al və məni onun yanına apar ki, beyət edim.” Müslim Məqilin sözlərinə inanıb, vəd aldı ki, bütün bu əhvalatları gizli saxlayacaq. Məqul onun bütün şərtləri ilə razılaşdı. Məqilin dediklərinə inanan Müslim dedi: “Bir neçə gün mənim evimə gəl, səni axtardığın adamla görüşdürmək üçün şərait yaradım.”
Beləcə, İbn Ziyadın bu casusu Müslimin sığındığı Haninin evinə yol tapdı və onunla görüşdü. Özünü bu hərəkatın tərəfdarı kimi tanıtdırıb, gətirdiyi pulları ona təqdim etdi. O, sübh hamıdan tez gələr və axşam hamıdan sonra gedər, topladığı bütün məlumatları İbn Ziyada çatdırardı.[16]
O, hərəkat haqqında bütün məlumatları hökumətə çatdırırdı. Digər tərəfdən Müslim ibn Əqilin Əbdüllah Yəqtər vasitəsi ilə imama yazdığı məktub İbn Ziyadın əlinə keçir. Məktubu aparan şəxsi Übeydullahın yanına gətirirlər. Həmin şəxs məktub sahibinin adını bildirmədiyi üçün İbn Ziyadın göstərişi ilə şəhadətə yetirilir.
Müslimin sığınacağından, inqilabi mərkəzdən və bu hərəkatdakı aparıcı şəxsiyyətlərin kimliyindən xəbərdar olan İbn Ziyad daha çox təhlükə hiss etməyə başladı. O, bu hərəkatı nəzarətdən çıxmamış, beşikdəcə boğmaq qərarına gəldi. Hərəkata, onun öncüllərinə və tanınmış simalarına qarşı hücum planı hazırlandı. İlk addım Haninin həbsi oldu.
İNQİLAB TƏHLÜKƏDƏ
Bu inqilabda Haninin böyük rolu vardı. Kufə valisi Hanini həbs etmək yolu ilə Müslimi ələ keçirmək fikrinə düşdü. O bilirdi ki, Hani öz evində qaldıqca Müslim ibn Əqilin həbsi mümkün olmayacaq. Şübhəsiz ki, Haninin başçılığı altında olan qüvvələr müqavimət göstərəcəkdilər. Ona görə də Hanini bir yolla valinin sarayına gətirmək və oradaca həbs etmək lazım idi. Hanini Müslimdən yalnız bu yolla ayırmaq mümkün idi.
Hani xəstəlik bəhanəsi ilə Übeydullah İbn Ziyadın yanına getmirdi. Nəhayət, İbn Ziyad Hanini görmək bəhanəsi ilə bir neçə nəfər göndərib, onu saraya dəvət etdi.[17]
Übeydullah Hani ilə çox tünd danışdı. Hani məclisə daxil olarkən İbn Ziyad dedi: “Xəyanətkar öz ayağı ilə gəldi.” İbn Ziyadın tikanlı sözləri, kinayələri Hanini dilə gətirdi və o bu sözlərin səbəbini soruşdu. İbn Ziyad dedi: “Evində əmirəlmöminin Yezidin əleyhinə qurduğun nə qovğadır? Müslimə evində yer verib, onun üçün adam, silah toplayırsan! Yoxsa bütün bunlardan xəbərsiz olduğumu güman edirsən?!”
Hani deyilənləri inkar etdi. Amma İbn Ziyad Hanini Məqillə üzləşdirdi. Yalnız bu məqamda Hani Məqilin casus olduğunu başa düşdü. Məlum oldu ki, Məqil özünü Əhli-beyt (ə) tərəfdarı kimi qələmə verib, Müslimə beyət etmək bəhanəsi ilə təşkilata daxil olmuşdur.
Bu görüşdə çox mübahisələr oldu. Xeyli sərt danışdıqdan sonra İbn Ziyad öz qulamı Mehranın əsasını götürüb, Haninin başına və üzünə o qədər vurdu ki, onun alnı və burunu partladı. Hani əl atıb yanındakı keşikçinin qılıncını götürmək istədi. Amma onu tutub, İbn Ziyadın göstərişi ilə zindana atdılar.[18]
Hökumət üçün müvəffəqiyyət sayılan bu həbs ilə İbn Ziyad böyük bir maneəni aradan qaldırdı və bir çox inqilabçıları süstləşdirdi.
VAXTINDAN ƏVVƏL PARTLAYIŞ
Hani Übeydüllah ibn Ziyadın həbsində idi. Valinin əsgərləri Haninin evinə hücuma hazırlaşırdı. İnqilabın əvvəlcədən hazırlanmış planı real olmadığından Müslim hücumu tezləşdirmək qərarına gəldi. Şəhərdən kənarda olan əsas qüvvələr təyin olunmuş vaxtı gözləyirdi. Onlar hücum vaxtının dəyişməsindən xəbərsizdilər. Müslim yaxınlarından birinə göstəriş verdi ki, inqilabın başlanması işarəsi verilsin. Şövq və qəhrəmanlığa çağıran “ya Mənsur, əmit” (“ey yardım almış və qalib gəlmiş, öl və öldür) şüarı göylərə ucaldı. Qəlblər bir-birlərinə və əllər qılıncların dəstəsinə sıxıldı. Haqq ardıcılları, din mücahidləri və Müslimə beyət edənlər hər tərəfdən ona yardıma gəldilər. Hərəkatın ürəyi Haninin evi idi. Ətraf evlərdə də dörd min nəfərədək silahlı ehtiyatda saxlanılmışdı. Mövcud qüvvələr düşmənin hücum edən qoşunu ilə üzləşməli idi. Qüvvələr bir o qədər çox olmasaydı da, Müslim ibn Əqil bu qüvvələri aşağıdakı qaydada hissələrə bölmüşdü: Əbdürrəhman ibn Əziz Kəndi Rəbiə əmir və süvarilərin ön hissəsinin komandanı; Müslim ibn Ovsəcə Məshəc və Bəni-Əsəd qəbilələrinin əmiri və piyadaların komandanı; Əbu-Səmamə Sadidi Təmim və Həmdan qəbilələrinin əmiri; Abbas ibn Cödət Cədəli Mədinə qüvvələrinin komandanı.
Bu hərbi düzümdə Übeydullah ibn Ziyadın komandanlıq mərkəzinə hücum göstərişi verildi.[19] Müslim ibn Əqil bu anlarda yalnız həqiqət haqqında, haqpərəstlərin məzlumiyyəti haqqında düşünürdü. O, zülm, fəsad mücəssəmələri ilə mübarizəni özü üçün müqəddəs və ilahi vəzifə bilirdi. Onun öz vəzifəsinə qarşı məsuliyyəti özünü unutmasına və yalnız Allah haqqında düşünməsinə səbəb olmuşdu.
Müslim dünyapərəstlərin və zora güvənənlərin hay-huylarının yerində haqqın sədasını ucaltmağa hazır idi. Onun fikri möminlərin iradələrini, qollarını, qılınclarını Allah yolunda və Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında birləşdirmək idi. Qarşıya çıxmış çətin şəraitdə böyük bir cihad, qanla dolu fədakarlıq, əbədi qəhrəmanlıq zəruri olmuşdu. Müslim bu amallarla meydana girirdi.
İbn Ziyad Hanini həbs etdikdən sonra daha çox təhlükə duyduğu üçün məsciddə çıxışlar edir və xalqa hədə-qorxu gəlirdi. Bu vaxt xəbər verildi ki, Müslim və onun tərəfdarları artıq qiyam qaldırmışlar. İbn Ziyad minbərdən düşüb cəld öz qəsrinə gedir. Göstəriş verir ki, qapıları bağlasınlar və özü qəsrə sığınır. Çox keçmir ki, qəsr Müslimin tərəfdarları tərəfindən mühasirəyə alınır. Kufə məscidi həqiqət yolunun aşiqləri ilə dolur və bu say anbaan çoxalır.[20]
Übeydullah bu böhrandan qurtarmaq üçün öz satqın muzdurlarından istifadə etmək qərarına gəlir. Digər tərəfdən Müslimə beyət edənlər arasında ikitirəlik yaratmağa çalışır. Eləcə də, bəzi adamlara əmr olunur ki, Müslimə qarşı etimadsızlıq yaradılsın. Onlar bu yolla mühasirə halqasını yarmaq və Müslimi tənha qoymaq istəyirlər. Satqınlar Übeydüllahın razılığını qazanmaq üçün Müslim tərəfdarlarının arasına girib, şayiə yaymağa başlayırlar ki, burada qalanlar üçün böyük təhlükə gözlənilir və onlar öz canlarını qorumaq üçün buradan dağılışmalıdırlar. Bu müzdurlardan biri olan Kəsir ibn Şəhab xalqa xitabla deyir: “Tələsin! Evinizə və ailənizin yanına qayıdın, özünüzü ölümə verməyin. Yezidin Şamdan göndərdiyi qoşun Kufəyə çatmaqdadır... Sizin əmiriniz Übeydullah qərara gəlmişdir ki, kim axşamadək evinə qayıtmasa, müqavimət göstərsə, onun məvacibi kəsiləcək və şəhərin döyüşçüləri heç bir muzdsuz Şam sərhəddinə müharibəyə göndəriləcək. Günahsızlar günahkarlara, burada olmayanlar olanlara qatılacaq və kimsə salamat qalmayacaq.” Bu sözlər insanların qəlbini qorxuya saldı. Zəif imanlıların bir hissəsi Müslimi tədricən tərk etməyə başladılar.[21] Müslim ibn Ovsəcənin və Həbib İbn Məzahirin tayfası da qorumaq məqsədi ilə bu iki şəxsi həbsə aldı.[22]
Müslim ibn Əqilin əməliyyata vaxtından əvvəl başlaması bir tərəfdən, düşmənlərin və münafiqlərin zəhərli təbliğatı və hədə-qorxuları, digər tərəfdən Müslimin müvəffəqiyyət imkanını zəiflətdi. Onun qüvvələrinin bir çox hissəsi ümumiyyətlə əməliyyat planına malik deyildi. Otuz min beyətçidən yalnız dörd min nəfəri meydanda iştirak edirdi. Müslim dörd min nəfərlik qoşunla həm mühasirəni saxlamalı, həm də digər bir cəbhədə düşmən təbliğatı ilə mübarizə aparmalı idi. Kufə şəhərinin müxtəlif tərəflərində iki cəbhənin nümayəndələri arasında savaş gedirdi. Müslim vəziyyətin çətinliyinə baxmayaraq, ona tabe olan qüvvələrlə birlikdə dilavərliklə döyüşürdü. Onların qəlbi Allaha və haqq yola imanla dolu idi. Kufənin daxilində bir Kərbəla yaranmışdı. Müslimin tərəfdarlarının bir hissəsi şəhadətə yetişdi, özü isə qızğın döyüşlərdə yaralandı.[23] Həmin gün başa çatdı. Mübarizənin çətinliyi bir çoxlarını meydanlardan kənarlaşdırdı. Hökumətin hədə-qorxuları bəzilərini öz beyətindən üz döndərib, evdə oturmağa sövq etdi. Ümumiyyətlə, şəhərdə aparılan təbliğat inqilabçıların ruhiyyəsinə mənfi təsir göstərdi. İş o yerə çatdı ki, Müslim məsciddə şam namazını cəmi otuz nəfərlə qıldı. Namazdan sonra bu otuz nəfər də azalıb, on nəfər oldu. Müslim məsciddən çıxanda isə tamamilə tənha idi.[24]Onunla əhd bağlamış
Minlərlə məğrur kişi
Bəla qapı döyəndə
Yerə qoydular işi.
Kimi qorxdu itirsin
bir tikə çörəyini,
Kimi zərə aldanıb,
döndərdi ürəyini.
Beyət üçün uzanmış
İsti əllər harada?!
Müslim − o sadiq elçi
Tənha qalda arada!
MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ
Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək üçün bir yer axtaran Müslim küçələrdə qərib tək gəzir, haraya gedəcəyini bilmirdi. O, bəni-büeyla məhəlləsində tək-tənha dolanırdı. Məhəllədə bütün qapılar bağlı idi və hər kəs öz əmin-amanlığı haqqında düşünürdü. Küçə qapısında dayanmış Tuəb adlı qadın oğlunun yolunu gözləyirdi. Bu qadın Müslimin tərəfdarı olan şiələrdən olsa da, onu tanımadı. Müslim ona yaxınlaşıb salam verdi və su istədi. Qadın su gətirdi. Müslim suyu içdi, qabı qaytardı. Qadın qabı evə qoyub, geri dönəndə onun hələ də qapıda dayandığını gördü. “Suyu içdin, indi dur get”, dedi. Müslim susdu. Qadın təkrar dedi: “Dedim ki, dur evinə get. Sənin burada dayanmağın mənim üçün yaxşı deyil.” Müslim cavab verdi: “Mənim bu şəhərdə nə evim, nə də bir kimsəm var.” Qadın onun kimliyini, haradan olduğunu soruşdu. Müslim özünü təqdim edib dedi: “Mən Müslim ibn Əqiləm. Əgər mənə yaxşılıq etsən, bəlkə də, bir gün əvəzini çıxdım.” Qadın Müslimi tanıyıb, onu evə apardı və böyük ehtiram göstərdi.[25]
Bu fədakar qadın Kufənin vəfasız və qorxaq kişilərinə şücaət dərsi verir. O, Hüseyn (ə) məktəbinə və yoluna öz borcunu qaytarır, imamın səfirinə ehtiram göstərməklə vəzifəsinə əməl edir. O, Müslimə heç nəyi əsirgəmir. Müsliminsə xəyalından bambaşqa şeylər ötüşür. Bir tərəfdən şəhər əhlinin vəfasızlığı, digər tərəfdən Hüseynə (ə) yazılmış məktubun çatıb-çatmaması onu narahat edir. Axı o, imama yazmışdı ki, şərait münasibdir və özünü tezliklə Kufəyə çatdırsın. Həm də Müslim öz şəhadətini labüd görür və sabahkı hadisələr haqqında düşünür.
Müslim süfrəyə əl uzatmır və gecəni dua, ibadətlə keçirir. Yalnız sübhə yaxın gözünə bir qədər yuxu gedir və Əmirəl-möminini (ə) yuxuda görür. Bu şəhadət və Əlinin (ə) qonağı olmaq yuxusudur.[26] Bu anlar Müslim üçün çox dəyərlidir. Bu gecə qədr gecəsi, son gecədir. O, indicə həbs olunacağını gözləyir.
Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarıdır. O, gecə evə gəlib, baş verən hadisələrdən heyrətlənir. Nəhayət, anlayır ki, evlərinin qonağı Müslim ibn Əqildir. O sevinir ki, Müslimi şəhər valisinə təhvil verib, hədiyyə alacaq. Anasına bu barədə susacağına söz versə də, sübh tezdən Übeydullah ibn Ziyada xəbər çatdırır. Bu həmin gecə Kufədə və məsciddə baş verən hadisələrdən sonra baş tutdu. Həmin gecə Kufədə ciddi axtarışlar gedirdi. Şəhərə giriş-çıxış tam nəzarət altına alınmışdı. Həbs olunanlar vardı. Übeydullah əmin idi ki, Müslimin ətrafında kimsə qalmamış, qiyam mərkəzi dağıdılmışdır. İbn Ziyadın göstərişi ilə hamı məscidə toplanır. Vali odlu-alovlu danışaraq camaatı qoxudur, həm də şirin vədlər verir. Onun danışığından qəzəb yağır. Ən çox Müslimə sığınacaq verənləri hədələyir və onun yerini bildirəcək şəxsə qiymətli hədiyyə vəd edir. Şəhərin asayişinə cavabdeh olan Həsin ibn Nəmirə göstəriş verir ki, şəhərdə ciddi şəkildə axtarış aparılsın və Müslimin həbsi üçün müvafiq tədbirlər görülsün. Sonra minbərdən düşüb, qəsrinə gedir. Səhəri gün ibn Ziyad ümumi görüşlər keçirir. O, Məhəmməd ibn Əşəsi yanında oturdub, haqqında təriflər deyir. Tuəbin oğlu Məhəmməd ibn Əşəsin oğluna məlumat verir. O da bu xəbəri atasına çatdırır. İbn Ziyad əhvalatdan xəbər tutduqdan sonra Məhəmməd ibn Əşəsə Müslimin həbsi göstərişini verir.[27]
Amma Müslimin həbs olunması o qədər də asan iş deyildi. Ona görə də İbn Ziyad Qeys qəbiləsindən 60-70 silahlı ayırıb, Məhəmməd ibn Əşəsin tabeçiliyinə verir və Müslimin həbs olunmasını əmr edir.
KUFƏ DAXİLİNDƏ KƏRBƏLA
Gəzir haqq elçisini
Ali-Süfyan qoşunu,
Zülmün keşikçiləri
Düyünləmiş qaşını.
Nur zülmətdən qaçaqda,
Batil haqqın dalınca,
Dayanmazlar günəşin
Son işığın alınca.
Atların ayaq səsi İbn Ziyad silahlılarının hücumundan xəbər verirdi. Hədəf Müslimin sığınacağı, məqsəd onun həbsi idi. Qanlı savaş meydanlarında böyümüş Müslim mühasirə halqasını yarmaq üçün öz şücaətindən istifadə etdi. İbadətini başa vurub, zirehini geyindi. Silahını götürüb, hücumçulara həmlə etdi və onları evdən bayıra çıxardı.[28] Vəfalı qadının evini onu yandırmaq, daş-qalaq etmək istəyənlərdən qorumaq üçün Müslim bayırda döyüşməyə çalışırdı. O, İbn Ziyad məmurlarına dedi: “Bütün bu hay-küylər Əqil oğlunu öldürmək üçündürmü? Ey nəfs! Əlindən qurtuluş olmayan ölümə doğru get!”[29] Əlində qılınc, qəlbində böyük iradə və güc, damarlarında qeyrət, zərrəcə çəkinmədən Müslim onlara ikinci dəfə hücum etdi və onları pərakəndə saldı.
Müslim Hüseynin (ə) naibi və nümayəndəsi idi. Onu “əslə bərabər nüsxə” adlandırmaq olardı. O, Kufədə Kərbəla yaratmaq əzmindəydi. Müslim əzəmətli Kərbəla dərsi olan bir qəhrəmanlığı tarixə yazırdı. O, İbn Ziyadın bir bölük döyüşçüsü ilə üzbəüz dayanıb cəsarətlə döyüşürdü. Öz qılıncı ilə hücumları dəf edir, düşmənə sarsıdıcı zərbələr endirirdi. Bu bir aşura idi. Haqla batilin döyüşü Müslimin savaşında təcəlla edirdi. Müslimin zərbələri qarşısında özünü aciz görən düşmən ətrafdakı evlərin damına dırmanıb, onun başına alov və daş yağdırırdı. Müslim hələ də döyüşür və qorxaq imansızların hücumlarına cavab verirdi.[30]
Bu barədə nəql edirlər ki, Müslim düşmən əsgərlərini qaldırıb evlərin damına atır və rəcəz oxuyurdu:Bu ölümdür, çəkinmə istəyindən,
Ölüm camın çəkəsisən başına.
Ümidli o, yaradanın fərmanı
Yarıyası bəndələrin işinə.
Kufə valisi Müslimin şücaətini etiraf etməsə də, onun verdiyi böyük itkilər bu şücaətin aşkar sübutudur. Müslim hələ də İbn Ziyad qoşunu ilə döyüşür və dodaqlarında zümzümə edirdi: “Hətta ölümü xoşagəlməz görsəm də, and içirəm ki, yalnız azad kişi kimi öləsiyəm. Qorxum ondandır ki, mənə yalan deyib, aldatmış olsunlar. Nəhayət, bu sərin su dəryanın qaynar suyuna qarışasıdır. Yayğınlığı bir kənara qoy, diqqət və əzmlə döyüş. Hər kəs bir gün pisliklə görüşəcəkdir.[31]
Göndərilmiş qüvvələrə 500 nəfər əlavə olunsa da, bu şücaətli qəhrəman hələ də təkbaşına döyüşür, qarşısına çıxanı qanına qəltan edirdi.[32] Məhəmməd ibn Əşəs Müslimi diri tutmaq istəyirdi. Döyüşlər bu məqsədlə uzadılsa da, onlar məqsədlərinə çata bilmədilər. Müslimin həbsinin yubanmasından narahat olan İbn Ziyad İbn Əşəsə xəbər göndərdi. İbn Əşəs onun cavabında dedi: “Ey əmir, yoxsa düşünürsən ki, bizi Kufə baqqallarından birinin ardınca göndərmisən?! Bizə Məhəmməd ibn Abdullahın qılınclarından biri ilə savaş əmr olunub.” Bu cavabdan sonra İbn Ziyad İbn Əşəsin silahlılarının sayını daha da artırdı.[33]
İbn Ziyad sonda Müslimə aman verilməsini əmr etdi. O, bu yolla Müslimi ələ keçirmək istəyirdi. Amma Müslim ibn Əqil bu əqidəsiz və xain insanların vədinə inana bilməzdi. Ona görə də mübarizə davam edirdi. Nəhayət, Müslim çoxsaylı zərbələrdən sonra bir divara söykəndi və dedi: “Nə üçün məni daşlayırsınız? Axı kafirlərlə belə rəftar olunur! Mən isə Peyğəmbər (s) ailəsindənəm. Nə üçün ailəsinə münasibətdə Peyğəmbərin haqqına riayət etmirsiniz?”[34]
Uzun və çətin döyüş, ağır yaralar Müslimi zəiflətmişdi. Onun qanlı çöhrəsi böyük bir cihaddan danışırdı. O, şəhadətə yetənədək döyüşmək əzmindəydi. Amma onu mühasirəyə alıb nizələrlə yaraladılar və yerə yıxdılar. Beləcə, Müslim əsir düşdü.[35] Bəzi mənbələrdə bildirilir ki, Müslim düşmənin qazdığı çalaya düşdü, sonra əsir götürüldü. Bəli, əsirləri azad etmək arzusunda olan Müslim özü əsir düşdü. Onu saraya apardılar və qəhrəmanlıq tarixinə yeni bir səhifə əlavə olundu.
AZAD ƏSİR
Əzəmətli qəhrəman alçaq düşmənə əsir oldu və valinin iqamətgahına aparıldı. Ağır yaralar, şiddətli yorğunluq onu taqətdən salmışdı. O, şəhadətin labüdlüyünü hiss edir və bundan sevinc duyurdu.Bu gün şəhadəti dadasıyam mən,
Labüddür, amma ki, könüldə yox qəm.
Həqiqət yolunda, Quran yolunda
Şəhadətdən üstün nədir dünyada?!
Batil qarşısında bükülməz bu diz,
Bu qamət zalıma əyilməz hərgiz.
Səcdə qılmamışam vara-dövlətə,
Nə var qurban olsun bir həqiqətə.
Ağlamasın anam, bacım, əzizim,
Bu ölüm, inanın, fəxrimiz bizim.
Qəfildən Müslimi ağlamaq tutur və o deyir: “İnna lillahi və inna iləyhi raciun.” İbn Ziyadın qoşun başçılarından biri tənə ilə deyir: “Bu sayaq işlər dalınca gedən insan belə sonluqlara ağlamamalıdır.” Müslim cavab verir: “And olsun Allaha, ölüm qorxusundan ağlamıram. Məni ağladan ailəmin, Hüseynin sizə doğru hərəkətdə olmasıdır.”[36]
Çoxsaylı atlılar Müslimi saraya gətirdilər. Susuzluq, güclü qanaxma onu haldan salmışdı. Divara söykənmiş Müslim su qabını götürüb su istəyir. Amma alçaq xislətlilərdən biri ona su verməkdən imtina edib, zəhərli sözlər deyir. Qarşısındakı insanın rəzilliyindən heyrətə gələn Müslim ona nifrin edir.[37] Bu səhnəni müşahidə edən Əmmarə ibn Üqbə adlı biri öz qulamına göstəriş verir ki, Müslimə su versin. Müslim suyu dodaqlarına yaxınlaşdırarkən dodağının qanı suyun rəngini dəyişir və o, suyu içmir. Bu səhnə ikinci, üçüncü dəfə də təkrar olunur. Nəhayət, su içmək fikrindən daşınan Müslim deyir: “Həmd olsun Allaha! Bu su qismətim olsaydı, içərdim![38]
Bu azad əsir nizələrin işığı altında saxlanılırdı. O həm öz iftixarlı taleyi, həm də Kufəyə doğru hərəkət edən karvan haqqında düşünürdü. Bu karvanın rəhbəri Əba-Əbdillah Hüseyn (ə) idi.
Müslim ibn Ziyadın yanına gətirildiyi vaxt ona salam vermədiyindən vali və onun ətrafındakılar qəzəblənmişdilər. Onlar öz aralarında əsəbi-əsəbi pıçıl-daşırdılar.
Onlar Müslimi ölümlə hədələdilər. Hansı ki, Müslim bu ölümlə fəxr edirdi. Şübhəsiz ki, onu öldürəcəkdilər. Müslim vəsiyyət üçün orada olanlardan Ömər Sədi seçdi. O üç vəsiyyət etdi: “Zireh və qılıncımı satıb, Kufədəki borclarımı ödə; cəsədimi İbn Ziyaddan al və torpağa tapşır; Hüseyn ibn Əlini xəbərdar et ki, Kufəyə gəlməsin.”[39]
Ömər Səd bu vəsiyyətləri gizli saxlayacağı haqqında Müslimə söz versə də, xəbislik və xəyanət vücuduna hopduğundan elə həmin məclisdə İbn Ziyadı Müslimin vəsiyyətindən xəbərdar etdi. İbn Ziyadla Müslim ibn Əqil arasında olan söhbətlərdən birində o, Müslimə dedi: “Ey Əqil oğlu, gəldin ki, xalqın birliyini aradan götürəsən. Xalqı nəzərdən keçirdin, bir qrup arasında təfriqə saldın, adamları bir-birlərinin üzərinə qaldırdın.” Müslim cavab verdi: “Xeyr, heç vaxt belə etməmişəm. Əksinə, şəhər əhli gördü ki, atan yaxşıları öldürdü, qanlar axıtdı, İran və Rum padşahları kimi rəftar etdi. Biz onları ədalətə və Allah qanunlarına riayət edilməsinə çağırdıq.” İbn Ziyad daha da qızışdı: “Bu işlərdən sənə nə?! Sən Mədinədə şərab içəndə biz yaxşı işlər görüb, Allahın kitabına əməl etmirdikmi?!” Müslim dedi: “Məgər mən şərab içirəm? Allah bilir ki, sən yalan deyirsən, bilmədiyin şeyləri danışırsan. Mən sən deyən adam deyiləm. Şərab içmək başqalarının qanını nahaqdan axıdanlara yaraşır. Onlar nahaq qan tökür, qəzəb və düşmənçilik əsasında adam öldürür, eyni zamanda bu çirkin işlərdən şadlanırlar, sanki yaxşı iş görmüşlər.” İbn Ziyad: “Bəlkə güman edirsən ki, hökumət işlərində sizin üçün də pay var? Müslim: “And olsun Allaha, bu güman yox, aşkar həqiqətdir.” İbn Ziyad: “Səni öldürməsəm, Allah məni öldürsün! Elə bir ölüm ki, hələ kimsə İslamda bu sayaq öldürülməyib.” Müslim: “Bəli, sən müsəlmanlar arasında bidət yaratmağa və çirkinliyə daha layiqsən.”
Müslimin məntiqi və sarsıdıcı cavabları İbn Ziyadın ağlını başından çıxardı. O xain, həzrət Əli (ə), Hüseyn (ə), Əqilin ünvanına təhqirlər yağdırdı. Doğrudan da, zülmün ədalət tərəfindən mühakiməsi heyranedicidir. Səbr kasası dolmuş Müslim dedi: “Ey Allahın düşməni, nə istəyirsənsə et.”[40] İbn Ziyad Müslim ibn Əqilin qətlinə göstəriş verdi.
Həqiqət düşmənlərinin yeganə silahı öldürməkdir. Əgər həqiqətpərəst və imanlı bir insan şəhadətə hazır olarsa, ölümdən qorxmazsa, həqiqətən də, düşməni tərk-silah etmiş olur. Müslimin də arzusu ən zalım adamların əlində, Allah yolunda öldürülmək idi. Müslimin ibn Ziyada belə cavab verməsi təbii idi: “Ölümdən nə qorxu − bir halda ki, səndən də pisi məndən də yaxşısını öldürmüşdür.”
Belə bir müqəddəs taleyin, sonluğun arzusunda olan Müslim üçün ölüm hökmü bir müjdə idi. Şəhadətdən qabaqkı anlar ən gözəl ruhiyyə ilə müşayiət olunurdu. İştiyaq görüşdən qabaqdır.
QIRMIZI ÖLÜM
Müslimin qətlə yetirilməsini Bəkr ibn Həmran Əhməriyə tapşırdılar. Bu şəxs savaş zamanı Müslimin qılıncı ilə yaralanmışdı. Ona əmr olundu ki, Müslimi qəsrin damına qaldırıb boynunu vursun və bədənini yerə atsın. Müslimi imarətin damına qaldırdılar. O, dodaqlarında Allahı zikr edir, təkbir deyir, Allaha həmd oxuyur, Peyğəmbər və mələklərə salam göndərirdi: “Pərvərdigara, özün bizimlə bu hiyləgərlər arasında hökm et!”
Qəsrin ətrafında toplanmış böyük bir cəmiyyət bu hökmün icrasını gözləyirdi. Müslim əzəmətli dağ kimi əmin halda, böyük bir ürəklə xəyanət qəsrinin yüksəkliyində dayanmışdı. Onun nəzərləri minlərlə şəhidin keçibgetdiyi pak və qanlı yola dikilmişdi. Onlar öz canlarını Allah yolunda hədiyyə etmişdilər.
Şəhadət və merac məqamında Müslimin əzəməti heyranedici idi. Zalımlar qolları bağlı qəhrəman əsiri təhqiramiz şəkildə öldürmək üçün qəsrin damına qaldırsalar da, haqq yolda şərəfli ölüm yalnız bəsirətlilərin görə biləcəyi bir böyüklük idi. Müslimi üzü ayaqqabı bazarına oturtdular. Qılınc zərbəsi ilə başını bədənindən ayırdılar. Bu azad və şücaətli şəhidin bədənini damdan yerə atdılar. Bu səhnələrə şahid olan izdiham səs-küy qaldırdı.
ŞƏHADƏTDƏN QABAQ
Müslim şəhid oldu və əbədiyyətə qatıldı. Onun şəhadətindən sonrakı hadisələrə də nəzər salaq. Müslimin qatili öz işini başa çatdırıb aşağı düşdü və ibn Ziyadın yanına getdi. İbn Ziyad soruşdu: “Müslim qəsrin pillələri ilə qaldırılarkən nə edirdi, nə danışırdı?” Qatil dedi: “Allaha həmd oxudu, Ondan bağışlanmaq və bəxşiş istədi.”[42]
Böyük şəhid tənini qəsrin damından atdıqdan sonra göstəriş verdilər ki, başsız bədən dar ağacından asılsın. Müslimin şəhadətindən sonra Haninin ardınca getdilər. Hani qolları bağlı halda zindanda saxlanılırdı. Onu izdihamın içinə gətirdilər. Hani öz tərəfdarlarını köməyə çağırdı. Amma onun səsinə səs verən olmadı. O güc vurub əllərini açdı və ətrafdakılardan birinin silahını almaq istədi. Amma məmurlar onu tutub, yenidən əllərini bağladılar. Sonra iki zərbə ilə Haninin başı bədənindən ayrıldı. Hani cəlladın qılıncı altında deyirdi: “Qayıdış Allaha doğrudur. Pərvərdigara məni öz rəhmət və razılığına doğru apar!”[43] Bu rəzil insanlar Haninin də bədənini kəndirlə bağlayıb, küçə boyu sürüdülər. Bu xəbər Haninin qəbiləsinə çatdı. Qəbilənin süvariləri hücum edib, İbn Ziyadın dəstəsi ilə döyüşdən sonra Hani və Müslimin cəsədlərini aldılar. Hər iki şəhidə qüsl verib, onlar üçün namaz qıldılar. Müslimin bədəni başsız olsa da, hər ikisi torpağa tapşırıldı.[44]
Həmin gün bir neçə başqa mücahid də həbs olundu və şəhadətə yetirildi. Onların da bədənləri həmin iki qəhrəmanla yanaşı dəfn olundu. Zilhiccənin 9-cu günü Kufədə kiçik bir Kərbəla quruldu və bu hadisə tarixdə əbədi imzasını qoydu.Söylə, xoş səs varmı eşqin səsindən?
Bu səs fələklərlə uçuşda həmdəm.
Xirqə bağlayanlar ötüşdü rahat.
Bizim əhvalımız hələ ki bərbad.
Bu şəhadətlərdən sonra böhranlı vəziyyətə düşmüş Kufəyə doğru imam Hüseyn (ə) karvanı hərəkət edirdi. Məkkə ilə Kufə arasındakı dayanacaqlardan birində imam Hüseyn (ə) öz vəfalı elçisinin şəhadət xəbərini eşitdi. Müslim ibn Əqil, Hani ibn Ürvə, Əbdüllah Yəqtərin şəhadəti imamı çox narahat etdi və o buyurdu: “İnna lillahi və inna iləyhi raciun.” Gözləri yaşla dolmuş imam (ə) bu insanlar üçün Allahdan rəhmət dilədi: “Pərvərdigara, bizim üçün və bizim ardıcıllarımız üçün uca mənzillər qərar ver. Bizi öz mərhəmət qərargahında topla. Sən hər şeyə qadirsən!”
Sonra bu üç şəxsin şəhadətini və Kufədəki vəziyyəti açıqlayan naməni çıxardı, öz yoldaşları üçün oxudu və dedi: “İstənilən biriniz gedə bilər və bizim tərəfdən kimsənin boynunda əhd yoxdur.”[45]
Bu insanların şəhadətindən sonra imamın buyurduqları onların ucalığını, məsuliyyətini və vəfadarlığını göstərirdi. İmam (ə) Müslim haqında buyurdu: “Allah Müslimə rəhmət etsin. O Allahın razılığına və mərhəmətinə doğru tələsdi, öz vəzifəsini yerinə yetirdi. Bizim çiynimizdəki yük isə hələ qalır.”
Sonra Müslimin şəhadət xəbəri karvandakı qadınlara da çatdırıldı. İmam (ə) Müslimin kiçik qızını yanına çağırdı. Nəvazişlə onun başını sığalladı. Qız atasının şəhadətini hiss edirdi. İmam buyurdu: “Mən sənin atanın yerindəyəm.” Qız ağladı, qadınlar da ona qoşuldular. İmamın da gözləri yaşla doldu. Kufə və Kufədəki şəhidlərdən xəbərdar olan yolçular imamın Kufəyə getməsini istəmirdilər. İmam (ə) onların istəklərinə cavab olaraq buyurdu: “Onlardan sonra bu həyatda bir xeyir yoxdur.” İmam öz sözləri ilə getmək qərarında olduğunu bildirmək istəyirdi.[46]
MÜSLİM İBN ƏQİLİN ÖVLADLARI
Əvvəldə qeyd etmişdik ki, Müslimin övladlarından bir neçəsi Aşura hadisəsində iştirak edib, şəhadətə yetişdilər. Onun bu əsirlər karvanında olan digər iki kiçik oğlu Übeydullah ibn Ziyadın göstərişi ilə zindana salındı. Onları zindanda çox incidirdilər. Bir il zindanda qaldıqdan sonra zindanın Əhli-beyt (ə) aşiqi olan bir işçisi onları xəlvəti şəkildə qaçırdı.
Müslimin övladları bir qoca qadına pənah gətirdilər. Qadının İbn Ziyad tərəfdarı olan kürəkəni həmin vaxt İbn Ziyaddan hədiyyə almaq üçün qaçmış uşaqları axtarırdı. Gecələmək üçün qadının evinə gələn şəxs evdə iki uşaq olduğunu gördü. Uşaqların kimliyini bildikdən sonra amansızcasına onların qollarını bağlayıb, qulamı və öz oğlu ilə birlikdə Fərat çayı kənarına gətirdi. Kişinin niyyətini anlayan qulam və oğlan Fərata atılıb, bu cinayətdə iştirakdan qaça bildilər. İki məsum körpə daş ürəkli kişinin əlində qaldı. Uşaqlar dörd rükət namaz qılıb, Allahla raz-niyaz etdilər və dedilər: “Pərvərdigara, özün onunla bizim aramızda hökm çıxar.” Cəllad xislətli kişi hər iki uşağın boynunu vurub, bədənlərini Fərata atdı və kəsili başları götürüb, İbn Ziyadın görüşünə getdi. Bəli, dünya və var-dövlət hərisliyi insanların gözünü bağladıqda onlar bir dirhəm üçün istənilən vəhşi rəftara yol verirlər.
Allahın, mələklərin, pakların salamı olsun Müslim ibn Əqilin uca ruhuna! O, vəfa və comərdlik şərtlərini yerinə yetirdi, canını öz sevgili rəhbəri Seyyidüş-şühədaya (ə) fəda etdi. Salam olsun bu yolu davam etdirən bütün insanlara. Bu yol həqiqət və azadlıq yoludur!
Redaktor: Nəcəf