Baş səhifə
Müslim ibn Əqilin həyatı | Baxış: 1007 | Tarix: 2013.07.22

 

NƏ ÜÇÜN MÜSLİM?

Özünü tərbiyələndirmiş və pak insanların böyük ruhu başqalarına da paklıq və iman aşılayır. İsar əhlinin Allah yolunda sədaqət və fadakarlığı ətraf-dakıları da məsuliyyət və fədakarlığa ruhlandırır. Böyük islami şəxsiyyətlərin cihad və şəhadət qəhrəmanlığı mücahidlər və şəhidlər yetirir. Şanlı tariximizin parlaq simalarının insani əzəməti yemək və yatmaqdan üstün hədəfə malik olanlar üçün ideal, nümunədir. İlahi dəyər axtarışında olan bu simaları örnək götürürlər. İman, əxlaq, şücaət, dözüm nümunəsi olan insanlar bütün dönəmlərdə tarixin zinəti olmuşlar.
Müslim ibn Əqil bu parlaq simalardandır. Bu böyük insanın, haqq yolunun fədakar əsgərinin adı yaxşılıq, rəşadət və şücaət simvoludur. Bu rəşadətli İslam mücahidinin həyatının öyrənilməsi ilhamverici, ibrətamiz və tərbiyələndirici bir işdir. Müslim ibn Əqilin Kufədəki qəhrəmanlığı Aşura hərəkatının müqəddiməsi idi. Müslim özü isə Seyyidüş-şühəda İmam Hüseyn (ə) inqilabının öncülü, Kərbəla hərəkatının səfiri, tarixi qəhrəmanlıq qurbanı olmuşdur.
Müslimin sədaqət, iman və şücaətindən başqa onun haqqında nə demək olar?! Onun fədakarlıq, qəhrəmanlıq və azadəliyindən savay nə haqda yazmaq olar?” Onun haqqında vəzifəyə əməl, imama itaət, haqq yolda ölənədək cihaddan savay nə eşitmək olar?! Odur İslam məktəbinin dəyərlərinin bariz təcəssümü, odur Allah yoluna könül vermiş mücahid gənc nümunəsi, odur şəhadəti ilə Allaha yaxınlıq meracına yüksələn. Bütün bu səbəblərə görə də məhz Müslim ibn Əqilin böyük şəxsiyyəti ilə tanış oluruq. 

MÜSLİM İBN ƏQİL KİMDİR?

Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı. Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.
Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: “Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı.”
Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi.
Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİNDƏN SONRA

Müslimi babaları, qəbiləsi, ölkəsi nöqteyi-nəzərindən tanımazdan qabaq, onun həyatı və əməlləri ilə maraqlanmaq düzgün olardı. Bu Müslimi tanımağın ən yaxşı yoludur. Müslim Həzrət Əlinin (ə) xilafəti dövründə həzrətin (ə) xidmətində haqq müdafiəçisi idi. İmamın şəhadətindən sonra Müslim imamın övladları Həsən və Hüseyndə təcəssüm edən haqdan uzaq düşmədi. Sonda da pak canını bu yolda fəda etdi.
İmam Həsən-Müctəbanın (ə) on illik imaməti dövründə, İslam tarixinin bu çətin dönəmində Müslim Əhli-beyt (ə) ardıcılı, həqiqət tərəfdarı idi. Haqq yolda bütün vücudu ilə xalis olan Müslim imam Həsənin (ə) ən vəfalı köməkçilərindən və xüsusi səhabələrindən sayılırdı. İmam Müctəbanın (ə) şəhadətindən sonra imamət Hüseyn ibn Əliyə (ə) çatdıqda yenə də Müslim Əhli-beytdən (ə) ayrılmadı və daim imam Hüseynin (ə) yanında oldu. Həzrət Əlinin (ə) şəhadətindən Kərbəla hadisəsinədək ötən iyirmi ildə bir çoxları təhlükəyə görə haqq yoldan uzaqlaşdı, bəziləri də dünya malına aldanıb, həqiqət səhnəsini tərk etdi. Hətta Əhli-beytdən (ə) ayrılıb, Müaviyəyə qoşulanlar da oldu. Həmin iyirmi ilin burulğanlarında bəziləri də süstləşib cəmiyyətdən uzaqlaşdı və tənhalığa qapıldı. Amma qəlbi imanla dolu olanlar, həqiqət yolunda can yandıranlar, müsəlmanlığı səbr və mübarizədə görənlər haqq imamları tənha buraxmadılar. Onlar dilləri, var-dövlətləri, canları, övladları ilə Allah yolunda fədakarlıq və cihad nümayiş etdirdilər. Həqiqət tərəfdarlarının fəziləti və dəyəri o zaman məlum olur ki, Əməvilərin hakimiyyəti dövründə dindarlığın çətinliyindən xəbərdar olaq.
Müslimin fəziləti və dəyəri məhz bu nöqtə nəzərə alındıqda aydınlaşır. Gələcək söhbətlərimizdə şahid olacağıq ki, Müslim ibn Əqil öz dövrünün imamına məhəbbətdən, onun vilayətinin müdafiəsindən heç vaxt kənar düşmədi. O bu yolu əzmlə davam etdirərək, nəhayət, Kərbəla hərəkatında, Kufədə şəhadətə yetişdi və Aşura karvanının ilk şəhidi ləyaqətini qazandı. Bu hərəkatda Əqilin doqquz övladı şəhadətə yetdi və onların ən şücaətlisi Müslim idi. Bu fəzilət həzrət Peyğəmbər (s) tərəfindən də zikr olunmuşdur. Həzrət Əli (ə) Əqilin fəziləti ilə bağlı bir hədis nəql etmişdir. Peyğəmbər (s) buyurur: “Mən onu (Əqili) iki cəhətinə görə sevirəm: bir özünə görə, bir də atası Əbu-Talib onu çox sevdiyi üçün.” Sonra həzrət Əliyə (ə) xitabən buyurur: “Onun oğlu Müslim sənin övladına məhəbbəti yolunda öldürüləcək. Möminlər onun üçün ağlayar və Allahın yaxın mələkləri ona salam göndərər.” Bu vaxt Peyğəmbər (s) ağladı və göz yaşları sinəsinə töküldü. Sonra buyurdu: “Məndən sonra ailəmin başına gələcəklərdən Allaha şikayət edirəm.”[1]
Bu ailənin haqq əhlini himayə etməsi onları xüsusi bir məqama ucaltmışdır və imamlar daim onların fəzilətini qeyd etmişdir. İmam Səccad (ə) Əqilin ailəsinə məhəbbətlə buyurur: “Onların Hüseynlə (ə) olduqları günü xatırladığım vaxt qəmlənirəm.”

ŞƏHİD TƏRBİYƏ EDƏN AİLƏ

Qeyd etdik ki, Əqilin övladlarından doqquzu Hüseynin (ə) ilahi hərəkatının qurbanı oldular və Müslim bu simaların ən parlağıdır. Bu ailə Quran yolunda şəhadəti qəbul etməklə böyük bir iftixar qazanmışdır. Müslimin övladları da şəhid atalarının ilahi yolunu davam etdirərək Kərbəla səhnəsinə çıxırlar və Peyğəmbər ailəsinə vəfadarlıqlarını sübuta yetirirlər. Bu vəfadarlıq hər bir həqiqi möminin vəzifəsi idi.
Aşura gecəsi bu vəfa, məsuliyyət və ixlasın canlı şahididir. Bu heyrətamiz və əzəmətli gecədə Hüseyn ibn Əli (ə) öz Əhli-beyti, dostları və köməkçiləri ilə sabahkı qanlı gün haqqında danışır, səhabələrinin vəfadarlığını qiymətləndirir, onların Əhli-beytə münasibətdə yaxşılıqlarını dəyərləndirir və Allahdan onlar üçün böyük mükafat diləyir. Bu həmin gecədir ki, imam (ə) öz yaxınlarının çiynindən beyət yükünü götürür və bildirir ki, getmək istəyənlər azaddırlar. Üzünü əmisi oğlanlarına, Əqilin övladlarına tutaraq buyurur: “Siz şəhid vermisiniz, Müslimin şəhadəti sizə bəs edər. İcazə verirəm ki, siz də gedəsiz.” Amma Əqil övladları belə cavab verirlər: “Əgər biz öz böyüyümüzü, ağamızı, əmimiz oğlunu tənha buraxıb, onun yolunda ox atmasaq, qılınc çalmasaq, nizə vurmasaq, xalqa nə cavab verərik? Yox, and olsun Allaha, biz getməyəcəyik. Canımız, malımız, ailəmizi sənə fəda edir, sənin yanında qalıb döyüşürük ki, səninlə birlikdə behiştə daxil olaq. Səndən sonra həyat çox acıdır!”[2]
Beləcə, Əqilin övladları imam Hüseynin (ə) yanında qalıb, haqqın müdafiəsində durdular. Kərbəla hadisəsində Müslim ibn Əqilin övladlarından da ikisi şəhadətə yetişdi. Onun övladlarının başqa ikisi düşmənə əsir düşdü, onları Kufəyə aparıb, İbn Ziyada təhvil verdilər. Onlar bir ilə yaxın zindanda yatdıqdan sonra qaçmağa müvəffəq oldular. Amma, nəhayət, şəhadətə yetirildilər.
Deyilənlər Müslimin ailəsi ilə yığcam məlumat idi. Onun ata-babaları və övladları, bu ailənin şəhadət sorağında olması, Əhli-beytə vəfadarlığı, imamət və vilayəti müdafiə etmələri, Əmirəl-möminin (ə) şəhadətə yetdikdən sonra batillə mübarizələri haqqında qısaca danışıldı. Həzrətin (ə) şəhadətindən sonrakı dönəmdə haqq cəbhəsinin xalis köməkçilərə, fədakar mücahidlərə ehtiyacı vardı. Müslim ibn Əqilin səylərinin ümdə hissəsi Hüseyn ibn Əlinin (ə) imamət dövründə Kufədə bu inqilab üçün şərait hazırlamaqdan ibarət olmuşdur. Məhz bu istiqamətdə söhbətimizi davam etdirəcəyik.

KƏRBƏLA İNQİLABININ SƏFİRİ

Bilirik ki, Müslim ibn Əqil Kərbəla inqilabının öncülü, imamın (ə) Kufəyə göndərdiyi səfir idi. Kufə və Kərbəla hadisələrindəki bağlılıqla tanış olmaq üçün qısaca da olsa, Müslim ibn Əqilin Kufə əhlindən imama beyət, itaət əhdi almaq üçün bu şəhərə göndərilməsi haqqında danışmalıyıq. Müaviyə iyirmi illik istibdad hakimiyyətindən sonra öldü. Ondan sonra iş başına oğlu Yezid gəldi və hədə-qorxu, zor yolu ilə vəziyyətə nəzarət etməyə başladı. O, imam Hüseyni özünə beyətə, yəni hakimiyyətinin rəsmi tanınmasına dəvət etdi. Seyyidüş-şühəda imam Hüseyn (ə) bu təklifi qəbul etməyib, məxfi şəkildə bir qrup yaxını ilə Mədinədən çıxdı və Məkkədə Allah evinə sığındı. O bu münasib fürsətdən istifadə edərək xalqı oyatmaq istədi.
Hicri altmışıncı il idi. İmam (ə) dörd ay Məkkədə qalmaqla xalqla görüşüb danışdı, onlara Yezidə beyət olunmamasının zəruriliyini açıqladı. İmam Hüseynin (ə) inqilaba qalxması Kufə əhlini xüsusi ilə sevindirdi. Kufə əhli ələvilərin dörd illik hakimiyyətini unutmamışdı. Bu şəhərdə Əhli-beytə vəfalı tanınmış şəxsiyyətlər vardı. Buna görə də Kufə və Bəsrənin tanınmış şiələri imama minlərcə məktublar yazdılar. Kufəlilər Həzrətin yanına Əbu-Əbdillah Cədəlinin başçılığı ilə nümayəndə heyəti də göndərdilər.
İmama ünvanlanmış məktublardakı imzalar arasında Şəbəs ibn Rəbi, Süleyman ibn Surəd, Museyyib ibn Nəcbə kimi böyük şəxsiyyətlərin də imzaları var idi. Onlar imamdan xahiş edirdilər ki, xalqı özünə beyətə dəvət etsin və Kufəyə gəlib, Yezidi xilafətdən uzaqlaşdırsın.[3]
İmam (ə) Kufə əhlinin israrını və dəvətlərini cavabsız qoymamaq qərarına gəldi. Kufənin vəziyyətini dəqiq öyrənmək, xalqın məhəbbətini dəqiq qiymətləndirmək, başlanğıc hazırlıqları görmək, inqilabi qüvvələri nizamlamaq zəruri işlər idi. Kimsə əvvəlcədən Kufəyə gedib, bu işləri yerinə yetirməli və şəhərin vəziyyətini dəqiq şəkildə imama bildirməli idi.
Həzrət Hüseyn ibn Əli (ə) bu iş üçün Müslim ibn Əqili hamıdan münasib saydı. Onun həm siyasi agahlığı, həm təqvası vardı, həm də imamın yaxın qohumu idi. İmam Kufədən gələn nümayəndələrə buyurdu: “Mən qardaşım və əmim oğlu Müslimi sizinlə Kufəyə göndərirəm. Əgər xalq ona beyət etsə, Kufəyə gələrəm...” İmamın Müslimi “qardaş”, “mötəbər şəxs” adlandırması onun ləyaqətindən danışır. İmam (ə) Müslimi çağırıb buyurdu: “Kufəyə gedirsən. Xalqın qəlbinin dili ilə eyni olduğunu görsən, əmin olasan ki, bu namədə yazdıqları kimi müttəfiqdirlər və onların vasitəsi ilə ayağa qalxmaq olar, bu barədə mənə yazırsan.” İmam (ə) Müslimə tapşırdı ki, pəhrizkar və təqvalı ol, mehriban rəftar et, öz fəaliyyətlərini məxfi saxla, xalq yekdil olsa, onların arasında ixtilaf olmasa, mənə xəbər ver.”[4]
İmam (ə) Kufə əhlinə xitabla yazdığı namə və bildirişdə aydınlaşdırırdı ki, xalqın vəzifəsi nədir. İmamın naməsinin mətni belə idi: “Rəhman və Rəhim Allahın adı ilə. Hüseyn ibn Əlidən mömin və müsəlman camaata. Ey Səid və Hani, sizin namələrinizlə mənim yanıma gəldilər. Onlar göndərilənlərin sonuncuları idilər. Sizin nəzərdə tutduğunuz məqsəd və hədəflərin hamısını anladım. Əsas sözünüz budur ki, imam və rəhbəriniz yoxdur və mən tələsim. Düşünürsünüz ki, Allah sizi mənim vasitəmlə hidayət edə və bir araya gətirə. Mən qardaşım, əmim oğlu, ailəmin etimadlı şəxsi Müslim ibn Əqili sizin yanınıza göndərirəm. Ona tapşırıq vermişəm ki, sizin halınızı, işinizi, nəzərinizi mənə bildirsin. Əgər mənə məlum olsa ki, sizin böyüklərinizin, ağıl və düşüncə sahiblərinizin rəyi qasidlərinizin dediyi kimidir, məktublarda yazılanlarla uyğundur, Allahın istəyi ilə, tezliklə sizə doğru hərəkət edəcəyəm.
And olsun canıma, rəhbər və imam yalnız o şəxsdir ki, Allahın kitabına əsasən hökm və əməl etsin, ədalətli olsun, haqqa təslimliklə özünü başdan-başa Allahın fərmanlarına, bağlı qərar versin. Vəssəlam.”[5]
Müslimin ezam olunması, bu məktubun Kufəyə göndərilməsi bütün namə və dəvətlərin cavabı idi. İmamın məktubunun mahiyyəti bir neçə əsas üzərində qurulmuşdu: 1. Müslimin qardaş, əmioğlu, etibarlı nümayəndə kimi tam şəkildə təsdiqi; 2. Kufədə xalqın vəhdətinə, birliyinə münasibətdə Müslimin məsuliyyət dairəsi; 3. Höccətin tamamlanması ünvanı ilə təkrar dəvətlərə cavab; 4. Xalqın Müslimə itaətə və onun himayəsinə dəvəti.
Müslim iki bələdçi ilə Məkkədən Kufəyə hərəkətə başladı. Bir neçə gün ardıcıl yol getdilər. həmin iki bələdçi yolda susuzluqdan həlak oldu. Müslim Qeys ibn Müsəhhər Seydavəri, Əmmarə ibn Əbdüllah Ərhəmi ilə yolun üzücü məşəqqətlərini adlayıb, iyirmi gündən sonra özünü Kufəyə çatdırdı. Beləcə, otuz günlük yol iyirmi günə qət olundu.
Artıq Müslim hadisələrlə, macəralarla dolu, müxtəlif cərəyanların tüğyan etdiyi şəhərlə üzbəüz dayanmışdı. Şəhərin zahiri aramlığı dənizin tufandan qabaqkı aramlığının eyni idi. Müslim Kufəyə daxil oldu və Həzrət Əlinin (ə) xalis şiələrindən və Əhli-beyt (ə) aşiqlərindən olan Muxtar Səqəfinin evinə getdi.

 Redaktor: Nəcəf