Baş səhifə
İMAM ƏLİ (Ə)-IN BEYƏTİ | Baxış: 722 | Tarix: 2013.07.15

İMAM ƏLİ (Ə)-IN BEYƏTİ

Əbu Bəkrin hökumətinin təsbit edilməsi ilə müxaliflərdən zorla bey`ət alınmağa başlandı. Lakin Peyğəmbəri-Əkrəm (s)-in kürəkəni və əmisi oğlu Əli ibn Əbi Talib (ə) öz həyat yoldaşı Fatimeyi-Zəhra (ə.s)-ın həyatda olduğu vaxta qədər xəlifə ilə bey`ət etmədi. Həm şiə, həm də əhli-sünnə tədqiqatçılarının əqidəsinə əsasən, imam Əli (ə)-ın (Fatimeyi-Zəhra (ə.s)-ın şəhadətindən sonra) xəlifə ilə bey`əti onun öz razılığı ilə olmamışdır. Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimeyi-Zəhra (ə.s)-in şəhadətindən sonra hökumət mə`murları imam Əli (ə)-dan, xəlifəyə bey`ət etməsini tələb etdikdə, o, bir qrup hami və tərəfdarlarının qarşısında çıxış edib, öz xüsusiyyətlərini və Peyğəmbər (s)-lə qohumluğunu bəyan etdi.. Həyat yoldaşının dəfnindən bir gün sonra xəlifə Əbu Bəkr ibn Əbi Qühafə ilə bey`ət etdi. Bundan qabaq isə o həzrətin özü və Bəni-Haşim şiələrinin heç biri Əbu Bəkrlə bey`ət etməmişdilər. 
Beləliklə, 35-ci hicri ilinə qədər (təqribən, 25 il) Əli ibn Əbi Talib (ə) siyasi-ictimai fəaliyyətlərdən rəsmi olaraq kənarlaşdı. Lakin aşağıda qeyd edilən bir sıra dəlillərə görə, o həzrət bu müddət ərzində hökumət əleyhinə qanlı qiyam və inqilab fikrindən uzaq idi hətta başqalarının qiyamına belə, mane olurdu.
İndi isə bir neçə sual yaranır:
1. Görəsən Əbu Bəkrin hökumətinin ilk günlərində Peyğəmbər (s)-in kürəkəni Əli ibn Əbi Talib (ə)-ın son dərəcə hörmətsizlik və sərtliklə məscidə aparılıb, bey`ətə məcbur edilməsi həqiqətdirmi?
2. Görəsən, Əli ibn Əbi Talib (ə) “səqifə”də yığıncağın təşkil olunduğu gün, ondan bir həftə sonra, eləcə də sonrakı günlərdə “Qədir-Xum” hadisəsini və Peyğəmbər (s)-in yanındakı məqam və mənzilətini camaatın yadına salmadımı? 
Bir çox şiə və sünnü tədqiqatçıları Əli ibn Əbi Talib (ə)-dan sərtlik və hörmətsizliklə bey`ət alınmasını qeyd etsələr də, bə`zi yazıçılarımız isə çox təəssüflə, belə yazmışlar:
“Bə`zi sadəlövh adamlar çalışmışlar ki, Əli (ə)-ın məzlumluğunu göstərmək üçün umumi məsələlərə əl atsınlar; yə`ni o həzrəti zorla çəkib aparmaq, əmmaməsini boğazına bağlayıb küçələrdə gəzdirmək!... İmam Əli (ə)-ın məzlumluğunu bu şəkildə göstərmək ağılasığmaz bir iş olmaqdan əlavə, həm də o həzrətin həqiqi şəxsiyyətini kiçiltmək deməkdir. Mə`murların o həzrəti bu şəkildə, yə`ni zorla məscidə aparıb, onunla sərt davranmaları qeyri-mümkündür.
Bu cür sənəd düzəldənlər bu qədər də düşünə bilməyiblər ki, Peyğəmbər (s)-dən sonra yeni qurulmuş hökumətin hər şeydən öncə səbata, müxaliflərin və xam kütlənsıin cəzbolunmasını ehtiyac duyulduğu həssas çağlarında, eləcə də o qədər çətinliklərlə yanaşı, sözsüz, siyasi, hərbi və təhlükəsizlik baxımından onların bu güclü qüdrətə söykənmələri və belə sərtliyə əl atmaları asan olmadığı və qeyri-mümkün bir iş olduğu kimi, bu, heç bir vəchlə məsləhət üzündən də deyildi. Bəlkə də demək olar ki, Əli (ə) Fatimeyi-Zəhra (ə.s)-ın evində öz tərəfdarları müqabilində məs`uliyyət hissi keçirir, başqalarının həyatını xilas etmək, dost və səhabələrinə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə mə`murlara qoşulub, xəlifənin yanına getmişdir.” 
Bu təhlilə əsasən, belə nəzərə çarpır ki, hökumət mə`murları sanki Əli (ə)-ı məscidə gözəl rəftarla aparmış, sonra isə şirini və meyvə ilə o həzrəti qarşılamışlar! Əgər Əli ibn Əbi Talib (ə)-ın xəlifəyə bey`ətini belə izah etsək, onda hökumət məmurlarının həzrət Fatimeyi-Zəhra (ə.s)-ın evinə hücum çəkməsini, onun bətnindəki körpənin şəhadətini kökündən inkar etməliyik. Halbuki, gələcək bəhslərdə əhli-sünnə mənbələrinə istinad edərək, İslam tarixində bunun inkar edilməz bir məsələ olduğunu qeyd edəcəyik.
Biz isə Əli ibn Əbi Talib (ə)-dan bey`ətin alınması hadisəsinin daha da kəskin olduğunu, əmmamənin boğazına bağlanılıb küçələrdə gəzdirilməsini demirik, lakin həm şiə, həm də sünnülərin mö`təbər mənbələrinə əsasən, o həzrətdən zorla və sərtliklə bey`ət alınmışdır. Tarixdə ən insafsız şəxs kimi göstərilən Müaviyə ibn Əbi Süfyanın imam Əli ibn Əbi Talib (ə)-a məktubunda isə belə yazılır: “Xilafət mə`murları səni cilovlanmış tüğyançı dəvə kimi, çəkə-çəkə bey`ətə apardılar.” 

Sülh yox, Səbir və dözüm!

Bə`zi tarixçilər imam Əli ibn Əbi Talib (ə)-ın 25 il səbir edib dözdüyü vaxtda baş verən hadisələri izah edərək demişlər ki, o həzrət bu müddət ərzindədə xəlifələrlə sülh bağlamış və onlarla həmişə həmkarlıq etmişdir. Bu izah siyasətçilərin səliqəsinə görə, imam Əli (ə)-ın rəftar və davranışını ən gözəl şəkildə təhlil etsə də, onu şiə rəvayətləri təsdiqləmir. Əks halda o həzrətin qiyam və inqilabı nəticəsində İslam və müsəlmanlara bərpa olunmaz xəsarət, zərbə dəyər, ümmət arasında ixtilaf və təfriqə düşər, nəhayət, o həzrət hətta günün yarısı qədər belə, onların hökumətinə dözə bilməzdi. Buna əsasən, Əli ibn Əbi Talib (ə)-ı dövrün hökmdarlarının rəftarı müqabilində səbir və dözümə vadar edən şey məhz, inqilabı şəraitin mövcud olmaması idi. Bunun isə əsas amilləri aşağıdakılardan ibarətdir:
1. Müsəlmanlar arasında ixtilaf və təfriqənin yaranmasından qorxmaq;
2. Qüreyş tayfasının İmama qarşı həsəd, ədavət və kin-küdurət bəsləməsi;
3. Xalqın cahillik təfəkkürləri;
4. Xalq tərəfindən İmamın hökumətinə dözümsüzlük hissi;
5. Səhabələrin azlığı.

Redaktor: Nəcəf