İMAM RZANIN (Ə) MƏDİNƏDƏN MƏRVƏ TARİXİ SƏFƏRİ
Tarixi sənədlərdə İmamın səfərinin ilkin şəraiti barəsində məlu- matlar yoxdur. Səfərin xırdalıqlarına gəldikdə isə onun müqəd- diməsində toxunulmamış bir sıra qaranlıq məqamlar vardır. Lakin mövcud sənədləri mütaliə etməklə belə bir həqiqət üzə çıxır ki, Mərv və Mədinə arasında gedən yazışmalar, İmamın Mərvə doğru səfəri xilafətin təkidi və ciddi təzyiqi altında, özü də xüsusi şəraitdə baş vermişdir. Bəzi tarixi mənbələrdə deyilir: Məmun hökuməti ələ aldıq- dan sonra İmam Rzaya (ə) məktub göndərərək onu Xorasana dəvət edir. İmam isə Mərvə getməkdən imtina edir, lakin Məmun imama dalbadal dəvətnamələr göndərməklə ondan əl çəkməyəcəyini bildirir.
Bundan əlavə, Məmun dəvətnamələrin ardınca öz məmurları Rəca bin Əbi Zəhhak və Yasər Xadimi Mədinəyə göndərir. Onlar Mədinəyə daxil olduqdan sonra İmamın yanına gedərək ona səfərlərinin səbəbini, yəni onun Xorasana aparılmasını bildirirlər (Tuslu kişi, səh 395). Onlar imama "Məmun bizə fərman verərək tapşırıb ki, səni Xorasana aparaq" deyirlər.
İmam Əli bin Musa (ə) xəlifələrin mənfi xasiyyətlərini yaxşı bilirdi və nə qədər ağır və acınacaqlı olsa da atasının uzun müddət zindanlarda olmasını xatırlayırdı. Onu da bilirdi ki, qardaş qatili olan Məmunun onu Mərvə çağırmağı müqəddəs hədəf güdmür. Bu səbəbdən də imamın səfərə hazırlaşması prosesi elə tərzə müşahidə olunurdu ki, onun bu səfərdən narazılığı açıq-aşkar bilinirdi. Belə ki, bir sıra rəvayətlərdə deyildiyi kimi, imam bəzi yaxınlarına özünün bu səfərdə şəhid olacağı barədə xəbər vermişdi. Peyğəmbərin (s) qəbri ilə vidalaşan zaman uca səslə ağlayaraq bu səfərdən narazı olduğunu bildirmişdi (Üyune-əxbare ər-Rza, c 2, səh 218).
Peyğəmbərin (s) qəbri ilə vidalaşma
İmam Xorasan səfərinin qaçılmaz olduğunu gördükdə bir neçə dəfə peyğəmbərin qəbrinin yanına gələrək vidalaşma zamanı bu səfərdən narazı olmasını müəyyən bir tərzdə ifadə etdirdi. Bununla başqalarına da o, bu səfərə məcburiyyət qarşısında getdiyini bəyan edirdi.
Bu olayları yaxından müşahidə edən ravilərdən biri öz müşahidələrini belə nəql edir: Məmunun göndərdiyi adamlar Mədinəyə daxil olduqları vaxt mən də Mədinədə idim. İmam Peyğəmbərin (s) qəbri ilə vidalaşmaq üçün Peyğəmbər məscidinə daxil oldu. İmam ağlayan halda bir neçə dəfə Peyğəmbər (s) və onun pak qəbri ilə vidalaşdı. İrəli gedərək İmama salam verdim. O, həzrət salamımı aldı. Bu zaman İmamı bu səfər münasibətilə təbrik etdim. Ancaq o, həzrət buyurdu: Məni tək buraxın. Mən babamın yanından gedib qürbət ölkədə dünyadan köçəcəyəm!
İmam Mədinəni tərk edərkən öz yaxınlarını bir yerə yığıb dedi: Mənim üçün ağlayın, çünki bir daha Mədinəyə qayıtmayacağam (Dəlailül-imamə, səh 176.). İmamın bu səfərdən narazı olmasının dəlillərdən biri də səfər zamanı gediləcək yolların xəlifə tərəfindən təyin edilməsi idi. Belə ki, səfər zamanı imam bəzi yerlərdən gizlicə aparılmalı idi (Tarixe-Beyhəqi, səh 171). Eləcə də Qum və Kufə şəhərlərinə daxil olmaq qadağan olunmuşdu (Üsuli-Kafi, c 1, səh 489). Ancaq, əgər İmam öz istəyi ilə bu səfərə getsəydi, Məmunun nigarançılığına və onun yolunu bu şəhərlərdən uzaq salmasına heç bir əsas olmayacaqdı.
Bəzi tarixi mənbələrdən əldə olunan məlumatlara əsasən İmam bu səfərdə tək olmamışdır. Belə ki, bir qrup Ələvi də onunla birlikdə Mədinədən Xorasana aparılmışdır. Məmun Ələvilərdən bir dəstəni Mədinədən Mərvə gətirtdi ki, onun yanında qalsınlar. Əli bin Musa Rza (ə) da onların arasında idi (İrşade-Mufid, c 2, səh 250).
"Əlam əl-vəra" kitabında da bu məzmunda məlumat yazılır: Məmun öz məmurlarını Mədinəyə göndərdi ki, bir qrup Ələvini onun yanına gətirsinlər və İmam Rza (ə) da onların arasında idi (Əlamül-Ərva, səh 320).
İmamın hicrət zamanı keçdiyi yollar
Hicazdan İraqa tərəf hərəkət edən karvanlar istər Məkkədən olsun, istərsə də Mədinədən, "Gümüş mədəni" adlanan yerdə bir- birinə çatırdılar. Oradan isə Bəsrəyə və ya Kufəyə doğru gedirdilər. Bir çox tarixi faktlar göstərir ki, İmam buradan Bəsrəyə getmişdir. Onun (ə) Məkkəyə, oradan isə Bəsrəyə getməsi inandırıcı fakt deyildir (Kəşfül-ğimmə, c 3, səh 215).
İmamın Mədinədən Xorasana səfəri elə planlaşdırılmışdı ki, Ələvilərin və şiələrin hər hansı əks hərəkətindən uzaq olsun. Buna görə də İmamın karvanı Məmunun əmri ilə Kufəyə daxil olmadan şəhərdən uzaq məsafədən keçdi (Üyune-əxbare ər-Rza, c 2, səh 149).
İmamın Bəsrəyə gəlməsi
İmam Qadisiyyədən keçməklə Bəsrəyə (Qadisiyyə ikinci xəlifənin hakimiyyəti dövründə Bəsrədən öncə bünövrəsi müsəlmanlar tərəfində qoyulan şəghərdir. Mücəmül-Büldan, c 1, səh 630) daxil oldu. Əldə olunan müxtəlif sənədlərə əsasən Bəsrədə vəziyyət xəlifənin xeyrinə idi (əl-Bida vət-tarix, c 5, səh 59). Təbii ki, Xəlifənin İmamın yolunu Bəsrədən salması təbliğat xarakteri daşıyırdı. Belə ki, Məmun bundan öz xeyrinə istifadə etmək istəyirdi. Bəsrədən sonra İmam su və ya quru yolu ilə Xuzistana daxil olaraq bir neçə gün Əhvazda qalır. İndiyə qədər orada İmamın o yerlərdən keçməsinin tarixi nişanələri qalmaqdadır (İmam tərəfindən bünövrəsi qoyulan məscidi buna misal olaraq göstərmək olar. Mücəmül- Buldan, c 1, səh 285).
Səfərin bura qədər olan hissəsi tarixi qaynaqlarda qeyd olunmuşdur və həmçinin səfərin son hissəsi yəni Nişapurdan Mərvə qədər olan hissə də tarixi mənbələrdə əks olunmuşdur. Lakin Əhvazdan Nişapura qədər olan hissə haqqında bir o qədər də dəqiq məlumatlar yoxdur. İmamın bu yolu barədə müxtəlif mülahizələr vardır ki, onlardan bəzilərini aşağıda qeyd edirik:
• Bəsrə-Əhvaz-Fars-İsfahan-dağlıq ərazidən keçərək Ahuvan dağı- Nişapur (Mətləuş-şəms, c 2, səh 710).
• Əhvaz-İsfahan-Yəzd-Təbəs-Nişapur (Yenə orada)
• Əhvaz-Fars-Kirman-Təbəs-Nişapur (İsbatül-vəsiyyə, səh 179)
Bu barədə başqa mülahizələr də vardır. Təbiidir ki, İmamın yol boyunca keçdiyi yerlər və kiçik şəhərlərdə görüşləri olmuşdur. Güman edilən yollarda əsas şəhərlərin adı qeyd olunsa da, kiçik şəhər və kəndlərin adına çox az rast gəlinir.
İmamın Qum şəhərinə gəlişi
Məmunun siyasətinə əsasən İmamın girişi qadağan olan şəhərlərdən biri də Qum şəhəri idi. Buna görə də İmam oradan keçməməli idi. Lakin bəzilərinin nəzərinə görə İmam Ərak yaxud da İsfahan yolundan Qum şəhərinə gəlmişdir (Fərhətül-Ğəra, səh 130-131).
Mühəddis Qumi Seyyid İbn Tavusa istinadən belə nəql edir: Həzrəti Rza (ə) Məmunun dəvəti ilə Mədinədən Bəsərəyə və Kufənin yaxınlığından keçərək Bağdad yolundan Qum şəhərinə gəlmişdir (Ənvarül-Bəhiyyə, səh 188).
Ancaq bəlli fikir budur ki, İmam İsfahandan yaxud onun yaxınlığından Təbəs və Nişapura tərəf getmişdir. Nasir Xosrov öz
Səfərnaməsində, özünün də keçdiyi məşhur İraq-Xorasan yolnun xəritəsinə işarə edərək yazır: Bu yol Bəsrədən başlayır sonra Şati Əmman, Ubullə, Abadan, Mehruban, Ərrəcan, İsfahan, Miskiyan dağları, Nayin, Gərme kəndi, Rəbate-Zibeydə, Çahardəhe-Təbəsdən keçməklə Nişapurada sona çatır (Səfərnaməye-Nasir Xosrov, səh 108).
İmamın Nişapura gəlməsi
İmamın Nişapura (Mücəmül-Büldan, c 5, səh 331-335) gəlişini bütün tarixçilər və hədisçilər təsdiq edirlər. İmamın səfərinin bu hissəsini, müsəlmanların Peyğəmbər (ə) nəvəsini qarşılama mərasimini səfərin ən təntənəli hissəsi hesab etmək olar. Peyğəmbərin dediyi "Xorasanın şəhərlərinin ən xeyirlisi Nişapurdur" (Tarixe-Nişapur, səh 66) kəlamı bu ilahi və mənəvi yığıncağa işarə ola bilər.
"Mücəmül-Büldan" əsərinin müəllifi yazır: Nişapur böyük və fəzilətli şəhərdir, çünki fazil və alim adamların yetişdiyi yerdir. Gəzdiyim şəhərlərin içində Nişapur kimisini görməmişəm (Mücəmül-Büldan, c 5, səh 331-335).
Nişapur qədim zamanlarda böyük elm və mədəniyyət mərkəzi sayılırdı, böyük elm adamları uzaq və yaxın məsafələrdən gəlib orada məskunlaşır, elmi araşdırmalarla məşğul olurdular (Tarixe-Nişapur, səh 131).
İmamın Nişapura gəlişi ilə bağlı başqa tarixçilərin yazılarına istinad edilən Hakim Nişapuri yazır: Vəlilərin sultanı, təqvalıların sübutu, peyğəmbər elminin varisi, ilahi sirr daşıyıcısı, Allahın vəlisi İmam Əli bin Musa Rza (ə) hicrətin iki yüzüncü ilində Nişapur şəhərinə gəldi və Nişapur şəhəri onun gəlişi ilə cənnət bağına döndü. Bu xəbər yayıldıqda böyük alim Şeyx Əbu Yəqub Rahuye Mərvəzi bir neçə min dostu ilə İmamı qarşılamaq üçün Mudiyyə kəndinə qədər getdilər. Deyirlər İmam öz dəvəsi üzərində olan kəcavədə idi.
İmam onu qarşılayan izdihamlı xalq kütləsinin müşayiəti ilə
Nişapura daxil oldu. Bəlaşabad yaxud Pəlasabad (Asare-tarixi-Xorasan, səh 120) adlı məntəqədə bir neçə gün qaldılar (Üyune-əxbare ər-Rza, c 2, səh 132). İmam Nişapurda qaldığı günlərin birində İmam Səccadın(ə) (Məqatilüt-talibiyyin, səh 513) nəvələrindən olan imamzadə Məhəmməd Məhruqun ziyarətinə getdi.
Hakim Nişapuri yazır: Həzrəti Rza (ə) buyurdu: Bizim ailəmizdən bir nəfər burda dəfn edilib. Onun ziyarətinə gedirəm. Sonra İmam Sultan Məhəmməd Məhruqun Təlacerddə olan ziyarətgahına gedərək o müqəddəs yeri ziyarət etdi.
İmamın Nişapurdan getməsi
Nişapurda bir neçə gün qaldıqdan sonra İmam Əli bin Musa Rza (ə) xalqın izdihamı ilə Mərvə yola düşdü. Yola salanlar arasında çoxlu sayda alimlər, o cümlədən iki nəfər məşhur hədis alimi Əbu Zərə Razi və Məhəmməd bin Əsləm Tusi də var idi. Onlar xatirə üçün İmamın öz babalarından bir hədis söyləməsini istədilər.
Əli bin İsa Ərbili bu barədə yazır: ... İki nəfər məşhur hədis alimi Əbu Zərə Razi və Məhəmməd bin Əsləm Tusi - Allah onlara rəhmət etsin - İmamın xidmətinə gedərək ona dedilər: Ey böyük şəxsiyyət! Ey imamların pak nəslinin davamçısı və pak sülalə! Ey Peyğəmbərin övladı! Səni pak əcdadlarının ruhuna and veririk ki, hicabı kənara qoyaraq bizə üz çevir və öz əcdadlarından bizə bir hədis de ki, sizdən xatirə olaraq qalsın. İmam miniyini saxladı, kəcavənin pərdəsini kənara çəkdi və elə bil günəş kimi işıq saçdı. İnsan izdihamı dəniz dalğası kimi imamın baxışları qarşısında təlatümə gəlirdi. Hamı çalışırdı ki, imama daha da yaxınlaşsın, onun əlini öpsün. Vəsf edilməz bu səhnədə qələm sahiblərinin xalqı sükuta dəvət edən uca səsləri eşidildi ki, İmamın söylədiklərini qələmə ala bilsinlər (Kəşfül-ğimmə, c 3, səh 144).
İmamla birlikdə səfərə davam
İmam Nişapurdan çıxdıqdan sonra karvan indi "Qədəmgah" adlanan yerdən keçir Mücəmül-Büldan, c 3, səh 209 (). İndiki "Qədəmgahda" türbə və onun içində qara daş üzərində iki ayaq izi var. Bu türbə Şah Abbas Səfəvinin əmri ilə hicri 1020-ci ildə tikilmişdir. Ancaq o daşın bu türbə tikilməmişdən öncə harada olduğu və bura necə gəlib çıxdığının tarixi məlum deyil. Bəziləri bu fikirdədirlər ki, onun üstündəki ayaq izləri İmam Rzanın (ə) ayaq izləridir. Lakin imamın səfər xatirəsi kimi onu daşın üzərində ayaq izlərinin yonulması da ehtimal olunur (Asare-tarixiye-Xorasan, səh 320).
İmamın Tusa gəlməsi
Müxtəlif mənbələrdən əldə olunan məlumata görə, İmam Nişapur və Tus arasında, Nişapurun on fərsəngliyində olan məsafəni qət edərkən bir neçə kəndə də baş çəkərək Nişapurun 10 fərsəngliyində yerləşən, zəngin tarixi keçmişi olan Tus şəhərinə gəlir. Bu şəhər o zaman Xorasanın böyük şəhərlərindən biri idi.
Yaqut Həməvi yazır: Tus Xorasan əyalətinin şəhərlərindən biridir, onunla Nişapur arasındakı məsafə on fərsəngdir. Bu şəhərin Tabəran və Nuqan adlanan iki kəndi var (Mücəmül-Büldan, c 4, səh 49).
Müxtəlif tarixi rəvayətlərdə İmam Rzanın keçdiyi Sənabad adlı yerin adı çəkilir. Ancaq orda qarşılama və yolasalma mərasimləri eləcə
də imamın orda qalması barədə söz açılmır.
Şeyx Səduq yazır: Sənabada daxil olduqdan sonra İmam Rza (ə) Həmid bin Qəhtəbənin evində qonaq olur. Sonra Harunun dəfn olunduğu yerə gedərək yerdə xətt çəkib buyurur: Bura mənim dəfn olunacağım yerdir. Yaxın gələcəkdə Allah buranı bizim dostlarımız və şiələrimizin toplanacağı yer edəcək. Allaha and olsun bizi ziyarət edən və bizə salam verən şəxsə Allah bizim şəfaətimiz vasitəsi ilə öz əfvini və rəhmətini vacib edəcək (Üyune-Əxbare ər-Rza, c 2, səh 132).
İmamın Sərəxsə gəlməsi
İmam Rza (ə) Tus və Sənabaddan keçdikdən sonra Sərəxsə getdi (Mücəmül-Büldan, c 4, səh 49). Burada qeyd olunası məsələlərdən biri də bu şəhərdə imama tətbiq olunan məhdudiyyətlərdir. Şeyx Səduq yazır: Əbdüssəlam bin Saleh Herəvi deyir: Sərəxsdə İmamın qaldığı mənzilə getdim. Keşikçiyə imamı görmək istədiyimi dedim. O, qəbul etmədi və dedi ki, imamı görməyin heç bir yolu yoxdur. Səbəbini soruşduqda dedi: İmam ibadətlə məşğuldur. Belə ki, ancaq günün əvvəlində, günortaya yaxın və gün batan vaxtı namazı dayandıraraq münacat edir. Ona dedim ki, belə bir zamanda görüş üçün icazə alsın. Bundan sonra imamın yanına getdim və o, namaz qıldığı yerdə əyləşmişdi (Üyune-əxbare ər-Rza, c 2, səh 132).
Düzdür bu rəvayətdə imama qarşı məhdudiyyətlərin olması qeyd edilir, ancaq aydın deyil ki, bu məhdudiyyət vəliəhdlikdən əvvəl olub ya sonra!
Əgər İmam üçün məhdudiyyət var idisə bu onun ikinci səfərində yəni Mərvdən Sərəxsə gəlişi zamanı tətbiq olunub, çünki, o zaman vəziyyət tamamilə dəyişmişdi. Sarayın tanınmış simalarından olan Fəzl bin Səhl Sərəxsdə bu siyasi dəyişikliyin qurbanı olaraq qətlə yetirildi. Qısa fasilədən sonra isə İmam Rza (ə) da şəhadət şərbətini içdi.
Əlbəttə İmamın Sərəxsə birinci səfəri zamanı da onunla görüşlərə, yanına olan gediş-gəlişlərə məhdudiyyət qoyulması ehtimal olunur. Ancaq bu məhdudiyyətlər ev dustağı kimi deyil, görüşlərin kontrolda saxlanılması, insanlarla əlaqənin kəsilməsi kimi tətbiq olunardı. Çünki, hökumət bununla Nişapurda baş verən təntənəli qarşılama mərasiminin, eləcə də insanların Əhli-beytə bağlılıq və məhəbbətini nümayiş etdirməsi kimi hadisələrin qarşısını almaq istəyirdi. Bu məhdudiyyətlər o dərəcədə olmuşdur ki, ravi onu "həbs" adlan- dırmışdır.
İmamın Mərvə gəlməsi
Beləliklə Həzrət İmam Rza (ə) təxminən dörd aylıq səfərdən sonra, müxtəlif yerlərdən keçərək hicri qəməri təqvimi ilə 201-ci ilin birinci yarısında Məmun hökumətinin paytaxtı Mərv şəhərinə daxil oldu (Üyune-əxbare ər-Rza, c 2, səh 132).
Mərvin coğrafi mövqeyi və siyasi vəziyyəti
Ümumilikdə Xorasan tarix boyu ərazi baxımdan İranın ən böyük əyaləti olub. Buna görə də onu "İranın şərqi" adlandırırdılar. Keçmişdə Xorasan indikindən daha böyük olmuşdur.
Bütün Xorasanda iki şəhər Nişapur və Mərv xüsusi əhəmiyyətə malik olmuşlar (Möcəmül-Buldan, c 5, səh 112). Mərv şəhərinin əhəmiyyəti üçüncü əsrdən, yəni Tahirilər hakimiyyətə gəldikdən sonra azalmağa başladı. Qədim Xorasan vilayəti ərazisində Mərv adında iki şəhər vardı. Biri böyük Mərv, digəri isə kiçik Mərv adlanan bu şəhərlər arasındakı məsafə beş günlük yol idi. Şahcan adlanan böyük Mərv hökumət mərkəzi idi və Darul-imarə adlanırdı
Tarixi mənbələrin yazdığına görə Mərv islam tarixinin ilk illərində müsəlman əsgərlər tərəfindən fəth olunmuş, getdikcə abadlaşmış və xüsusi mövqeyə malik olmuşdur. Xüsusilə hicri qəməri tarixi ilə ikinci əsrdən etibarən mərkəzə çevrilmişdir. Bu barədə ibn Huqəl yazır: O zaman Mərv Xorasan əyalətinin mərkəzi, İslam xilafətinin paytaxtı və islam ordusunun mərkəzi qərargahı idi...və Bəni Abbas hökuməti də bu regionda meydana gəlmişdi (Surətül-Ərz, səh 363-364).
Bu şəhərdə baş verən mühüm hadisələrindən biri də h.q tarixinin 201-ci ilinin birinci yarısında İmam Əli bin Musa ər-Rzanın (ə) bu şəhərə gəlməsi olmuşdur.
İmamın Mərvə daxil olarkən Peyğəmbər (s) və onun pak ailəsinin (ə) aşiqləri təsəvvür olunmayan tərzdə onun pişvazına çıxmışdılar. Mərv o günə qədər belə şadlıq və həyəcan görməmişdi. İmamı qarşılamaq üçün şəhər kənarına çıxmış izdihamlı xalq kütləsi arasında dəvə üstə irəliləyən o həzrət çox əzəmətli və heyrətləndirici bir mənzərə yaratmışdır. İmam sıx insan sıraları arasından keçərək hökumət evinin yanında onun üçün əvvəlcədən hazırlanmış mənzilə getdi (İrşade-Mufid, c 2, səh 250).
Bir neçə gün keçdi. Abdullah Məmun özünü xalis ev yiyəsi kimi göstərir və həmişə imama böyük ehtiram göstərirdi. Xalq da dəstə- dəstə imamla görüşə gəlirdilər. Beləcə həyat öz axını ilə davam edir, Məmun isə əvvəlcədən hazırladığı plan əsasında istədiyi nəticəyə çatırdı.
Redaktor: Nəcəf