İmam Hüseyn (ə)-ın ziyarətinin fəziləti
Mərhum Məclisi özünün “Biharul-ənvar” kitabının “Məzar” bölmündə bir rəvayət nəql edir ki,məzmunu İmam Hüseyn (ə)-ın ziyarətinin onu sevənlərə vacib olduğu anlamına gəlir.
İmam Sadiq (ə) buyurur : “Hüseyn (ə)-ın qəbrinin torpağı hər dərdin dərmanıdır.”
Məclisi (r.ə)-nın “Töhfətüz-zair” kitabındakı bir hədisdə deyilir ki,İmam Rza (ə) buyurdu : “İstənilən torpağı yemək leş və qan yemək kimi haramdır,yalnız İmam Hüseyn (ə)-ın türbətindən başqa.O,hər bir dərdin dərmanıdır !”
Əllamə Məclisi “Biharul-ənvar” kitabının 23-cü cildinin “Məzar”bölümündə imam Hüseyn (ə)-ın türbətinin fəziləti və onunla müalicə olunma barəsində 80-ə qədər hədis nəql etmişdir.İbn Qovləveyh,Kuleyni və Seyyid ibn Tavus Müaviyyə ibn Vəhəb Bəcli Kufidən nəql edirlər ki,bir gün İmam Sadiq (ə)-ın yanına getdim.Həzrət ibadətə məşğul idi.Ondan bir neçə nurlu cümlə eşitdim.Onlardan biri belə idi : “Allahım ! Məni,qardaşlarımı və babam Hüseyn ibn Əli (ə)-ın qəbrini ziyarət edənləri bağışla.Rəhm et o,üzlərə (zəvvarların üzlərinə) ki,günəşin istiliyi onları dəyişdirmişdir.Allahım ! Rəhm et o yanaqlara ki,atam Əba Əbdillah (ə)-ın qəbrinin başına fırlanırlar.”
İmam Sadiq (ə)-dan rəvayət edilir ki,İmam Hüseyn (ə)-ı ziyarət etmək istədikdə,üç gün oruc tut,üçüncü gün ziyarət qüslu al,ailəni bir yerətoplayıb vida duasını oxu.Sonra təvazökar halda,acqarına və ətşan dodaqlarla o,Həzrəti ziyarət et,yolda ləziz yeməklər yeməkdən çəkin.
İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə dedi : “Atalarınızın qəbirlərini ziyarətə getdiyinizdə qəmgin halda gedirsiniz,İmam Hüseyn (ə)-ın ziyarətinə gedəndə isə özünüzlə süfrə də götürürsünüz,halbuki,gərək bu ziyarətə saçı dağınıq və üstü torpaqlı gedəsiniz.Ona görə ki,rahat şəkildə səfərə çıxanlar İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etməyə piyada yollananlara təkəbbürlük etməməlidirlər.”
Hədislərdə tövsiyə edilir ki,zəvvarlar yolda bir-birinə kömək etsinlər.Zəiflərin qolundan tutsunlar,mal və yeməklərini ehtiyacı olanların arasında bölsünlər,yolda qalanlara ən yaxşı şəkildə yardım etsinlər.
İmam Hüseyn (ə)-ı ziyarət etməyin formasını bəyan edən hədislərdən belə anlaşılır ki,bu ziyarətdə elə şeylərə riayət etmək lazımdır ki,digər məsumların ziyarətində həmin şeylərə riayət etmək önəmli deyil.Ona görə də,peyğəmbər (s),Bəqidə dəfn olunan dörd imam,İraq və İranda dəfn olunan digər məsumların ziyarətinin formalarını bəyan edən hədislərdə yuxarıda sadalanan tövsiyələrin heç biri yer almır.Həmin tövsiyələr müstəhəb əməllər olsalar da,bir əxlaqi məsələlərdir və Həzrətin Aşura hərəkatından qaynaqlanır.Çünki İmam Hüseyn (ə) Mədinədən Məkkəyə,Məkkədən İraqa və Kərbəlaya qədər olan yolu bir sıra müsibət və müşküllərə dözməklə qət etmiş,özü,silahdaşları,övladları və qardaşları qarnı ac,ətşan dodaqlarla şəhid olmuşlar.Həzrətin şəhadətindən sonra ailə üzvləri əsir edilmişdir.Ona görə də,Həzrəti ziyarət etməyin forması onun şəhadətilə həmahəng olmalıdır.İmam Hüseyn (ə)-ın sadiq davamçıları bu ziyarət səfərində o,Həzrətə varid olmuş müsibət və müşküllər okeanından bir damla dadmalı,qubarlı bir ürəklə İmam Hüseyn (ə) kimi bir məşuqun görüşünə getməlidirlər.
Necə Ziyarət edək?
Yunis ibn Zəbyan İmam Sadiq (ə)-dan nəql edir ki,İmam Hüseyn (ə)-ı ziyarət etmək istədikdə Fərat çayında qüsl et,təmiz paltar geyin və asta-asta qədəm at.Çünki sən Allahın və onun Rəsulunun hərəmindəsən.
Qüsl babında 30-a qədər hədis varid olub ki,İmam Hüseyn (ə)-ı ziyarət etmək istəyərkən əvvəlcə qüsl etmək çox fəzilətli bir əməldir.
Məclisi (r.ə) “Biharul-ənvar” ziyarətlər bölümündə ziyarətin formasını bəyan edərkən Səffan Cəmmaldan nəql edir ki,İmam Sadiq (ə) buyurdu : “İmam Hüseyn(ə)-ı ziyarət etməyə hazırlaşdıqda ziyarətgahın qırağında dayan,qəbr olan tərəfə bax,sonra içəri daxil olub Həzrətin baş tərəfində dayan.Ziyarətini başa vurub çıxmaq istədikdə Əliəkbər (ə)-ın ayaq tərəfində olan qapıdan çıx.Sonra o biri şəhidləri ziyarət et və axırda Əbəlfəzl-Abbas (ə)-ın ziyarətinə gedib “Səqifə”qapısıyla üzbəüz dayanaraq Həzrətə salam ver !”
Redaktor: Nəcəf