İmam Kazım (ə)-ın həyatına qısa bir baxış
Əbd Saleh kimi tanınan Əbul-Həsən Musa ibn Cəfər (ə) hicrətin 128-ci ili səfər ayının 7-də bazar günü sübh çağı,Məkkə ilə Mədinə şəhəri arasında yerləşən Əbva kəndində dünyaya göz açmış, 183-cü ilin rəcəb ayının 25-də 55 yaşında Səndi ibn Şahik həbsxanasında vəfat etmişdir. Anasının adı Həmidə Bərbəriyyə olmuşdur.Künyəsi Əbu İbrahim,Əbu-Həsən,Əbu Əlidir.Əbd Saleh kimi məhşurlaşıb.Həzrət öz qəzəbini boğduğuna görə “Kazim” (qəzəbini boğan) ləqəbi ilə ləqəbləndirilmişdir.İmam Sadiq (ə) neçə yerdə öz oğlunun imamlığını bəyan etmişdir.
İmam Kazim (ə)-ın imamətinin bəyan edilməsi
Musa Seyqəl Müfəzzəl ibn Əmrdən rəvayət edir ki,İmam Sadiq (ə)-ın yanında idim.Əbu İbrahim (İmam Kazim (ə) ) kiçik idi, evə daxil oldu.İmam Sadiq (ə) mənə dedi : “Bu uşaq barəsindəki tövsiyələrimi qəbul et,onun məqamına diqqətli ol.Onun imamlığını əshabımızdan sirr saxlayan və etimadlı olanlara izah et !”
Atası İmam Sadiq (ə) tərəfindən 12 yerdə onun imamlığını açıqlayan rəvayət varid olub.
Həzrətin imamətliyindən bəzi nişanələr
Muhəmməd ibn Qovləveyh Huşam ibn Salimdən nəql edir : “İmam Sadiq (ə)-ın vəfatından sonra mən və Muhəmməd ibn Nöman Mədinədə idik.Bəziləri Əbdullah ibn Cəfərin imamlığı üzərində mübahisə edirdilər.Xeyli camaat yığışmışdı.Biz Əbdullaha zəkatın bəzi hökmləri barəsində suallar verdik,amma səhv cavablar eşitdik.Əbdullahın evindən çıxdıq,amma sərgərdan qalmışdıq ki,kimə pənah gətirməliyik? Mədinənin küçəsinin başındaəyləşdik,ağladıq,öz-özümüzə dedik ki, kimə tərəf gedək-Mürciələrə,ya Qədəriyyəyə,ya Mötəzilə və ya Zeydiyyəyə tərəf?!
Həmin halda ikən gördük ki,bir qoca kişi bizə sarı gəlir.Dostlar onun Mənsur Dəvaniqinin casusu zənn edib oradan uzaqlaşdılar.Amma mən özümdə cürət tapıb ona yaxınlaşdım.Salamlaşandan sonra əlimi tutub Mədinənin küçələrini keçib,İmam Kazim (ə)-ın evinin qapısına çatdıq.Həzrətin gözü mənə sataşdı.Və ilk olaraq sözə başladı.
-Nə Mürciəyə tərəf,nə Mötəzilə,nə də ki,Zeydiyyəyə tərəf get,bəlkə mənim tərəfimə gəl !
Mən soruşdum:
-İmam Sadiq (ə)-dan sonra imam sizsiniz?
-Allah istəsə,səni hidayət edər.
-Sizin də imamınız varmı?
-Xeyr.
Anladım ki,imam özüdür.Bu halda İmamın heybət və əzəməti qəlbimə yatdı.Sanki o,Allahdan başqa heçnə tanımırdı.Çoxlu suallar soruşdum,hamısına da cavab aldım.Onu ilahi elmlər dəryası kimi gördüm.Həzrətin yanından çıxıb bu xəbəri Əbu Bəsir,Zürarə kimi etimadlı şəxslərə çatdırdım.Onlar da imamın yanına getdilər.
İmam kazim (ə)-ın möcüzələrindən
Əbdullah ibn İdris Sənandan rəvayət edir : “Bir gün Harun ər-Rəşid öz vəziri Əli ibn Yəqtin üçün ona hörmət xatirinə libaslar göndərdi.Libasların içində sultanlar üçün hazırlanan qara rəngdə və qızılla naxışlanmış bir köynək də vardı.Əli ibn Yəqtin İmam Kazim (ə)-ı çox sevdiyinə görə o qiymətli köynəyi və öz malının xumsunu Həzrət üçün göndərdi.İmam (ə) köynəkdən başqa bütün hədiyyələri qəbul etdi və qasidə dedi : “Əli ibn Yəqtinə deyərsən ki,bu köynəyi saxlasın,yaxın zamanda bir hadisə baş verəcək ki,o köynəyə ehtiyac duyacaq.”
Bir neçə gün keçəndən sonra Əli ibn Yəqtin nökərini yaxından uzaqlaşdırdı.Nökər Əli ibn Yəqtinin İmama məhəbbəti olduğunu bilirdi.harunun yanına getdi.Şikayət etdi ki,sizin verdiyiniz o qiymətli köynəyi Əli ibn Yəqtin öz imamı üçün göndərib.Harun tez vəzirini çağırıb dedi : “Əgər o köynək səndə olmasa,səni öldürəcəyəm !” Əli ibn Yəqtin dedi : “Köynək sandığın içindədir.”
Hökm etdilər,köynək gətirildi.Harun köynəyi gördükdə nökərə şallaq vurulmasını əmr etdi.O,şallağın altında can verdi.”
İmam Kazim (ə)-ın ibadəti
Şeyx Müfid (r.ə) özünün “İrşad” kitabında yazır : “İmam Kazim (ə) öz zəmanəsinin ən çox ibadət edən bəndəsi olmuşdur.Gecə namazlarını sübh namazlarına bitişdirir,gün çıxana qədər təqibatlar və zikrləri ilə məşğul olur,uzun səcdələr edirdi.Həzrətin dualarından biri belə idi:
“Allahım ! Ölüm zamanı rahatlığı,haqq-hesab zamanı bağışlamağını səndən istəyirəm.Sənin bəndənin günahı çoxdur,gərək sənin də əfvin çox olsun!”
İmam Kazim (ə) gecələr fəqirlərə yemək aparır,əlində olan pul,qızıl və gümüşü onların arasında bölürdü.”
İmam Kazim (ə)-ın helmi və bir əxlaqi dəyəri
Həsən ibn Muhəmməd rəvayət edir : “Bir kişi Mədinədə İmam Kazım (ə)-a əziyyət verirdi.İmamın dostları dedilər ki,o kişinin Əli (ə)-ı söydüyünə və sənə əziyyət verdiyinə görə icazə ver onu öldürək.Həzrət buna etiraz etdi.
Bir gün İmam Kazim (ə) həmin kişinin işlədiyi torpaq sahəsinə getdi.Həzrət miniyə suvar halda sahəyə daxil olduğu üçün o kişi narahat oldu ki,əkini zay olacaq.İmam minikdən yerə düşüb onun yanında əyləşdi,kişinin qəlbini alandan sonra dedi :
-Bu əkin üçün nə qədər sərmayə xərcləmisən?
O,cavab verdi :
-Yüz dinar.
-Nə qədər xeyir götürməyinə ümidin var?
-İki yüz dinar.
İmam (ə) ona üç yüz dinar verdi və əkinin də onun olduğunu bildirdi.O,şəxs ayağa qalxaraq həzrəti öpdü,keçmişdəki pis hərəkətlərindən üzr-xahlıq etdi.
Həmin günün səhəri o kişi məsciddə dostları ilə əyləşmişdi.İmam (ə) içəri daxil olduqda o şəxs dedi : “Allah bilir ki,öz risalətini hansı ailədə qərar verir !”
Dostlar narahat oldular və dedilər ki,indiyəcən onu pisləyirdin,indi isə onu tərif edirsən?!
O,şəxs həmin hadisəni onlara danışdı.Həzrət evə qayıtdıqda o kişini öldürməyi məsləhət bilən adamlara dedi : “Hansı daha yaxşıdır? Öldürmək və ya gözəl əxlaqi davranış?! Mən bu İslami davranışla hamınızı onun şərindən xilas etdim.”
Redaktor: Nəcəf