Baş səhifə
İMAM ƏLİYYƏN NƏQİ (Ə) | Baxış: 572 | Tarix: 2013.07.05

 

İMAM ƏLİYYƏN NƏQİ (Ə)

İmamın şəxsiyyəti: Adı: Әli

Ləqəbi: Hadi və Nəqi

Künyəsi: Әbülhəsən

Atası: Həzrət İmam Məhəmməd Təqi (ə)

Təvəllüdü: Hicri 214-cü il

İmamlıq müddəti: 34 il

Ömrü: 40 il

Şəhadəti: 254-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid edildi.

Məzarı: İraq, Samirra şəhəri.

Təvəllüdü: Hadi ləqəbi ilə məşhur olan imam Әliyyən-Nəqi əleyhissalam 212-ci hicri-qəməri ilinin Zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bir məntəqədə dünyaya gəldi. Atası İmam Cavad (ə), anası isə təqvalı və fəzilətli bir kəniz olan Səmanə xanım idi. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Necə ki Mütəvəkkil İmamı Mədinədən Samirraya gətirdi və İmam ömrünün axırına qədər orada qaldı.

İmamın əxlaqı: Həzrət Hadi (ə) zöhd və təqva baxımından misilsiz idi. Misal üçün, Mütəvəkkilin məmurları onun evinə basqın etdikdə onu sadə bir otaqda ibadət halında görmüşdülər. O, Quranı çox sevər, xalqın işini sahmana saldıqdan sonra həmişə Quran oxuyardı. Camaatla xoş və gülərüzlə rəftar edər, ahəstə addımlarla yeriyərdi. Yoxsulların vəziyyəti ilə maraqlanar və bəzən otuz min dinara qədər pulu dar gündə olan yoxsullara bağışlayardı. Belə ki bir gün Mütəvəkkil tərəfindən həzrətə göndərilən 30 min dinarın hamısını yoxsul bir ərəbə bağışladı. Mütəvəkkilin anası İmam Hadinin zöhd və imanına heyran olmuşdu. Bir gün ayağı yaralanmış Mütəvəkkili həkimlər sağalda bilmədikdə Mütəvəkkilin anası Fəth ibni Xaqanı o Həzrətin evinə göndərdi ki, İmamdan dərman alıb gətirsin. Həzrətin göndərdiyi dərman Mütəvəkkili sağaltdı. Bütün həkimlər bu işə mat qalmışdılar. Anasının təşəkkür üçün göndərdiyi min dinarın hamısını həzrət yoxsullar arasında payladı.

İmamın yoxsullara etdiyi köməkliklər: Bir gün rəssam Yunus qorxa-qorxa İmamın hüzuruna gəlib belə dedi: Ey Peyğəmbərin övladı! Mən öldürülmək ərəfəsindəyəm. Məndən sonra siz ailəmə yetişin. Həzrət (ə) əhvalatı soruşduqda o, belə izah etdi: Abbasilərin adamlarından biri mənə bir qaş-daş verib ki, üstünə rəsm çəkim. Lakin qaş-daşın üstündə işləyərkən yarı bölündü. Sabah qaş-daşı geri almaq üçün gələcəklər, əgər əhvalatı bilsələr məni öldürəcəklər. İmam (ə) başını aşağı salıb, belə buyurdu: «Sənin haqqında dua etdim. Arxayın ola bilərsən ki, onlar daha sənə heç bir ziyan yetirməyəcək. Әksinə, bu iş sənin xeyrinə qurtaracaq.» Sabahısı gün Yunus məmurlardan biri ilə ayaqları titrəyə-titrəyə həmin kişinin evinə getdi. Çox keçmədən evin yiyəsi gəlib ona dedi: Ey Yunus! Qaş-daşın üstünə bir rəsm çəkəcəkdin. Lakin qaş-daşın üstündə mənim iki qızım arasında ixtilaf vardır. Әgər mümkündürsə, onu iki böl və hər birinin üstündə ayrı-ayrı naxış sal. Bu iş üçün sənə ayrıca bir mükafat da verəcəyəm. Yunus: «icazə verin bu barədə bir az fikirləşim» - deyə oradan çıxdı və sevincək İmamın hüzuruna gələrək ona etdiyi bu yaxşılıq üçün təşəkkür etdi.

İmamın elmi məqamı: Həzrət Hadi əleyhisslamın elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq onu yaradılış sirrindən xəbərdar edirdi. Onun elmi haqqında bir neçə örnəyi burada qeyd edirik: 1. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik. Abbasi xəlifəsi bütün alimləri toplayaraq bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə İmam Hadi əleyhissalamı da dəvət edərək həmin məsələni ondan da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz bir neçə dəfə namazda oxuduğu «Həmd» surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək bütün alimləri heyrətdə qoydu. İmamın verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi. 2. Məmun və ondan sonrakı xəlifələrin zamanında məşhur alimlərdən sayılan Yəhya ibni Әksəm məktub vasitəsilə Həzrət İmam Hadi əleyhissalamdan bir neçə məsələ soruşdu. İmam (ə) da onların hamısının cavabını verdi. Yəhyanın məsələləri və İmamın cavabları aşağıdakılardan ibarət idi: a) Süleyman Səba məlikəsi Bilqeysin taxtını istədikdə onun vəziri olan Asif Bərxiya belə dedi: Mən onun taxtını bir göz qırpımında bura gətirərəm. Nə üçün Süleymanın özü bu işi görmədi? Məgər onun özü bu işi bacarmırdımı?

Cavab: Asif nə edirdisə Süleyman tərəfindən görürdü. Bildiklərinin hamısını da ondan öyrənmişdi. Süleyman bu işin sirrini bilirdi, amma öz canişinini xalqa tanıtdırmaq və onun məqamını xalqa bildirmək üçün bu işi onun öhdəsinə qoymuşdu. b) Quranın dediyinə görə Yəqub övladları ilə birlikdə oğlu Yusifi görmək üçün Kənan diyarına gəldikdə onların hamısı Yusifin qarşısında səcdə etdilər. Nə üçün Yəqub kimi bir peyğəmbər Yusifin qarşısında səcdə etmişdir?

Cavab: Bu səcdə Yusif üçün deyildi. O, oğlunun sağ olduğuna görə Allaha şükr səcdəsi etmişdi. Eynilə mələklərin Həzrət Adəm (ə) qarşısında etdikləri səcdə kimi; mələklər də Adəmə deyil, yaratdığına görə Allaha səcdə etmişdilər. v) Әgər Quranın dediyi kimi «yeyəcəklər və içəcəklər» ləzzət üçündürsə, onda nəyə görə Adəmin üzüm yeməsi qadağan olundu və cənnətdən qovuldu?

Cavab: Çünki Allah-Taala Adəmi sınamaq üçün ona əmr etdi. Lakin o, əmrə tabe olmadı və cənnətdən qovuldu. q) Nə üçün Әli (ə) Cəməl müharibəsində əmr etdi ki, yalnız döyüşçüləri təqib edin, qaçanları, silahsızları və yaralıları öldürməyin; lakin Siffeyn müharibəsində isə əmr etdi ki, onlardan hər birini, istər silahlı, istər silahsız, istər yaralı, istər sağ, gördüyünüz zaman öldürün. Bu iki əmrin fərqli olmasının səbəbi nə imiş?

Cavab: Çünki Cəməl müharibəsində İslamla İslam, aldanmış müsəlmanlarla müsəlmanlar bir-birilə döyüşürdülər. Lakin Siffeyn müharibəsi isə küfr ilə İslamın, zahirdə müsəlman olan kafirlərlə həqiqi müsəlmanların müharibəsi idi.

Başqa bir gün isə Yəhya ibni Әksəm Abbasi xəlifəsinin məclisində olan alimlərin hamısına belə bir sual verdi:

«Həzrət Adəm həccə gedib Allahın evini ziyarət edəndə kim onun başını qırxdı?»

Heç kim bu sualın cavabını verə bilmədi. İmam Hadi əleyhissalamdan soruşduqda o Həzrət belə buyurdu: «Allahın mələyi Cəbrail». Yəhya İmamın verdiyi cavablarından ləzzət alıb hamının qabağında İmam Hadi əleyhissalamın yüksək elmi məqam sahibi olduğunu etiraf etdi.

İmamın şəhadəti: Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra İmam (ə) yenə də əzab-əziyyət içində yaşadı və nəhayət 40 yaşında ikən Mötəzin əli ilə şəhid olduqdan sonra Samirrada torpağa tapşırıldı.

İmamın tələbləri: İmamın güclü nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm çeşməsinin aşiqlərindən bir dəstə İmamla gizli şəkildə əlaqə saxlayıb o çeşmədən bacardıqları qədər istifadə edirdilər. Həmin səhabələrdən bəziləri bunlardan ibarətdir:

1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pəhrizkarlığı ilə şöhrət qazanan Әbdüləzim Həsəni. İmam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: «Bir məsələ ilə qarşılaşdığınız zaman, Әbdüləzimdən soruşun və mənim salamımı ona yetirin». Bir dəfə Әbdüləzim öz etiqadlarını İmama bəyan etdikdə İmam (ə) buyurdu: «Allaha and olsun ki, bu, Allah-Taalanın öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır.» İmamın nəslindən olan Әbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi Həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.

2. Həzrət Rza (ə), Həzrət Cavad (ə) və Həzrət Hadinin əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibni Səid Әhvazi. O, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Әhvaza, oradan da Quma gəldi və Qumda da vəfat etdi. O, fiqh və İslam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edirdilər. Rəhmətlik Məclisi və Әllamə onun məqamını yüksək qiymətləndirmişlər.

3. Bilikli fəqih və bacarıqlı bir natiq Fəzl ibni Şazan Nişaburi. Həmişə İmamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də İmam Hadi əleyhisslamın dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cild olmuşdu. O, İmam Hadidən sonra İmam Həsən Әskərinin əshabından oldu və bir gün İmamın məclisinə daxil olduqda o Həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və İmam Әskərinin (ə) zamanında vəfat etdi.

İmamdan qısa kəlamlar:

1. Hər kəs Allahın pənahında yaşasa, dünya narahatlıqları ona asan olar.

2. Hər kəs utanmadan günah edib həya pərdəsini yırtsa, Allah onu zəlil və biçarə edər.

3. Hər kəs işlərində başqaları ilə məsləhətləşməsə, zərər edər.

4. Dünya bir bazar kimidir ki, bəziləri ondan mənfəət, bəziləri isə ziyan aparır.

5. Lağlağı və istehza etmək ağılsızların əyləncəsidir.

Redaktor: Nəcəf