Baş səhifə
CƏMKƏRAN MƏSCİDİ | Baxış: 650 | Tarix: 2013.07.04

 

CƏMKƏRAN MƏSCİDİ

 

Cəmkəran məscidinin tikilməsinə verilən fərmanın tarixi 293-cü hicri qəməri ili (1129-cu il) ramazanın 17-nə təsadüf edir. Şeyx Səduqun müasiri olan "Qum tarixi" kitabının müəllifi Həsən ibn Muhəmməd ibn Həsən Qumi həzrət Məhdi Sahib əz-Zamanın (ə) göstərişi ilə Cəmkəran məscidinin inşasını Şeyx Səduqun "Munis ül-həzin fi-mərifəti-l-həqq əl-yəqin" adlı əsərlərindən belə nəql edir: Həsən ibn Müslə Cəmkərani deyir: "293-cü il (h.q) ramazan ayının 17-də, çərşənbə axşamı öz evimdə yatmışdım. Gecə yarısı idi.

Birdən bir qrup evimə gəldilər və məni yuxudan oyatdılar və dedilər: Qalx və həzrət Məhdi Sahib əz-Zamanın (ə) əmrini yerinə yetir ki, səni tələb edir." Həsən ibn Müslə deyir: "Qalxdım və hazırlaşdım və yola düşdüm. Evimin qapısına yaxınlaşanda böyüklərdən bir qrupunu gördüm. Salam verdim. Salamımın cavabını verdilər, xoşgəldin dedilər və məni indi Cəmkəran məscidinin yerləşdiyi yerə apardılar. Baxdım, gördüm ki, orada, üzərinə gözəl bir xalça salınmış və yaxşı balışlar qoyulmuş bir taxt qoyulmuşdu.

Təqribən otuz yaşlı bir cavan taxtın üstündə balışlara söykənmiş, əlindəki kitabı onun üçün oxuyan bir qoca da onun yanında əyləşmişdir. Bəzilərinin libası ağ, digərlərinin libası yaşıl olan altmış nəfərdən çox adam həmən cavanın ətrafında namaz qılırdılar. Həzrət Xızr (ə) olan həmən qoca məni taxtın üstündə oturtdu və həzrət imam Məhdi (ə) məni öz adım ilə çağırdı və buyurdu: " Get, Həsən ibn Müslümə de ki, sən neçə ildir bu torpağı abadlaşdırırsan və biz dağıdırıq. Beş ildir əkinçilik edirsən, bu il yenidən əkinçiliyə başlamısan. Bu torpaqdan qazandığın bütün xeyri qaytarmalısan ki, həmən yerdə (əkinçilikdən alınan gəlirlə) məscid tiksinlər. Həsən ibn Müslümə de ki, bura şərif bir torpaqdır. Allah-Təala bu məkanı digər yerlərdən ayırıb dəyərləndirmişdir. Sən oranı tutub öz torpağına birləşdirmisən. Allah iki cavan oğlunu səndən aldı, hələ də ayılmadın. Əgər bu işdən uzaqlaşmasan, Allah sənin güman edə biləcəyin qədər bəla göndərər." Həsən ibn Müslə ərz etdi: "Ey mənim mövlam! Bir əlamət və ya nişanəni mənim ixtiyarıma verməlisən.

Çünki adamlar mənim sözümü əlamət və nişanəsiz qəbul etməzlər." İmam Məhdi (ə) buyurdu: "Seyyid Əbülhəsənin yanına get və ona de ki, qalxsın və gəlsin və o kişi (Həsən ibn Müslimi) gətirsin, neçə illik mənfəəti ondan alsın və başqalarına versin ki, məscid binasının tikintisinə sərf etsinlər. Qalan pulları mülkümüz olan Ərdəhalda yerləşən Rəhəqdən gətirsin və məscidin inşasını bitirsin. Rəhəqin yarısını bu məscid üçün vəqf etdik ki, illik gəlirini əldə etsin və məscidin tikilişinə sərf olunsun. Adamlara de! Bu yeri sevsinlər və onu əziz tutsunlar və orada dörd rəkət namaz qılsınlar. İki rəkəti məscidin mübarəkliyi, qalan iki rəkəti imam Sahib əz-Zaman (ə) üçün qılsınlar. Məscid üçün qılınan namazın hər rəkətində bir dəfə əl-Həmd, yeddi dəfə قل هوالله احد yeddi dəfə rüku və sücudu oxusunlar. İmam Zamanın (ə) namazında Həmd surəsinin إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ ayəsinə çatanda onu yüz dəfə oxusunlar, ikinci rəkətdə də həmən yolla yerinə yetirsinlər, rüku və sücudun təsbihini hər iki rəkətdə yeddi dəfə oxusunlar. Namazdan sonra bir dəfə təhlil (لا اله الا الله) desinlər. Sonra Fatime-yi Zəhranın (ə) təsbihini desinlər, daha sonra başlarını səcdəyə qoyub yüz dəfə peyğəmbər və ailəsinə salavat göndərsinlər." فمن صلاهما فكانما صلي في البيت العتيق "Kim bu iki rəkəti (ya bu iki namazı) qılsa, sanki onu Kəbə evində qılmışdır." Həsən ibn Müslə deyir: "Öz ürəyimdə dedim: "Sən buranı adi yer bilirsən, bura Sahib əz-Zamanın (ə) məscididir." Sonra o həzrət mənə işarə etdi ki, get. Bir qədər yol getmişdim ki, yenidən məni səslədi və buyurdu: "Cəfər Kaşaninin (çoban) sürüsündə bir keçi var ki, onu almalısan. Əgər adamlar pulunu versələr, onların pulu ilə al, əgər verməsələr, pulunu özün ödə. Sabah axşam (yəni çərşənbə axşamı) o keçini gətir və bu yerdə (məscidin kənarında) başını kəs. O keçininin ətini ramazan ayının 18-i ağır xəstəliyi olan xəstələr arasında bölüşdür ki, Allah-Təala hamısına şəfa versin. O keçi ala-buladır, çoxlü tükləri vardır, bir tərəfində hər biri dirhəm ölçüsündə yeddi ağ-qara nişanı, digər tərəfində dörd nişanı vardır." Həsən ibn Müslə deyir, hərəkət etdim. Bir daha həzrət Məhdi (ə) məni səslədi və buyurdu: "Yetmiş (ya yeddi) gün burada sakin ol." Həsən ibn Müslə deyir:

"Evimə qayıtdım və bütün gecəni səhərə qədər fikirlə keçirtdim. Namazdan sonra Əli ibn Münzərin yanına getdim, gecənin hadisəsini onun üçün danışdım. Sonra onunla həmən məscidin yerinə getdik. O dedi: " Allaha and olsun ki, imamın (ə) buyurduğu nişanə burada qoyulmuşdur." Baxdıq gördük ki, məscidin hüdudları mıxlar və zəncirlərlə müəyyən olunmuşdur. Sonra Əli ibn Münzərlə Seyyid Əbülhəsənin yanına getdik. Evinə çatanda xidmətçiləri dedilər: "Siz Cəmkərandan gəlirsiniz?" Dedik: "Bəli." Dedilər: "Seyyid Əbülhəsən dan yeri söküləndən sizi gözləyir." Həsən ibn Müslə deyir: "Seyyid Əbülhəsənin evinə daxil oldum və salam verdim. Məni xoşüzlə qarşıladı və yaxşı bir yerdə oturtdu, bir söz deməmişdim ki, o, sözə başladı və belə dedi: Ey Həsən ibn Müslə! Mən yatmışdım. Yuxu aləmində bir şəxs mənə dedi: Səhər Həsən ibn Müslə adlı bir şəxs Cəmkərandan yanına gələcək.

Onun dediyinə inan və sözlərini təsdiq et ki, sözü bizim sözümüzdür, əsla sözünü rədd etmə. Yuxudan oyanıb bu saata qədər səni gözləyirəm." Həsən ibn Müslə macəranı aydın şəkildə Seyyid Əbülhəsənə danışdı. Seyyid Əbülhəsən Rizayi göstəriş verdi. Atları cilovlayıb süvar oldular və Cəmkərana tərəf yola düşdülər. Cəmkəranın yaxınlığında çoban Cəfəri gördülər ki, sürüsü yolun kənarında otluqdadır. Həsən ibn Müslə sürünün ortasına getdi, imam (ə) buyurduğu o keçini gördü ki, sürünün arxasından ona tərəf qaçdı. Həsən o keçini tutdu və pulunu ödəmək istədi, çoban Cəfər dedi:

"Allaha and olsun ki, bu keçini mən indiyə qədər görməmişəm." Nə qədər etdim, pulunu götürmədi. Sonra o keçini təyin olunan yerə gətirdilər və orada başını kəsdilər. Seyyid Əbülhəsən məscidin ətrafındakı mıx və çubuqları Quma gətirib evində saxladı. Ağır xəstəliyi olan xəstələr gəlib özlərini o zəncirlərə sürtürdülər və şəfa tapırdılar. Qumda yaşayan Seyyid Əbülhəsən vəfat edəndən sonra övladı bərk xəstələndi, otağa daxil oldu, sandıqların qapağını açdı ki, özünü mıxlara və zəncirlərə sürtsün ki, şəfa tapsın, onları tapmadı.

Redaktor: Nəcəf