Baş səhifə
İmam Muhəmməd Təqinin (ə) münazirəsi | Baxış: 843 | Tarix: 2013.06.29

 

İmam Muhəmməd Təqinin (ə) münazirəsi

Bildiyimiz kimi İmam Cavad (ə) kiçik yaşlarında ikən imamət məqamına çatmış ilk imam olduğu üçün, bir sıra münazirələrdə olmuşdur. Bu münazirələrdən bəziləri çox gur, həyəcanlı və maraqlı olmuşdur. Münazirələrin  əsl səbəbi, yaşı kiçik olduğu üçün imam olmasının hələ bir çox şiələrə tam mənasıyla sübut olmaması idi. (Əlbəttə şiə böyükləri və alimlərinin bu barədə heç bir şübhələri yox idi). Buna görə də, İmam Cavadın (ə) imamətliyinə tam əmin olmaq və onu bəzi sınaqlardan keçirtmək üçün  həzrətə (ə) müxtəlif suallar verirdilər.

Digər tərəfdən, o zaman "Mötəzilə" məzhəbi güclənmiş, bu inanca mənsub olanlar, güclərinin son həddinə çatmış, zamanın hökuməti də, maddi, mənəvi bütün imkanlarından istifadə edərək, qarşı məzhəblərə zərbə endirmək və onları zəiflətməkdən ötrü heç bir fürsəti qaçırmırdılar. Bildiyimiz kimi bu məzhəb, məhdud və səhvə yol verə bilən ağla güvənməkdə ifrat edirdi. Mötəzilə əqidəsinin müdafiəçiləri, bütün dini əmr və mövzuları ağılla ölçür, ağıllarının açıqca təsdiq etdiyini qəbul, təsdiq etmədiyini isə rədd edirdilər. Uşaq yaşda ümmətin imamlığını boynuna götürmək onların  ağılıyla uyğun gəlmədiyi üçün, çox kompleks və çətin suallar hazırlayıb   elmi rəqabət aparıb İmam Cavadı (ə)  məğlub edə biləcəklərini sanırdılar.
Lakin bu münazirələrin hamısında İmam Cavad (ə), imamət elmi işığında verdiyi qəti və işıqlandırıcı cavablarla, imamlığı ilə bağlı  bütün şübhə və tərəddüdləri ortadan qaldırır, onun imamlığını və imaməti qəbul etmə məsələsinin zəruri olduğunu daha da möhkəmləndirirdi. Məhz buna görə də özündən sonra İmam Hadinin  (o da kiçik yaşda imam olmuşdu) imaməti dövründə bu mövzuda bir problem çıxmamışdı. Çünki yaşın kiçik vaxtlarında imamətə gəlməyin bu ilahi mövqelə ziddiyyət təşkil etmədiyi hər kəsə sübut olmuşdu.
Yəhya ibn Əlavəysəmlə münazirə 
Məmun Tusdan Bağdada gəlincə bir məktub yazaraq, İmam Cavadı (ə) Bağdada dəvət etdi. Əlbəttə bu dəvət də İmam Rzanın (ə) Tusa dəvət edilməsi kimi  görünüş etibarilə bir dəvət, həqiqətdə məcburi bir səfər idi.
İmam Cavad (ə) bu dəvəti qəbul etdi. Bağdada gəlişindən bir neçə gün sonra Məmun, İmamı (ə) saraya dəvət edib qızı Ummul-Fəzl ilə evlənməsini təklif etdi.
İmamın (ə), bu təklifi qarşısında susduğunu görən Məmun, bu sükutu İmamın razılıq əlaməti kimi şərh edərək  toy tədarükü görməyi əmr etdi.
Məmun,  toy şənliyi qurmaq istəyirdi. Amma bu xəbərin yayılması Abbasi oğulları arasında partlayış təsiri yaratmışdı. Abbasi oğulları bir araya gəlib etirazlarını bu cümlələrlə dilə gətirdilər:” Bu necə bir plandır, Əli ibn Musanın (ə) ölümüylə xəlifəlik Abbasilərə keçdiyi halda onu yenidən Əli (ə) oğullarına verməkmi istəyirsən?! Bil ki, bizlər bunun baş tutmasına icazə verməyəcəyik. Məgər aramızdakı köhnəlmiş düşmənliyi unutmusanmı? 
Məmun dedi: Nə demək istəyirsiniz? 
Dedilər: bu bir uşaqdır elm, agahlıq nə olduğunu bilmir. 
Məmun: siz bu ailənin kiçiklərini də tanımırsınız, böyüklərini də. Onlar böyük bir elmə sahibdirlər. Sözümə inanmırsınızsa, onu sınayın. Ən elmli adamnızı gətirin bununla mübahisə etsin, sözümün doğruluğunu görərsiniz.
Abbasilər, elm adamları arasından zamanın ən məşhur, bütün elm sahələrində  mütəxəssis olan, şöhrəti dillərdə gəzən baş qazilik vəzifəsndə işləyən Yəhya ibn Əlavəysəmi seçdilər. Məmun, İmam Cavadın (ə) elmi dərəcəsini yoxlamaq üçün yığıncaq keçirtdi.
Yığıncaqda Yəhya, Məmuna üzünü tuataraq dedi: 
- Bu gəncdən bir şey soruşmağıma icazə verərsinizmi? 
Məmun: Onun özündən icazə al. 
Yəhya, İmam Cavaddan (ə) icazə istədikdə İmam (ə) “nə istəyirsənsə soruşa bilərsən” -deyə buyurdu. 
Yəhya: (Həccdə) Ehram halında olarkən   heyvan ovlayan şəxs haqqında nə deyərsiniz?-
İmam (ə): Bu şəxs  Hilldə, ( Hərəm sərhədindən xaricdə) yoxsa hərəmdə ov etmiş? Ehram halında ikən, ovlanmanın haram olduğunu bilirdimi ya bilmirdimi? Bilərəkdənmi öldürmüş, səhvənmi? Həddi buluğa çatmışdır, yoxsa yox? İlk dəfəmi bunu edir ya ikinci dəfəmi? Ovu uçanlardan idi, ya uçmayanlardan? Öldürdüyü kiçik heyvanlardan idi,  ya böyük heyvanlardan? Bu işi bir daha etməkdən  çəkinmir, yoxsa peşimandır? Gecəmi ovlamış, gündüzmü? Ümrə ehramında idi, yoxsa həcc ehramında? 
Əlavəysəm oğlu Yəhya, İmam Cavadın (ə) bu qədər mövzular açıqlamasına heyran qalmış, üzündə acizlik əlamətləri ortaya çıxmış, kəkələməyə başlamışdı. Məclisdə olanlar Yəhyanın, həzrətin qarşısında məlumatsız qaldığını çox gözəl anlamışlar.
Sonra yaxın adamlarına tərəf üzünü tutaraq dedi: “İndi qəbul etmədiyinizi tanıdınızmı?” 
Məmun: Afərin ey Əbu Cəfər! Allah sənə yaxşılıq əta etsin! Əlavəysəm oğulu Yaqubun sizdən soruşduğu kimi sizin də, ondan bir şey soruşmanız yaxşı olar. Bu vaxt Əbu Cəfər (ə), Yəhyaya “soruşummu?”-deyə buyurdu. Yəhya dedi:” Sizə qurban olum səlahiyyət sizdədir, bilsəm cavab verərəm, bilməsəm sizdən öyrənərəm.”
İmam Cavad dedi (ə):” Bu kişinin necə kişi olduğunu açıqla: Səhər bir qadına baxır, bu baxış haramdır, günəş çıxanda qadın ona halal olur, günorta vaxtı yenə ona haram olur, əsr vaxtı halal olur, günəş batınca təkrar haram olur, şam zamanı yenidən halal olur, gecə yarısında haram olur, dan yeri söküləndə yenidən halal olur, bu necə baş verir?”
Yəhya dedi:” Yox, and içirəm ki, bu məsələnin cavabını bilmirəm. Qadının halal və haram olma məsələsinin baş vermə  səbəbini də bilmirəm, məsləhət bilirsinizsə bu məsələnin cavabından bizi də məlumatlandırın.”
İmam Cavad (ə):” Bu qadın, bir kişinin nökəri idi. Səhər yad bir kişi ona baxır, bu baxış haramdır. Günəş çıxanda o kişi nökəri sahibindən satın alır və ona halal olur. Günorta qadını azad edir, beləcə qadın o kişiyə haram olur. Əsr olanda qadını nikahına götürür halalı olur, günəş batdığı zaman "zihar" edir və o qadın o kişiyə haram olur  (zihar, bir kişinin arvadına sənin arxan mənim üçün anamın və ya qardaşımın və ya qızımın arxası kimidir, deməsidir. Beləcə  ziharla qadın kişiyə haram olar kəffarəsini verdikdın sonra isə halal olar. Cahiliyyət dövründə zihar bir növ boşanma və əbədi olaraq haram sayılardı. Amma İslam bu hökmü dəyişdirdi). Şam zamanı kişi zihar kəffarəsini ödəyəndən sonra qadın ona yenidən halal olur. Gecə yarısı onu boşayır və qadın yenidən haram olur, dan yeri söküləndə boşamağı geri götürür və bu şəklidə qadın o kişiyə yenidən halal olur. 
 
İstifadə olunan mənbələr:
“Biharul-Ənvar”, Məclisi, C. 50, S. 75-76 - əl-İmamul-Cavad 
S. Q. Qəzvini, S. 168-172,  “əl-İrşad” 
Təbərsi, “İsbatul-Vəsiyyət”, S. 345 
Məsudi, “əl-İxtisas”,  S-216  
Məclisi, eyni kitab, S. 77-78
Şeyx Müfid, “əl-İxtisas”-,S. 100

Təbərsi, eyni kitab, S. 247

Redaktor: Nəcəf