Baş səhifə
İmam Baqirin (ə) cavabları | Baxış: 981 | Tarix: 2013.06.29

 

İmam Baqirin (ə) cavabları

Sual 1. Niyə sizin hədislərinizə qulaq asmalıyıq?

Bu sual həmişə verilən suallardandır. Niyə minbər və məclislərdə Quran və Əhli-beyt (ə) hədislərindən istifadə olunur? Bu sual təkcə keçmişə aid deyil, bugünkü gündə də bəzilərinin, xüsusən qərbli və qərbpərəst alimlərin ortaya qoyduğu məsələlərdəndir. 
Cavab: İmam Baqir (ə) bunun cavabında buyurur: “Həqiqətən bizim sözlərimiz qəlbləri dirildir”. 
Ürək dedikdə məqsəd cismi ürəklər deyil, insanın ruhudur. Çünki ruh, mənəvi qidaların çatışmazlığı üzündən və ya günah nəticəsində gücdən düşür.
Sual 2. Sizin həqiqi şiəniz kimdir?
Çoxları sizin şiəniz olduğunu iddia edir. Görəsən, sizin nəzərinizdə həqiqi şiələriniz kimlərdir? 
Cavab: İmam Baqir (ə) buyurur: “Bizim şiələrimiz təqvalı olan (Allahdan qorxan), Allaha itaət edən, yalnız təvazökarlığı, əmanətə vəfası və çox zikr deməsilə tanınanlardır”.
Başqa bir hədisdə İmam (ə) buyurur: “Bizim şiələrimiz üç dəstədir: pul qazanmaq üçün bizi vasitə edənlər, şüşə kimi olanlar (həm tez sınan və həm də bütün sirlərini aşkar edənlər), qızıl kimi olanlar. Sonuncunu nə qədər alova yaxınlaşdırsan, bir o qədər gözəlliyi artar (din yolunda nə qədər əziyyət görsələr, daha dözümlü və muqavimətli olarlar)”.
Sual 3. İnsan kamilliyinin ən üstünü nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Bütün kamal dini dərindən başa düşməkdə, çətinliklərə dözməkdə və həyatda həddini qorumaqdadır”.
Sual 4. Allah-taalanın dünyada insana nazil etdiyi ən böyük əzabı nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Heç bir bəndə qəlbin daşlanmasından daha böyük bir əzaba düçar olmadı”.
Yəqinlə demək olar ki, imam qəlbin günahdan sağlamlığını nəzərdə tutur. Çünki insanın maddi sağlamlığı yalnız bu dünyasına aiddir, mənəvi sağlamlığı isə həm bu dünyasına, həm də o dünyasına.
Qəlbin ölməsinə səbəb olan günahlardan biri təkəbbürlülükdür. İmam Baqir (ə) buyurur: “Təkəbbür insanın qəlbinə daxil olmazdan öncə, onun ağlı, edəcəyi təkəbbür qədərində azalır”.
Bu hədisdə də göründüyü kimi təkəbbür ağılsızllıq ucbatından edilən bir işdir, çünki insan Allah-taalanın qarşısında çox kiçik bir məxluq olduğu halda, təkəbbür edir; sanki qul öz ağasının qarşısında öyünür.
Sual 5. İbadətin ən üstün dərəcəsi nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Allah-taala Tur dağında Musa (ə) ilə danışarkən buyurdu: “Qövmünə çatdır ki, mənə yaxınlaşmaq üçün heç bir şey mənim qorxumdan ağlamaq kimi və mənə ibadət edənlərin heç bir ibadəti haramlardan çəkinmək kimi qiymətli deyil”.
Bu hədisdə Allah-taala insana günün qızmarında oruc tutmağı və yaxud gecə yatmayıb ibadət etməyi, insanın həyatında qarşılaşdığı haram işlərdən və günahlardan çəkinmək qədər əhəmiyyətli hesab etmir. Əlbəttə, o əməllər üçün böyük savablar deyilib, amma günahlardan çəkinməklə müqayisə edəndə, günahlardan çəkinmək ondan üstündür. Başqa bir misalla desək, insan, bəzi dadlı qidaları yeməsə, həyatı üçün təhlükə yaranmaz, amma əgər azacıq zəhər içsə, bütün həyatı məhv olar.
Sual 6. İnsanın günahlardan və bəlalardan qurtulmasının çıxış yolu nədir?
Cavab: İmam Baqir (ə) Sədə yazdığı məktubda bu işin nicat yolunu qeyd edib belə buyurur: “Həqiqətən Allah-taala təqva vasitəsi ilə insanı bəladan qoruyur, təqva vasitəsi ilə onun korluğunu və nadanlığını aradan qaldırır, təqva vasitəsi ilə Nuh və ətrafında olanlar nicat tapdılar, təqva vasitəsi ilə səbir edib dözənlər nicat tapdılar. 
Bu hədisdə İmam Baqir (ə) o işlərin nicat yolunu təqva kimi tanıtdırır, yəni əgər insan Allahdan qorxsa, günah etməz və başına da bəla gəlməz. Bəs bu işi necə edək? Cavabı çətin deyil, məsələn, insan polisdən qorxduğu üçün heç vaxt onun qarşısında cinayət işlətməz, çünki cəzalanacağını bilir, gərək insan da bir az ağlını işə salıb itaətsizliklərin heç vaxt qarşılıqsız qalmayacağını düşünsün və Allah-taalanın qarşısında günah etməkdən həya etsin.
Sual 7. Elmi artırmanın yolu nədir?
Cavab: İmam baqir (ə) buyurur: “Kim bildiyinə əməl etsə, Allah-taala bilmədiyini ona öyrədər”.
Bu hədis bizə başa salır ki, din elmi yalnız oxumaqla ələ gəlməz, bundan mühümü oxuduğuna əməl etməkdir. Quran ayəsi də buna işarə edir: “Təqvalı olun, (Allah-Taala) sizə elm öyrədər”. Allah taala hər şeyə qadirdir. O, yazmaq və oxumaq bilməyən Peyğəmbərə (s) yerin və göyün sirrini öyrətdi. Bəzən insan bu məsələləri unudur və ömrünü yalnız oxumağa sərf edir, amma nə üçün oxuduğunu bilmir.
Sual 8. Allah-Taala yanında ən sevimli əməl nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Allah-Taala yanında davamlı olan əməldən daha sevimlisi yoxdur; az olsa belə”.
Bu hədisdən məlum olur ki, ən sevimli əməl ildə bir dəfə və çox geniş surətdə yerinə yetirilən yox, bütün il boyu az-az yerinə yetirilən əməldir. Məsələn, bəziləri ramazanda Quranı xətm edirlər, amma ilin başqa vaxtlarında heç Quranın evin harasında olduğunu da bilmirlər, yalnız ramazandan ramazana Quran oxuyurlar. Bu əməlin qarşısında insan əgər hər gün bir səhifə, yaxud bir neçə ayə oxusa, o əməlindən xeyirlidir, çünki insan bütün il boyu Quranla ünsiyyətdə olur. 

Deyəcəksiniz ki, bir Quran xətm etmək hara, hər gün beş ayə oxumaq hara?! Mən də cavabında deyirəm ki, bir daşın üzərinə bir dəfəyə 1000 litr su töksəniz, daşa heç bir təsir etməz, amma ona bir il ərzində damcı-damcı su töküslə, təsirini özünüz görərsiniz. Atalar yaxşı deyib: “Dama-dama göl olar”.

Redaktor: Nəcəf