Baş səhifə
İmam Həsən Müctəba (ə) | Baxış: 383 | Tarix: 2013.06.29

 

 

İmam Həsən Müctəba (ə)

 Fatimə Zəhranın (s.ə.) pak vücudundan dünyaya gələn və Kövsərin ilk təcəssümü və əlaməti olan şəxs İmam Həsən Müctəbadır (ə).

   O həzrət hicri qəməri təqviminin müqəddəs aylarından olan, Ramazan ayının on beşi dünyaya göz açdı [1].
İmam Həsən (ə) anası Zəhranın ağuşunda böyüdü. O, uşaqlıq çağından güclü istedada malik idi. Güclü hafizəsilə Peyğəmbərə (s) nazil olan ayələri eşidir və hamısını əzbərləyirdi. Evə qayıtdıqda isə, anasına deyirdi. Həzrət Fatimə Zəhra (s.ə.) da o ayələri və Peyğəmbərin (s) kəlamlarını İmam Əliyə (ə) deyirdi. İmam Əli (ə) təəccüblə soruşurdu:
   -Bu ayələri necə eşitdin?
   Xanım Zəhra (s.ə.) deyirdi:
   -İmam Həsəndən (ə) eşitdim [2]!
   İmam Həsən (ə) bərəkətli həyatı boyu daima insanların hidayəti və onlara yol göstərməkdə çalışırdı. Ümumi insanlarla, hətta düşmənlərilə elə gözəl rəftar edirdi ki, hamını özünə cəlb edirdi.
   İmam Həsənin (ə) diqqəti cəlb edən yüksək əxlaqlarından biri də, o həzrətin misilsiz infaq və bəxşişləri idi.
   Tarixçilər yazmışlar: İmam Həsən (ə) iki dəfə bütün sərvətini Allah yolunda xərclədi və üç dəfə bütün sərvətini iki hissəyə bölüb, yarısını özünə saxladı, digər yarısını isə Allah yolunda infaq etdi [3].
   İmam Əli (ə) ibadət mehrabında öz qanı ilə tövhid ağacını suvardıqdan sonra, İmam Həsən (ə) hicrətin 40-cı ilində, 37 yaşında camaatdan beyət aldı və onlarla şərt kəsdi:
   -Kiminlə mən sülh etsəm, siz də sülh edin. Kiminlə mən müharibə etsəm, siz də müharibə edin!
   Camaat da bu şərti qəbul etdi [4].
   İmam Həsən (ə) Müaviyəyə məktub yazıb onu beyətə dəvət etdi. Müaviyə nəinki haqqı qəbul etməkdən boyun qaçırdı, hətta həzrətin əleyhinə sui-qəsdə belə əl atdı. O, hiylə, aldatma və tamahlandırma iləİmam Həsənin qətli üçün adamlar hazırladı. Sonda bu məzlum İmam (ə) öz evində, arvadı Cə`dənin əlilə zəhərlədildi. Bu zəhər İmam Həsənin (ə) ciyərini parçaladı. İmam Həsən (ə) Müaviyənin hiylə və fitnəsilə zəhərləndi... [5] və hicrətin 50-ci ili səfər ayının 28-i şəhadətə çatdı. İmam Həsən (ə) Bəqi qəbristanında torpağa tapşırıldı.
   [1] “Tarix əl-xüləfa”, s-73, Cəlaluddin Süyuti.
   [2] “Tərcumeye zendeqaniye İmam Həsən (ə)”, s-59, Baqir Şərif əl-Qurəşi.
   [3] “Tarixu Yə`qubi”, c-2, s-215, “Usd əl-ğabə”, c-2, s-13, “Təzkirətu sibt ibn Cəvzi”, s-196.
   [4] “Cəla əl-`uyun” s-378.
   [5] “Pişvayi dovvom”, s-28.

Redaktor: Nəcəf